Qurban Qurbanovun oğluna ölkə xaricindən təklif gəlib

Qurban Qurbanovun oğluna ölkə xaricindən təklif gəlib

"Musa Qurbanlı potensiallı futbolçudur. Onun "Qarabağ"a gəlişi mənim inadımla olub. Qurban Qurbanov buna qarşı idi, onun "Neftçi"də qalmasını istəyirdi. Mən isə klubda U-19 komandasının baş məşqçisi idim. Musanı çoxdan tanıyıram və futbolunu izləyirəm. Çox istəyirdim ki, mənim komandamda olsun. Elə oldu ki, biz Musanı transfer etdik".

Sport7.az xəbər verir ki, bu fikirləri "Report”un "Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib. Sadıqov bu keçidə problem yaratmayan "Neftçi" rəhbərliyinə təşəkkürünü bildirib: "Sağ olsunlar, güzəştə getdilər. Heç bir qarşılıqsız Musaya icazə verdilər ki, bizə keçsin. Təbii ki, burada Qurban Qurbanov faktoru var idi, ona olan hörmətdən anlaşma baş tutdu". 

Sadıqovun sözlərinə görə, Qurbanlının Ağdam təmsilçisinin əsas heyətində oynaması çox tezdir: "Musa bir-iki il U-19-da mənim rəhbərliyim altımda idi. Musanın potensialına çox inanıram və güvənirəm. Yavaş-yavaş addım olmalıdır, Musanın "Qarabağ"da bir nömrəli forvard olması çox tezdir. Gənclərin tələsdirilməməsinin tərəfdarı olmuşam. Mən özüm də bu yoldan keçmişəm. Birinci bir il "Turan"da oynadım, sonra "Neftçi"də və millidə mənə güvəniblər. Hamısı pillə-pillə, yavaş-yavaş olub".

Keçmiş kapitanın fikrincə, hücumçu mövqeyi xüsusən gənc oyunçular üçün ən çətin mövqedir: "Müdafiəçinin yanında kimsə olur və onu sığortalıya bilir, işi çox olmur. Mərkəz hücumçusundan isə "Qarabağ" kimi komandada daim nəticə gözlənilir. Musanın məsələsi həssasdır, tələsmək olmaz, hətta xarici klublardan da təklifləri olub. Biz tələsmirik, bütün gənclər kimi onun da üzərində işləyirik. Sakit formada lazım olan anda Musa rəqabətə tab gətirər. Bacararsa, meydanda şans qazanmağa başlayacaq. Bu, Qurban müəllimin fikridir".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR