"Qurban Qurbanovun "torbasını tikib" millidən uzaqlaşdırdılar" - MÜSAHİBƏ

Futboldan kənar sahələrdə çalışan tanınmış şəxslərlə müsahibələrimiz davam edir. 

Bu dəfə jurnalist Ramin Deko futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.


- Futbola marağınız nə vaxtdan yaranıb?

- Futbola marağım 1998-ci ilin Dünya Çempionatından başlayıb. 11 yaşım vardı, gecə oyunlar olurdu. Bizim kənddə o zamanlar işıqlar fasiləylə verilirdi. Səhər saat 6-dan 8-ə qədər, bir də axşam saat 8-dən 12-yəcən. Belə də birinci hissəyə baxmaq olurdu, ikinci yarıda işıqlar sönürdü. Kimin avtomobili vardısa akkumlyatoru qoşub fubola baxırdı, biz səhər ancaq hesabı xəbərlərdən bilirdik. Sonra günorta oyuna baxanlar dairə şəklində düzülənlərə matçı "şərh” edirdilər. Futbolla ilk tanışlığım belə yaranıb. 

Kənddə hamının bir komandası vardı - Braziliya. Yadımdadı finalda Fransaya uduzanda hamı ağlayırdı, təbii ki, yaşca daha böyük azarkeşlər. O zaman anlamırdıq ki, bir insan komandaya, futbolçuya görə niyə pis olmalıdı, ağlamalıdı. İllər ötdükcə özümüz o halı yaşadıq. 

Biz komandaları yox, futbolçuları sevirdik, onlara görə komanda seçirdik. Kumirimiz fenomen Ronaldo, Karlos, Rivaldo, Bebeto idi. Oven, Batistutanın azarkeşləri azda olsa var idi. 

Futbola ciddi maraq 2000-ci ildə keçirilən Avropa Çempionatında başladı. O zamandan bəri çox nadir hallarda futbol matçlarını qaçırdaram.
 


- Bəs siz hansısa komandaya görə ağlamısınız?
- Dünya və Avropa Çempionatlarında fovarit komandalarım olur. Braziliya futbolla bağlı ilk tanışlıq komandamdı deyə həmişə azarkeşlik etmişəm. Argentinaya sırf Messi amilinə görə son iki Dünya Çempionatında azarkeşlik etmişəm. İstəmişəm Leo bu kuboku da qazansın. Avropa Çempionatlarında adətən İspaniyanın qələbəsini istəyirəm. Amma dediyim kimi dünya və Avropa çempionatları mənim üçün sadəcə əyləncədi. Kimin udub-uduzmasının elə önəmi yoxdu, yalnız son iki çempionatda dediyim kimi Messi amilinə görə Argentinanın qələbəsini istəyirəm. Uşaqlıqda isə Argentinanı heç sevməzdim.
Dəyişməz bir komandam var, "Barselona”. Bu komandanın 2003-cü ildən azarkeşiyəm. "Mes Que Un Club” devizini reallıqda da əks etdirdiklərinə görə. "Barselona”nı bir futbolçuya görə sevməmişəm, ümumilikdə oyun tərzi, komandanın ənənəsi, oyunçularına verdiyi dəyərə görə azarkeşlik etmişəm. Mənim üçün futbol təkcə 11 nəfərin meydanda qaçması deyil, futbol həm də meydandan kənardadı. Hər şey kubokla, qələbəylə ölçülmür. "Barselona” futbolçularına olan hörmətə, sayğıya, rəqibi alçatmamasına, dəyərlərə sadiqliyinə görə komandamdı. O ki, qaldı ağlamaq məsələsinə, bəli olub. Katalonların oyunlarına görə çox əsəbləşmişəm, ağlamışam, 2014-cü ildə finalda Argentina uduzanda, özümü çox sıxdım, amma Messi kubokun yanında ötəndə ağladım.

- Azərbaycan futbolunun vəziyyəti gözlərinizi doldurur?
- Çox istərdim Azərbaycan milli komandasına görə də sevinim. Amma nədənsə bizə kədərlənmək nəsib olur. Düzdü, ara-sıra nəsə etməyə çalışırlar, amma sonradan hər şey məhv olur gedir. Sistem yoxdu, proqram yoxdu. Administrativ yollarla nələrisə edirlər. Hər sahədə olduğu kimi korrupsiya, rüşvətxorluq, tanışlıq futbolumuza da siraət edib. 8 komandalı bir çempionata görə necə sevinəsən? Bu duruma sadəcə ağlamaq lazımdı. Futbolun başında duranlar yəqin hər gün ağı deyirlər. "Uzaq sahillər”dən kimisə milliləşdirmək, əcnəbi məşqçini milli komandaya baş məşqçi gətirməklə iş bitmir. Uşaq futboluna diqqət ayrılmalıdı, düzgün sistem qurulmalıdı. Futbola bir iş kimi baxmaq lazımdı, ancaq pul qazanmaq yeri kimi yox. 

Qurban Qurbanov nəsə etməyə çalışdı, amma imkan vermədilər. Bütün yaş kataqoriyalar üzrə yığmanı nəzarətə götürdü, görünür bu kimlərəsə sərf etmədi, tez uzaqlaşdırdılar. "Qarabağ”ın Qurbanova verdiyi şans qədər o, milli komandanın sükanı arxasında olmalıydı. Ən azı 6-7 ildən sonra nəticə əldə ediləcəkdi. Məgər Qurban Qurbanov "Qarabağ”a gələn kimi uğur qazandı? Yox! 3-4 il avrokuboklar üçün mübarizə apardı, sonra istəyinə çatdı. 
Görünür, bizdə futbolun olması, azarkeşlərin sevinməsi üçün on illər lazımdı.
 


- Qurban Qurbanovun milliyə gəlişi ilə gedişi bilinmədi. Bu amili, əsas da onun anidən müəmmalı şəkildə gedişini necə qiymətləndirirsiniz?
- Qurban Qurbanov indiyə qədər milli komandaya gələn məşqçilər arasında AFFA-dan ən çox görəv alan adamdı. Bütün yaş kataqoriyaları nəzarətə götürdü və düz etdi. İndiki heyyətlə nəsə etmək mümkün deyildi. Qurbanovun sehrli çubuğu yox idi ki, bir ayın içərisində nəsə etsin. İllər gərək idi. Amma ona bu zamanı tanımadılar. İndiyə qədər olan məşqçilərdən nəyi pis etdi? Heç nəyi, əksinə, işinə daha məsuliyyətlə yanaşdı, "Qarabağ”dan başqa Premyer Liqanın başqa oyunlara da gedib baxdı, incələmələr apardı. Ondan əvvəlkilər nə edirdi? Ya ölkədən kənardı olurdular, ya da gəlmirdilər. Qurbanov nəsə etməyə çalışırdı, bir sözlə, imkan vermədilər. Loru dillə desək, "torbasını tikib" milli komandadan uzaqlaşdırdılar.

- Fikir vermisinizsə, Azərbaycanda istər milliyə, istər klublara gələn bir çox adlı-sanlı məşqçilər "karızması çizilərək" ölkəmizi tərk edib. Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki, Con Toşak, Mustafa Dənizli və s. Karyerasının ən pis günlərini yaşamaq istəyən Azərbaycana gəlsin...(gülür)... Elə bir bataqlıqdı ki, gələni də çəkirik öz yanımıza. Sizcə, Azərbaycan futbolunun üzərindəki bu lənət nə ilə bağlıdı? 
- Korrupsiya, rüşvətxorluq, tapşırıqla heyyətin formalaşması... siyahını uzatmaq da olar. Kim gəlirsə onun müstəqil hərəkət etməsinə imkan verilmir, gələnlərin də çoxu pula görə gəlirlər. Uğur qazanmış, futbolu güclü olan ölkələrdən təklif alanlardan kimsə bizi seçərmi, seçirmi? Təbii ki, yox. Bura təqaüdə çıxmaq üçün üz tuturlar. Bir növ istirahətə gəlirlər.

- Bir məqam da var ki, kim gəlir gəlsin, əldə olan oyunçular eynidi...
- Yeniləri üzə çıxartmaq üçün baş məşqçi işləməlidi, oyunlara getməlidi. Biz də necədi? Baş məqşçi Premyer Liqaya gəlmir. Ən yaxşı halda media bunu gündəmə edir, tənqidlərdən sonra turun mərkəzi oyununa gedir bir-iki dəfə və yenə məsələ qapanır. İkinci diviziondan söz açmaq lazım deyil. Bu üzdən həmişə eyni heyyət olur. "Yuxarı”dan gələn siyahıya bir-iki oyunçu əlavə edirlər, vəssalam.
 


- 8 komandalı "Bakı çempionatı"nda yetişən kimlər varki, üzə də çıxsın ? 
- Normal sistem olarsa 8 komandalı çempionatda da kimlərisə üzə çıxarmaq olar. Əsas odur istək olsun. Millinin baş məşqçisi nə edir? Oyunlara gedirmi? Kimsə deyə bilər ki, televizordan izləyir, bu iş deyil. Məşqçi meydanda olmalı, futbolçuları orada izləməlidi. Daim onlarla təmasda onlarla təmasa çıxmalıdı. Baxın, aprelin 6-da "Barselona” "Atketiko”yla oynayanda "Mançestr Yunayted”in baş məşqisi Sulşer Ole köməkçiləriylə birgə "Camp Nou”ya gəldi. Katalonları meydandan izlədi. Çünki dörd gün sonra "Old Traford”da Valverdenin komandasıyla qarşılaşacaq. Ole evdən də izləyə bilərdi matçı, amma özünə əziyyət verib canlı baxdı. Məşqçilik budu, əziyyət tələb edir, iş görməlisən, bizə isə gələnlər pula görə gəlir.

- O zaman Nikola Yurçeviçə elə də inamınız yoxdu...
- İndidən nəsə demək düzgün deyil. Amma Yurçeviçin də bir iş görəcəyinə şübhəm var. Hətta yaxşı olsa belə ona mane olacaqlar. Bizə, futbolun başında duranlara milli komandanın daha yaxşı olması sərf etmir. 

- Mane tördilməkdə məqsəd nədir? Əgər bu adam milliyə məşqçi olaraq gətiriblərsə, niyə də mane olular axı. Pul onsuzda qazanırlar. Heç olmasa uğur qazanmağa niyə mane törədirlər? Klubları məhv elədilər. Yaxşı... Bunu anladıq... Millinin niyə irəli getməsini istəmir bu "mehriban düşmənlər"?
- Görünür bu kimlərəsə sərf edir. Əksi olsaydı indi milli komanda, klublarımız bu vəziyyətdə olmazdı. Uşaq futbolundan tutmuş digər kataqoriyalara qədər "qara əllər” uzanır. Əgər hər şey normal olsaydı, ən azı futbolumuz indiki səviyyədən 3-4 dəfə daha yaxşı olardı. Amma ildən-ilə bizdə geriləmə olur. Deməli, nələrisə düz etmirlər, ya da kimlərəsə belə futbol gərəkdi. Baxın, "Qarabağ”ın oyunlarına. İki-üç il əvvəl daha yaxşıydı, amma indi zəifləyib. Çünki çempionat zəifləyib, futbolumuzda hər gün, hər ay eniş var, bu da Qurbanovun komandasından yan keçmir. 
 


- Hansı klubların çempionatdan gedişinə təəssüflənirsiniz? İçinizdə simpatiya duyduğunuz komanda vardı?
- Öncə "Xəzər Lənkəran”ın gedişinə təəssüflənirəm. Yevlaxın ”Karvan”ı vardı, əvvəllər yaxşı oyun sərgilədilər, sonra zəiflədilər. Ümumiyyətlə, bizdə nəyinsə inkişafı neftə bağlıdı. Neft gəlirləri olan zaman klubların sayı çox idi. 18  klubun iştirak etdiyi bir çempionat var idi, sonra neft pulları azaldıqca klublar da yavaş-yavaş yoxa çıxdı. Zamanında bu fürsətdən istifadə edib klublara müstəqillik verilsəydi, indi komandalar öz hesablarına ayaq üstə qalardılar. Amma hər şey inzibatı yolla həll olundu, daha asanına qaçıldı. İndi də bunun nəticəsidir ki, "Qarabağ”dan başqa öz hesabına yaşayan klub yoxdu. Qurbanovun komandasını ayaq üstə saxlayan Avropadakı nəticələrdi. Əgər "Qarabağ” bir-iki il Avro liqadan uzaq qalsa yenə sponsora ehtiyac duyacaq. Amma indiki halda Avro liqa hesabına pul əldə edir. Bizdə reklam bazarı, böyük azarkeş ordusu, teleyayımdan pul gəlmədiyi üçün komandanın ayaqüstə qalması üçün mütləq Avro liqada olmalıdır ki, nəsə gəlir qazansın.

- Son olaraq elə öz sahəmizdən soruşum.  İdman mətbuatının səviyyəsini necə qiymətləndirirsiniz?
- İdman mətbuatı futbolumuzdan bir az yaxşıdı. Reklam bazarı olmadığı üçün idman mediası da önə çıxa bilmir. Əksər idman jurnalistləri səfərlərə klublarla gedir. Bu maraqların toqquşmasıdı, həmin jurnalistin, işlədiyi media qurumunun müstəqilliyini, şəffaflığını şübhə altına alır. Reklamlar da klublardan gəlir və nəticədə onlardan asılı olursan, çox zaman həqiqəti yaza bilmirsən. Səni səfərlərə aparan, rekalm verən, cibinə pul basan adamı necə tənqid edəsən? Məcbursan ki, səhvlərinə göz yumasan, əlinə düşən faktı görməzdən gələsən. Bütün bunlarla yanaşı indiki futbolumuzdan daha yaxşıdı idman mediası. Müstəqil media bir-iki dənə də olsa var. Nəfəslik kimi qalıblar, özlərini qoruyurlar.
 
Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR