"Qurbanov futbolçular arasında isti münasibət yaratmışdı... Yurçeviç isə..." - MÜSAHİBƏ

Futbolsevər xanımlarla müsahibələrə davam...

Bugünkü həmsöhbətimiz "Qarabağ" azarkeşi olan, həm də idman mətbuatına yeni qədəm basan Nəzrin Mikayıldır.

- Əvvəlcə səni yaxından tanıyaq...
- Nəzrin Mikayılova. 11 aprel 2001-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşam. 2016-2017-ci illərdə taekvando ilə məşğul olmuşam. Ancaq 10-cu sinifdə oxuduğum vaxtda məşqə dizimdən zədə aldığım üçün idmandan uzaqlaşmalı oldum. Məktəbi bitirməyimə 1 il qalmışdı. Universitetə hazırlaşmaq qərarı verdim. 

- Bəs futbola və mətbuata sevgin nə vaxtdan yaranıb?
- Özümü dərk edəndən futbolla maraqlanıram. Peşə seçməkdə də bu marağımın rolu olub. Futbol sevgimə görə düşündüm ki, idman jurnalisti ola bilərəm. Çünki bu peşə sayəsində futbola, futbolçulara daha yaxın ola bilərdim. Hədəfim jurnalist olmaq idi və 1 ilim qalmışdı. Hazırlaşdım. Qabiliyyət imtahanı vermişdim. Ancaq ballarda problem oldu deyə, jurnalistika yox, məktəbəqədər müəllim peşəsi üzrə təhsil alıram. İlk vaxtlar buna çox üzüldüm, ancaq daha sonra fikrim dəyişdi və öz ixtisasımı sevməyə başladım. Bir qədər ruhdan düşsəm də, psixoloq müəllimim başda olmaqla bir sıra insan sayəsində toparlandım. Və həmin psixoloq müəllimim məni redaksiyalara yönəltdi. Əslində I kursda oxuduğuma görə qəbul etməzlər deyə tərəddüd edirdim. Ancaq müraciət etdim. Müsbət cavab almadığım yerlər də oldu, ancaq həvəsdən düşmədim. Və sonda sentyabr-oktyabr aylarından bir neçə saytla əməkdaşlıq etməyə başladım. Hazırda da Cebhe.info saytında idman xəbərləri yazıram. 

- Gördüyüm qədərilə uşaq yaşlarından futbola marağın olub. Yaşadığın Sumqayıt şəhərində də qız futbol komandaları fəaliyyət göstərir. Nə əcəb futbolçu olmağa marağın olmayıb?
- Çox maraqlı sualdı. Əslində mənim futbola yönəlməyimdə ailəmin rolu olub. Atam müəllim işləməsinə baxmayaraq, maraqlandığı, məşğul olduğu sahələr də olub. Hardasa 4 yaşım olardı. Xəyal-məyal xatırlayıram. Atam evə Sumqayıtın komandasının formalarını gətirirdi. Atamın da bir marağı var - formaların arxasına nömrə yazmaq. Elə  bu formaların da arxasına nömrə yazardı. Mən də uşaq idim, bu formaları əynimə geyinib evin ortasında fırlanırdım... (gülür)... Amma futbolçu olmaq kimi bir fikrim heç vaxt olmayıb. Həm də valideynim müəllim olduğu üçün, üzərimə oxumaq kimi mühum bir vəzifə düşüb. Bir dəfə də olsun dərsdən qaldığımı xatırlamıram. Sadəcə bədənim möhkəmlənsin deyə voleybol, taekvando ilə məşğul oldum. Hətta taekvando üzrə qızıl medalım da var. Amma zədədən sonra başa düşdüm ki, idman çətin sahədi. Ona görə digər sahəyə - yəni oxumağa atıldım. İdmançı ola bilməsəm də, özümü idman jurnalisti kimi inkişaf elətdirsəm, onlarla ünsiyyətimə şərait yaranar. 
 


- Bir gün idman sahəsində çalışmaq şəxsi həyatına mane olsa, bu sahəni buraxarsan? Mentalitet həyatında nə dərəcədə rol oynayar?
- Həyatımda olan insan bu vəziyyəti bilir və qəbul edir. Hətta oyunlara artıq tək getmirəm. Səni hər halınla sevib, qəbul edib, yanında olan biri olması gözəldi. Düzdü, bəzi qorumacı yanaşması da var. Ki stadionda az adam olan yerdə əyləşək, söyüş söyən olmasın və s. Amma yenə də bu stadiondu. İstənilən yerdə otursan da, bu tip sözlər eşitmək təbiidir. Amma yenə də deyirəm, yanında birinin olması, səni qoruması gözəl duyğudur. 

Bir dəfə mətbuat konfransına girmişdim. Səhv eləmirəmsə, Qurban Qurbanovun doğum günü qeyd olunurdu. Biraz gec gəlmişdi. Konfransdan çıxmağım 1-2 saat çəkdi. Çıxanda gördüm ki, soyuqda, qaranlıqda bayırda gözləyir. Təbii ki, gedə də bilməzdi. (gülür)...

- Xanımların əsas problemi stadionda olan azarkeşlərin rəftarıdır. Sən özünə qarşı necə rəftar görürsən?
- Əslində haqlı tənqiddən dərs çıxaran biriyəm. Amma "xanım stadiona getməz" sözlərinə heç vaxt fikir verməmişəm. Tək getdiyim vaxtlarda biraz tərəddüd edirdim. Oyunlar hava qaralanda bitirdi deyə ehtiyat edirdim. Amma bir müddət sonra xanım azarkeşlərlə tanış oldum. Onlarla güc tapdım. Sevindirici haldır ki, stadionda xanımların sayı gündən-günə artır. Əslində indiyə kimi hörmətsizliklə rastlaşmamışam. Bəlkə də arxamca kimsə nəsə deyib, mən fikir verməmişəm. Amma sosial şəbəkələrdə yazanlar olur. "Xanımların stadionda nə işi var?" deyən olur.  Ancaq bir çox faizi də artıq bu halı qəbul edib. Tribunada normal davranırlar. cinsiyyət ayrıseçkiliyi etmirlər. Məncə, elə ən doğru olan da budu. 

- Yeri gəlmişkən, heç demədin hansı kluba azarkeşlik edirsən?
- 4-5 yaşım olan vaxtlar idi. Yay idi. Atam işinə görə evə gec gəlirdi. Biz də anamla gecəyə kimi onu gözləyirdik. Hər gələndə evə dondurma alırdı. Hər gecə dondurma yeyirdik. Həmin vaxtlarda anam TV-də futbol kanalları açırdı. Elə mən də oturub baxırdım. Sarı rəngli formalı futbolçular vardı. Braziliya millisi idi. Ama onda sadəcə futbola tamaşa edirdim.  

Yaşım artdıqca "Neftçi" klubu haqda məlumat eşidirdim. Dəqiq yadımda deyil 2009-cu, ya da 2010-cu il idi, ANS kanalında Qurban Qurbanovun "Qarabağ"ın baş məşqçi təyin olunması barədə xəbər izlədim. Bu diqqətimi çəkmişdi. Ondan sonra  "Qarabağ" klubu ilə yaxından maraqlanmağa başladım. 2011-ci ildə isə "Barselona" - "Real" savaşı barədə eşitdim. Bütün dünyanın izlədiyi bir oyun idi. Və nədənsə "Real" mənim diqqətimi çəkdi. Dərslərdən vaxt olduqca oyunlarına baxırdım. Son 3 ildə isə "Zenit"ə də azarkeşlik edirəm. Ancaq bu klublar arasında mənə ən doğma olanı "Qarabağ"dı. Özüm Coratdan olsam da... (gülür)...
 


- Millimizlə bağlı nə düşünürsən? 
- Milli ilə bağlı fikirlərim zaman ərzində müəyyən dəyişikliyə uğrayıb. Məsələn, 2 il öncə sadəcə azarkeşlik edirdim. Düzdü, komandanın üzvlərini elə də araşdırmağa imkanım olmurdu. Ama artıq mətbuata gəldiyim üçün daha da dərindən maraqlanıram. Ümumi baxımdan deyə bilərəm ki, millinin məşqçiləri arasında Robert Prosineçkinin fəaliyyətini daha uğurlu hesab edirəm. O vaxtı bir sıra azarkeşlər onun millidə qalmasını istəmirdilər. Ancaq bu gün baş məşqçisi olduğu Bosniya millisinin çıxışına bir baxın... Onun Azərbaycan millisinə qayıtmağını çox istərdim. Qınaya bilərlər ki, bəs Qurban Qurbanov? Subyektiv fikrimi deyəcəm. Sevimli komandamın baş məşqçisinin iki yerə rəhbərlik etməsini istəmərəm. Qurban Qurbanovun hər iki komandanı idarə etmək qabiliyyəti var. Amma bir azarkeş olaraq "Qarabağ"ın zəifləyəcəyini düşünürdüm, belə bir qorxum vardı. Ancaq bir şeyi qeyd edəcək. Son oyunlardan sonra "Qarabağ"ın futbolçuları haqda bəzi xəbərlər yazıldı, futbolçuların oyuna soyuq münasibətindən yazıldı. Ancaq belə baxaq. Qınanılan futbolçulardan Bədavi və Qara niyə "Qarabağ"da uğurla çıxış edirlər? Hər şey məşqçidən asılıdı. Məşqçi sənin arxa müdafiəndi. O sənə inanırsa,  sən qorxmadan hücuma  atılacaqsan. Amma yox o, sənə soyuq münasibət göstərirsə, burada mübarizədən söhbət gedə bilməz. Mən burda eyni halı görürəm. Məsələn, Qurban Qurbanovun millidə olduğu vaxtlarda futbolçular arasında isti münasibət görürdüm. Bu mənim şəxsi fikrimdi. Ancaq indi baxırıq ki, futbolçular bir-birinə topu ötürməkdə belə əziyyət çəkirlər. Bu da Nikola Yurçeviçin futbolçular arasında o isti münasibəti yaratmadığını göstərir. Hətta məğlubiyyətdən sonra Yurçeviçin mətbuat konfransında çıxışında o məsulliyyət hissini görmədim. Amma bir baxaq Prosineçkiyə, bir baxaq Qurbanova. 

- Hər sözündə "Qarabağ"a olan sevgin açıq-aşkar hiss olunur. Bu sevgi içində olduğu halda mətbuatda nə dərəcədə obyektiv ola bilərsən?
- Xasiyyətim elədir ki, mənim üçün hamı eynidi. Bir səhvi mənim ən yaxınım belə etsə, mənim üçün günahkar sayılır. İndiyə qədər səhv edən kimisə qorumamışam. Düzdü, "Qarabağ" azarkeşi olduğum klubdur. Təbii ki, qələbə qazananda sevinmişəm. Amma bu duyğularımı mətbuatda biruzə verməməyə çalışmışam. Çünki bu mənim vəzifəmdi və öhdəsindən gəlməyə çalışıram. Təbii ki, bir-sıra hərəkətlərim olub, məsələn, "Qarabağ"ın oyunlarına formasını geyinmişəm. Hava isti olsa belə mətbuat konfransına girəndə, üzərindən nəsə geyinib keçirdim içəri. Formanı görüb, "bitərəf deyil" deməsinlər deyə. Amma o sevgini qəlbimdə yaşayıram. Yaxın olan jurnalist yoldaşlar da bilirlər bunu. Hətta bir iş yoldaşım azarkeşliklə jurnalistikanın birgə çox çətin olduğunu qeyd eləmişdi. Mən də öhdəsindən gələcəyimi demişdim. Və şükürlər olsun ki, hələ səhv buraxmamışam.

Röya Kərimli
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR