Qurbanov: "Komandamızda onun yerini doldura biləcək futbolçular var"

Qurbanov:
"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov komandanın hazırlıqları ilə bağlı fikirlərini bildirib.
 
Sənan bəy Sport7.az-a açıqlamasında təlim-məşq toplanışı ilə yanaşı transfer planlarından da danışıb: "Ayın 6-dan başlamışıq. Həm fiziki həm də topla çalışmalarımız var. Uşaqlar yaxşı dincəliblər, əhval-ruhiyyə də qaydasındadı. Hazırlığımız davam edir. Bugündən oteldəyik, plan üzrə məşqlərimiz davam edir. Ayın 12-də "Qaradağ Lökbatan"la yoldaşlıq görüşü keçirib, 13-də Türkiyəyə yollanacağıq. Hər şeyi analiz etmişik. Fasilədən səmərəli şəkildə yararlanmağa çalışacağıq. İstər məşqlər, istərsə də yoxlama oyunları olsun, maksimumu almağa çalışacağıq. Daha da irəli getmək üçün fasilədə formamızı bərpa etmək istəyirik. Deməzdim ki, oyun üslubunda hansısa dəyişiklikləri edəcəm. Sadəcə, komandanın öz oyununu tapması üçün vaxt lazımdı. Məncə ona doğru gedirik. Yaxşı təsir bağışladığımız anlar oldu. Hər bir şeyi kənara qoyub, sadəcə öz işimizi fikirləşməliyik. Daha məsuliyyətli olub, işə peşəkar yanaşmalıyıq. İrəliləyiş olduğunu görürəm. Qarşıda hazırlıq oyunları var. O oyunlarda görə bilərik ki, ahnsı durumdayıq. Məsuliyyət, ciddiyyət, inam buna imkan verir ki, oyunumuzu yaxşılaşdıraq. Qələbə qazanmaq üçün həm yaxşı oynamalı həm də konsentrasiyanı itirməməliən".

Qurbanov türkiyədə yoldaşlıq görüşü keçirəcəkləri rəqiblərin də müəyyənləşdiyini bildirdi: "İlk oyunumuz Almaniyanın 3-cü liqasında çıxış edən komanda olacaq. İkinci oyun Macarıstan təmsilçisi MTK-ya qarşı olacaq. Bundan sonra Rusiya klubları "Fakel" və "Yenisey"lə gücümüzü sınayacağıq".

Mütəxəssis heyət və transfer planları ilə bağlı bunları bildirdi: "Baxdığımız futbolçular var. Sadəcə olaraq, elə futbolçu istəyirik ki, bizə köməyi dəysin və kollektivimizə uyğun gəlsin. Ola bilər ki, yaxın günlərdə transfer həyata keçirək. Düşünürük ki, həm istəkli həm də cavan futbolçu tapaq. Amma qış fasiləsində belə futbolçu tapmaq çətindi"

"Qəbələ"nin və yığmamızın aparıcı futbolçularından olan Təmkin Xəlilzadənin "Sabah"a keçməsi də xeyli müzakirələrə səbəb oldu. Sənan bəy belə futbolçunu əldən buraxmalarını belə izah etdi: "Təmkin əlbəttə yaxşı futbolçudu, millimizin üzvüdü. Sadəcə, klublar arasında belə danışıq oldu. Sərfəli təklif etdilər, Təmkin də isti münasibət göstərdi və getdi. Futbolda belə anlar olur. Amma komandamızda onun yerini doldura biləcək futbolçular var. Ola bilər ki, hansısa legioneri dəvət edək. Komandanın içində də elə futbolçular var ki, o mövqedə oynaya bilirlər. Zamanımız var ki, axtarış edək. Düzgün addım atmalıyıq ki, doğru qərar verək. Transfer planına gəlincə, çətin ki, yerli futbolçuları öz klubları buraxsın. Yerli tapmaq çətindi. Amma legioner axtarışındayıq. Say deyə bilmərəm. Futbolçu qıtlığı var. Seçimimiz elə olmalıdı ki, həm büdcəmizə uyğun gəlsin, həm də komandamıza faydası dəysin. Ola bilər 1, maksimum 2 futbolçu olsun. Komandadan göndərmək istədiyimiz futbolçu yoxdu. Bu kollektivə güvənirik. Bunlarla başlamışıq, sona qədər davam etmək istəyirik".

"Qəbələ"nin transfer etdiyi futbolçulardan biri də qapıçı Anar Nəzirovdu. Maraqlıdı Sənan bəy onu əsas heyət üzvü kimi görür?: "Dima da var. Hər ikisi yaxşı müqavimət göstərəcək, öz aralarında sağlam rəqabət yaradacaqlar ki, bu da fikrimcə komandamız üçün faydalı olacaq".

Qurbanov "Qəbələ"nin akademiyasında yetişən futbolçulara da şans verəcəyini bildirdi: "U-19 millisində oyunçularımız var. Onları cəlb etmək istəyirdik. Sadəcə, elit roundda iştirak edəcəklərinə görə onlara dəymək istəməirik. Qoy öz komandaları ilə birlikdə olsunlar. Qarşıda oyunları var.  Amma öz U-19 komandamızdan iki oyunçu cəlb edəcəyik. Rövlanla Amil Seydiyev də bizimlədi. İnşallah iki futbolçu götürüb Türkiyəyə aparacağıq".

Sport7.az

Xəbər lenti