Qurban Qurbanov: "Ayrılmaq istəyirdim..."

Qurban Qurbanov:
Azərbaycan millisinin və "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasından sonra jurnalistlərin sualını cavablandırıb.
 
Sport7.az xəbər verir ki, 46 yaşlı mütəxəssis həm toplantı, həm də milli ilə bağlı danışıb.


- Sizin İcraiyyə Komitəsində qalmağınızla bağlı müzakirələr oldumu? Belə söhbətlər gəzirdi ki, burdan ayrılacaqsız.

- Açığı, bu, keçən iclasda müzakirə olundu. Ayrılmaq istəyirdim, amma qalmağım tövsiyə olundu. Ona görə də belə davam edəcəm. Bu gün isə o məsələyə baxılmadı.

- Köməkçiniz Elçin Rəhmanovu Türkiyədə oynayan Ufuq Budağı izləməyə göndərmişdiz. Lakin "Samsunspor”un şərəfini qoruyan futbolçu bu dəfə meydana çıxmadı. Köməkçiniz qalıb, növbəti oyunu gözləyəcək?

- Şərt o deyil ki, biz daim onun oyununa canlı baxmalıyıq. Sadəcə, həm baxmaq, həm görüşməklə bağlı səfər idi. Onsuz da televiziya vasitəsilə bütün qarşılaşmalarına baxırıq. Ona görə ciddi problem görmürəm.

- Yəqin ki, futbolçu ilə Rəhmanov arasında görüş olub. Sirr deyilsə, yenidən milliyə dönməyə razılıq veribmi?

- O, milli komandanın üzvüdü. Bir neçə matç çıxış etmirsə, bu o demək deyil ki, artıq yığmamızın oyunçusu deyil. Getməkdə məqsəd "səni mütləq dəvət edəcəyik” demək də deyil. Çünki özü də, biz də onun yığmanın üzvü olduğunu bilirik. Toplanışa çağırdığımız futbolçuları növbəti hazırlıqda görməyə bilərsiz. Əsas məqsəd Ufuqla yaxından maraqlanmaq idi. Oynasaydı daha yaxşı olardı, amma meydana çıxmaması da problem deyildi.  (Apasport.az)

Sport7.az

Xəbər lenti