Qurban Qurbanovun etdikləri və edə biləcəkləri - ŞƏRH

Qurban Qurbanovun etdikləri və edə biləcəkləri - ŞƏRH
Hər kəs istənilən mövzuda fikir bildirməkdə sərbəstdir. Əsas məsələ kimin nəyə haradan baxmasıdır. Bu gün fərqli mövqelərdə dayanan, məsələlərə düzgün yanaşmaq üçün yetərli bilgiyə sahib olan da, olmayan da UEFA Millətlər Liqasındakı çıxışına görə Azərbaycan millisini tənqid edir.

Kosovo ilə Bakıda, Malta ilə səfərdə heç-heçə edəndən sonra nəticəyə cavabdeh şəxsin – baş məşqçinin hədəfə çevrilməsi normaldır. Ancaq Qurban Qurbanov kimi mütəxəssisə münasibətdə barıtın çox edilməsi, baltanın kökündən vurulması kimi hallar başa düşülən deyil. AVRO-2020-yə vəsiqə qazana bilməmək belə, onun xidmətlərinə kölgə sala bilməz.

Qurban Qurbanov - Azərbaycanı tanıtmaq, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq baxımından bütün diaspora təşkilatlarımızdan daha effektli iş görüb. Məhz onun rəhbərlik etdiyi komandanın Çempionlar Liqası (ÇL) və Avropa Liqasının qrup mərhələlərinə vəsiqə qazanmasından sonra dünya çapında tanınan nüfuzlu media qurumlarının diqqəti ölkəmizə yönəlib. Ötən müddət ərzində İngiltərənin "The Sun”, "Daily Mail”, Fransanın "L’Equipe”, İtaliyanın "Corriere Dello Sport”, Almaniyanın "Bild”, İspaniyanın AS, "Marca” və onlarla bu kimi məşhur nəşrlərdə Qarabağ, bu bölgəni təmsil edən eyniadlı komanda haqqında silsilə yazılar, xəbərlər dərc olunub. Məqalələrdə "Qarabağ”ın işğal altında olan bir rayonu təmsil etməsi, Ağdamın Erməni Silahlı Qüvvələri tərəfindən zəbt edilməsindən sonra "ruhlar şəhəri”nə çevrilməsi, müharibə nəticəsində 1 milyondan çox vətəndaşımızın məcburi köçkün və qaçqın düşməsi qabardılıb.

 

Qurban Qurbanov – azarkeşlərimizə əsl qələbəni daddıran, onları buna öyrəşdirən adamdır. Bu gün Azərbaycanı təmsil edən klubun Avroliqanın qrupuna düşməsi adi hal kimi qəbul edilirsə, həmin komanda ÇL-in qrupuna vəsiqə əldə edə bilməməsinə görə qınanırsa, bunun səbəbkarı Qurbanovdur. Təxminən 10 il öncə avrokubokların qrupunda yer almaq bizim üçün xəyal idisə, indi sıradan bir hadisəyə çevrilib.

Bunu adiləşdirən onun rəhbərlik etdiyi komandadır. "Qarabağ” 2014/2015 mövsümündən başlayaraq, ardıcıl 5-ci mövsümdür ki, avrokubokların qrup mərhələsində çıxış edir. Ötən mövsüm Azərbaycan futbolu tarixində ilk dəfə ÇL-in qrupuna yüksələn Ağdam komandası indi qüvvəsini 4-cü dəfə Avroliqada sınayacaq.

Qurban Qurbanov – uğurun yalnız büdcədən asılı olmadığını göstərən mütəxəssisdir. Bəli, "Qarabağ” da ölkənin ən yaxşı maliyyə imkanlarına malik klublarından biridir. Lakin unutmayaq ki, yaxın keçmişdə "Xəzər Lənkəran” və "Bakı” kimi klublar daha böyük vəsaitə sahib idilər. Gəl ki, tanınmış baş məşqçilər və futbolçular üçün milyonlar xərcləsələr də, avrokuboklarda qapazaltıya çevrilirdilər. Özü də, əksər hallarda zəif rəqiblərə uduzmaq bir yana, heç başabaş mübarizə apara bilmirdilər.

Təsəvvür edin, ölkənin ən yaxşı büdcəsinə və möhtəşəm azarkeş ordusuna malik olan "Xəzər Lənkəran” 7 dəfə qatıldığı avrokuboklarda II təsnifat mərhələsindən o yana gedə bilməyib. Cənublular Moldovanın "Nistru”, "Olimpiya” kimi komandaları ilə bacarmayıb. "Bakı” isə 6 dəfə vəsiqə qazandığı avrokuboklarda cəmi 1 dəfə "pley-off"da oynamaq imkanı əldə edib. Əvəzində, Bakıya yalnız bir rəngli geyimlə gələn, əlacsızlıqdan oyuna "zolaqlılar”ın farm-klubu sayılan Biləcəri "Lokomotiv”inin forması ilə çıxan Sloveniya "Mura”sını keçə bilməyib.

Bütün bunların fonunda "Qarabağ” bu mövsüm Sloveniya çempionu "Olimpiya”nı və Moldovanın ən güclüsü olan "Şerif”i mübarizədən kənarlaşdıraraq, qrupa düşüb. Özü də buna Bakıda tiraspolluların qapısına rahatlıqla 3 top vurmaqla edib.


Qurban Qurbanov - Dortmund "Borussiya”sı, "Monako”, "Tottenhem”, "Çelsi”, "Atletiko”, "Roma” kimi nəhəngləri Bakıya gətirən şəxsdir. İndi isə sırada London "Arsenal”ı və "Sportinq” kimi dünya səviyyəsində tanınan klublardır. Bu komandalar avrokuboklarda "Qarabağ”a rəqib olduqları üçün Bakıya səfər ediblər və etməkdədirlər.

Halbuki yaxın keçmişdə "Atletiko” Azərbaycanla olan reklam müqaviləsi çərçivəsində, "Fənərbağça” isə dostluq münasibətləri sayəsində ölkəmizə gəlib. Məqsəd isə yoldaşlıq oyunu keçirmək olub...

Qurban Qurbanov – düzgün seçimlər etməyi bacaran birisidir. Məhz onun ətrafına işini bilən insanları toplaması sayəsində "Qarabağ” bu yerlərə gəlib. Əlbəttə, komandanın uğurlarında klub rəhbərliyin də xidmətləri danılmazdır. Onların inamı və yaratdıqları şərait baş məşqçinin yoluna işıq tutub. Ancaq nailiyyətlərdə açar rolunu Qurbanov oynab və bu missiyasını davam etdirməkdədir.

Zamanında Rəşad Sadıqov kimi yüksək keyfiyyətlərə malik futbolçunu, daha da önəmlisi liderlik xüsusiyyətlərin malik kapitanı komandasına gətirən Qurbanov əksər hallarda oyunçu seçimində yanılmayıb. Məhz onun sayəsində Reynaldo, Riçard Almeyda, Dino Ndlovu, Dani Kintana, Ansi Aqolli, İbrahim Şehiç, Miçel kimi səviyyəli futbolçular Azərbaycana gələrək, "Qarabağ”ın uğurlarında pay sahibi olublar.

İntizamsız futbolçuları sevməyən 46 yaşlı mütəxəssisin komandasında Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynov kimi oyunçular yetişərək, Azərbaycan millisinin aparıcı üzvlərinə çevriliblər.

 

***

Qurban Qurbanovun bu günə qədər etdiklərinin siyahısını daha da uzatmaq olar. Lakin bu kimi xidmətlərindən xəbərsiz olanlarda və unudanlarda aydın təsəvvür yaratmaq üçün bunlar da kifayətdir. Bir şeyi yaddan çıxarmayaq – heç bir baş məşqçi davamlı uğur qazana bilməz.

Bəli, Qurbanov Azərbaycan futbolunun dünyadakı siması, yüksək səviyyəli mütəxəssis və ən başlıcası nümunəvi insandır. Amma sehrbaz deyil. Onun əlində Azərbaycan futbolunu bir gündə ağ günə çıxaracaq sehirli çubuq yoxdur.

O, millinin baş məşqçisi olmağa razılıq verən zaman hara gəldiyini yaxşı bilirdi və bu işin məsuliyyətini dərk edirdi. Amma bu gün Azərbaycanda əsas və U-21 yığmalarında yetərincə potensiala malik futbolçu yoxdursa, uğursuz nəticələrə görə yalnız Qurbanovu və ya Rəşad Sadıqovu "topa tutmaq” düzgün deyil.

Millinin sükanı arxasına keçməsinin hələ bir ili tamam olmasa da, Qurbanov ölkə futbolunun durumunu hamımızdan yaxşı bilir. Təsadüfi deyil ki, sentyabrın 11-də U-21 yığmasının Norveçlə keçirdiyi Avropa çempionatının seçmə oyunundan sonra çox önəmli mesaj verdi: "Bu oyunlara baxdıqdan və öz oyunlarımızı keçirdikdən sonra rəqib komandaların çempionatları ilə daha çox maraqlanmağa başlamışıq. Bu gün həddən artıq böyük işlər görülməlidir. Bəlkə də çox şeyi təzədən başlamaq, uzunmüddətli layihə götürüb, onun üzərində çalışmaq lazımdır. Fikrimcə, işbirliyi həddindən artıq çox və geniş miqyaslı olmalıdır”.

Azərbaycan futbolunda görüləcək işlər həqiqətən həddindən çoxdur və bunun öhdəsindən yalnız işbirliyi sayəsində gəlmək olar. Məsələn, ilk növbədə futbol xəritəsi hazırlanmalı, daha çox futbolçu yetişən bölgələr təsbit edilməlidir. Bu gün Qəbələdə əla futbol akademiyası fəaliyyət göstərir, amma rayon əhalisinin dünyanın ən popluyar idman növünə marağı olduqca azdır. "Qəbələ”nin komfortlu stadionda "Qarabağ”la oyununa heç 2-3 min adam gəlməməsi öz yerində, bu bölgədən olan uşaqların futbolçu olma potensialı da yüksək deyil. Əvəzində, Tovuz, Gəncə, Sumqayıt kimi Azərbaycan futbolunun məbədi sayılan yerlərdə normal futbol akademiyaları yoxdur. Yəni, futbolçu yetişdirmək üçün bütün regionlara eyni gözlə baxmaq düz deyil. Potensial vəd edən şəhərlər prioritet seçilməli, buna uyğun yatırım edilməlidir.


Uşaq futbolunda təsadüfi adamlar olmamalıdır. 10 yaşlı uşağın fiziki durumunu düzgün qiymətləndirməyib, hündür baryer məşğələsi verən "mütəxəssis”lərin ayaqlarını stadiondan kəsmək lazımdır. Akademiyalarda uşaqlarla işləməyi bacaran, valideynləri də bu prosesə cəlb etməyi bacaranlar çalışmalıdır.

Futbol və təhsil vəhdət təşkil etməlidir. Uşaq idmanla məşğul olur deyə, dərslərindən kənar düşməməlidir. Çünki bazara təqdim edə biləcəyimiz məhsul – düşünən futboçudur. Cənubi Amerikadakılar genetik olaraq yüksək texnikaya, Afrikadakılar isə əla fiziki gücə malikdirlərsə, biz qafqazlılarda bunlardan heç biri yetərincə yoxdur. Ona görə də düşünən beyni olan sistem oyunçularını yetişdirməliyik. Bunun üçün isə təhsil mütləqdir.

Komandalarımız avrokubokların qrup mərhələsinə vəsiqə qazananda düşünürdük ki, tanınmış rəqiblərlə oyunlardan sonra futbolçularımız Avropa klublarının diqqətini cəlb edəcək. Amma bu, baş vermədi. Nə legionerlərimizə yaxın duran oldu, nə də yerlilərə. Çünki həmin klublar bura gələn xarici futbolçulara bizdən öncə baxıblar. Yerlilərin isə yolunu bağlayan başqa amillər var. Kimisi burada çox pul alır, kimisinin potensialı imkan vermir. Ən başlıcası isə bizim oyunçu və məşqçilərimizi Avropaya təqdim edəcək menecer yoxdur.

Artıq hazırda millidə çıxış edən yaşı 25-dən yuxarı oyunçulardan əlimizi üzməliyik. Onlara çətin ki, kimsə yaxın dursun. Futbolçunun videosunu izləyib, bir oyununa vurularaq transfer etmək dövrü çoxdan bitib. İndi "InStat” və "Wyscout” kimi proqramlarla futbolçunun nəinki hazırkı durumu ilə daha yaxşı tanış olur, hətta gələcək inkişafı barədə də düzgün proqnozlar verirlər. Bundan sonra edə biləcəyimiz əsas iş – Avropaya yeni, onların görmədiyi məhsul təqdim etməkdir.

Qurban Qurbanov bütün bu qeyd olunanları və daha artığını ən yaxşı bilən və bunun həlli üçün ən doğru layihəni təklif edəcək mütəxəssisdir. Ancaq özünün də dediyi kimi, işbirliyi həddindən artıq çox və geniş miqyaslı olmalıdır. Qurbanov isə "Qarabağ”dakı kimi açar rolunu oynayacaq şəxsdir.  (Report.az)

Xəbər lenti