Qurban Qurbanov: "Mxitaryanın burda olmaması hamımız üçün yaxşıdı"

Qurban Qurbanov:
"Dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq. İngiltərədə çox ciddi baş məşqçilər çalışır. Yaxşı hazırlaşmışıq. Əlavə şərhə ehtiyac yoxdu. Çalışacağıq ki, yaxşı mübarizə apararaq, istədiyimiz oyunu nümayiş etdirək”.

Sport7.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turunda evdə İngiltərənin "Arsenal” klubu qarşı keçirəcəkləri oyundan təşkil etdiyi mətbuat konfransında deyib.

Qurban Qurbanov erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlməməsinə münasibət bildirib: "İstəməzdim ki, futbol siyasətə qarışsın. Amma bəzən bunsuz mümkün deyil. Belə hallarda hər bir klub öz futbolçusunu qorumağa daha ciddi yanaşır. Əlavə problem haqda düşünmək istəmir. Bunların qarşısını alır. Biz elə bir ölkəyik ki, bura gələn futbolçular olub, normal qarşılamışıq. Amma təzyiqlər olub. Elə insanlar var ki, müharibədə öz doğmalarının, əzizlərini itiriblər. Ona görə də istər-istəməz elə futbolçulara düşmək kimi baxılır. Emosiyalarını qoruyub saxlaya bilmir. Bunun qarşısını almaq üçün bəlkə düzgün addım atıb. Bəlkə də Mxitaryanın burda olmaması hamımız üçün yaxşıdı".

Baş məşqçi rəqiblə bağlı d fikirlərini bildirib: "Onların oyununu izləmişəm. Unai Emerinin daha qol vurmağı tələb etdiyi oyunçularının açıqlamalarından da görünür. "Arsenal”ın kökü var. Nə qədər yeni məşqçi gəlsə də, onlar topla oynamağı çox xoşlayırlar. Emeri bu cür turnirlərdə çox təcrübəlidi. İşlədiyi klublarda böyük uğurlar əldə edib. Xüsusən də Avropa Liqasında. Hiss olunur ki, komandada sürətli oyunçuların sayı çoxalıb. Bu, bugünki futbolda önəmli amildir. Sabah bəzən onlara qarşı təkcə topla yox, mübarizədə diqqətli olmalıyıq. Arsen Vengerin oyunun öz gözəlliyi, Emerinin oyunun öz gözəlliyi var".
 
Sport7.az

Xəbər lenti