Qurban Qurbanov:

Qurban Qurbanov: "Yanq Boyz" maraqlı komandadı" - MÜSAHİBƏ

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Avropa Liqasının pley-off mərhələsində "Yanq Boyz”la qarşılaşacaqsınız. Rəqib barədə ilkin təəssüratlarınız necədi?
- Avrokubokun bu mərhələsində zəif rəqib olmur. Püşkatmadan dərhal sonra "Yanq Boyz” haqda kiçik araşdırma apardım. Maraqlı komandadı. Zəngin Avropa təcrübəsinə malikdilər. Həmçinin avrokuboklarda yaxşı nəticələri var. Ümumiyyətlə, püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindi. Üstəlik, bizi qarşıda "Qəbələ” ilə çətin çempionat oyun gözləyir. Həmçinin "Seltik”lə görüşü də hələ tam yaddan çıxarmamışıq. Yəni indidən yalnız "Yanq Boyz” haqda düşünmək doğru olmaz. Hazırda bütün diqqətimizi "Qəbələ” ilə matça yönəltmişik.

- "Yanq Boyz” açıq futbolu, "Qarabağ” isə topla oynamağı xoşlayır. Yəni bir-birinə tərs gələn komandalardı. Bunu sizin üçün müsbət, yoxsa mənfi hal kimi dəyərləndirmək olar?
- Bilirsiniz, elə bir komanda yoxdu ki, daim eyni sistemlə çıxış etsin. Hər komandanın alternativ sistemləri olur və bu, rəqibə görə dəyişə bilir. "Yanq Boyz” açıq futbolu xoşlaya bilər, amma bu o demək deyil ki, bütün rəqiblərə qarşı eyni cür çıxış edir. Rəqibin oyununu canlı görməmiş dəyərləndirmək çətin olur. Məncə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq. Yəni rəqibi canlı görmək başqadı. Onun əsl gücünü onda görürsən.

İlk matçın İsveçrədə keçirilməsinin cütlüyün taleyinə nə kimi təsiri ola bilər?
- Belə oyunlarda ilk görüşün səfərdə olması üstünlük sayılır. Amma bunun əksi də ola bilər. Bəzən ilk oyunun evdə keçirilməsi sənə üstünlük verir. Məsələn, evdə qolsuz heç-heç edib, səfərdə 1 qol vursan, böyük üstünlük əldə etmiş olursan. Elə "Seltik”lə oyunu misal çəkə bilərəm. Onların Şotlandiyada son dəqiqələrdə vurduqları qol cütün taleyini həll etdi. Bu üzdən də ilk matçın harda olmasının bir önəmi yoxdu.

- Sizcə, qrupa düşmək şansınız nə qədərdi?
- Mümkünsüz heç nə yoxdu. Bu, iki oyunluq mübarizədi. Hər şey ola bilər. Biz də qrupa vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Digər təmsilçimiz "Qəbələ” isə pley-offda "Panatinaikos”la qarşılaşacaq. Sizcə, "Qəbələ” bu rəqibi üstələyə bilərmi?
-  Əvvəla "Qəbələ”yə pley-offda uğurlar arzu edirəm. "Qəbələ”nin rəqibi də güclü komandadı. Roman Qriqorçukun komandası da Avrokubokda uğurlu çıxış edir və yaxşı heyəti var. Ancaq həm onların, həm də bizim şanslarımız barədə indidən konkret fikir bildirmək doğru olmaz.(apasport.az)

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR