Qurban Qurbanov: "Bu turnirdə hər oyuna şəkillə çıxmağa icazə vermirlər"

Qurban Qurbanov:
Çempionlar Liqasında  ikinci təsnifat mərhələsinə yekun vurulub. 

Sport7.az xəbər verir ki, "Qarabağ” öz meydanında "Kukesi”ni 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. 

Matçdan sonra Ağdam klubunun baş məşqçisi mətbuat konfransında oyun haqda fikirlərini səsləndirib. 

"Azarkeşlərimizə təşəkkür edirəm. Nəticəni gözəlləşdirən onlar oldu. Futbolçularım necə hazırlaşmışdısa, elə də yaxşı çıxış etdilər. Rəqibə də uğurlar arzulayıram. Qarşıda 5 gün vaxtımız var. Yeni mərhələyə hazırlaşmışıq. BATE avrokuboklarda böyük təcrübəyə malikdi. Çalışacağıq ki, lazımınca hazırlaşaq", deyən mütəxəssis sözlərinə belə davam edib:

"Bu gün oyuna iki saat qalmış Daninin oynayacağı dəqiqləşdi. Səhər zədələnmişdi.Ştatlı penalti vuran odu. Hiss edirdim ki, ilk qoldan sonra bir az çəkinir, Emeqara da penaltiyə soyuqqanlı yanaşdı. Amma futbolda olan hallardı ki, bəzən penalti qaçırılır. Emeqara hələ tam formasını bərpa etməyib. Daha yaxşı olacaq".
 
Qurbanov növbəti mərhələdə qarşılaşacaqları BATE klubu haqda isə, "BATE haqda sabahdan məlumat toplayacağam. Turu keçmədən növbəti rəqib haqda düşünməməyə çalışıram. Maksimum rəqibi öyrənəcəyik", deyib.
 
"Allahverdi Bağırova bu qələbəni həsr etməkdə heç bir problem yoxdu. İlk gündən demişik ki, bu klub Qarabağ adı üçün qurulub. İlk gündən də qələbələrimizi o bölgədən olan insanlara həsr edirik. Abdolbari Gözəl də bunu həmişə deyib. Allahverdi Bağırov da bizim qəhrəmanımızdı. Amma bu turnirdə hər oyuna şəkillə çıxmağa icazə vermirlər. Amma heç kim narahat olmasın. Qəhrəmanlarımız bizim həmişə ürəyimizdədi. Bunu hamı birmənalı bilsin.
Bundan sonra da belə vacib məqamları həmişə nəzərə alacağıq. Bizim üçün o işğal olunan torpaqlarımız da, şəhidlərimiz də müqqədəsdi", deyə Qurbanov sözlərinə davam edib.
 
Heyət haqqında da danışan mütəxəssis "Qol epizodlarının qaçırılması isə hələ tam hazır olmamağımızla bağlıdı. Zamanla hər şey qaydasına düşəcək. Mahirin bu gün yaratdığı epizodlar onun əsl hücumçu keyfiyyətlərindən xəbər verirdi. Ondan çox razı qaldım. Özü üçün də vacib epizodlar idi. Oyundan sonra da ona fikrimi bildirdim ki, ruhdan düşməsin. Ona yenə də inanıram. Transfer çalışmalarımız davam edir. Yeni danışıqlar var. Hücum xəttinə də yeni futbolçular gələ bilər, mərkəz və müdafiəyə də. 
 
Hər iki qapıçımız eyni səviyyəlidi, onlar mənim üçün dəyərlidi. Hələ gələcəkdə çox oyunlar var. İkisi də meydana çıxa bilər. Hazır olmalıdılar. Rotasiyalar olacaq. 10-12 gündü ki, Ruslan Abışov sıradan çıxıb. Buna görə çox narahatam. Amma Rəşad Sadıqovla hələ söhbətim olmayıb. Millidə müdafiənin mərkəzində kimin oynayacağına qərar verməmişik. Rəşadın milliyə qayıdıb-qayıtmayacağı müzakirə olunmayıb.
Meydançanın durumu bir az pis idi. Amma mütəxəssislər çalışırlar ki, BATE ilə oyuna qədər daha da pisləşməsin.
", deyə bildirib.
 
Sport7.az

 
 

Xəbər lenti