"Böyük futbol" Qusara qayıdır? - MÜSAHİBƏ

Bir vaxtlar Azərbaycan çempionatının iştirakçısı olan Qusarın "Şahdağ" komandası hazırda Region Liqasında çıxış edir. Komandanın hədəfləri yenidən Yüksək Liqaya qayıtmaqdı.  
 
"Şahdağ Qusar"ın mətbuat katibi Xanbaba Daşdı komandanın vəziyyəti, qarşıdakı planları barədə Sport7.az-a danışıb. 
 


- "Şahdağ Qusar"da vəziyyət necədi?
- Komandada vəziyyət yaxşıya doğru gedir. Demək olar ki, işlər tam qaydasına düşüb.

- Komandanın məqsədi nədir?
- Məqsədləri saymaqla bitirmək olar bəyəm? Görüləcək çox işlər var, adam bilmir hansından başlasın. (gülür)...  Məqsədləri saymağı utanıram artıq. 3 il olar eyni sözləri deyirəm, şablon kimi görünür artıq. Qısaca desəm , "Şahdağ Qusar"ı layiq olan səviyyəsinə qaldırmaq istəyirik.

- Qarşıdan gələn mövsüm üçün nəyə ümid etmək olar?
- Qarşıdakı mövsüm I Divizionda çıxış etməyi düşünürük. Bunun üçün lazım olan işlərə başlamışıq artıq. Ciddi problem görmürük bu yolda.

- Maliyyə baxımında da hər şey həll olub?
- Həll olunub deyə bilərik. Ardıcıl olaraq iki mövsüm Region Liqasında çıxış etdikdən sonra I Diviziona qayıtmaq istəyirik. Region Liqasında sponsorumuz "Azenko" ASC tərəfindən hər il divizion üçün ayrılan vəsaitin yarısı bu iki ildə bizə ayrılıb. Ancaq bu mövsüm I Diviziona qayıtsaq, sözsüz ki, büdcə artırılmalıdır. İşin maliyyə tərəfinə aid hələlik konkret bir şey demək istəmirəm.

- Bizim üçün eksklüziv nəyi açıqlama bilərsiniz?
- Eksklüziv olaraq çox şeyi açıqlamaq olar. (gülür)... Ancaq işin ciddiliyini nəzərə alıb bəzi şeyləri açıqlamağı lazım bilmirəm. Zamanı gələndə hər kəs tam məlumat alacaq.
 
Region Liqası başa çatdıqdan sonra gələcək planlar, yeni mövsüm hazırlıqları və digər vacib məsələlərlə bağlı KİV nümayəndələri üçün  mətbuat konfransı planlaşdırırıq.

- Deyirlər, şər deməsən, xeyir gəlməz. Birdən I Diviziona çıxmaq alınmasa...
- "Şahdağ Qusar" bu mövsüm də I Divizona buraxılmasa, Region Liqasında yolumuza davam edəcəyik. Bu haqda keçən il də AFFA-nın baş katibi Elxan Məmmədov ilə müzakirə etmişdik. Keçən il  I Divizion üçün müraciət etdikdən sonra, klubumuzun idman direktoru Vahid Həşimov və mən AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşdük. Bizim I Diviziona müraciət etmək səbəbimiz komandanı Premyer Liqaya qaldırmaqdı. Hamımıza məlumdur ki, Region Liqasından bir başa Premyer Liqaya yüksəlmək qeyri-mümkündü. I Divizion isə bu yolda tramplin rolunu oynayır.  Region Liqasının 2 ildir keçirilməsinə baxmayaraq, özündən söz etdirməyi bacarıb. İstedadlı oyunçuların, iddialı komandaların çempionatda çıxış etməsi bu liqaya marağı daha da artırır.  Region Liqasında ölkəmizin hər bölgəsindən iştirakçılar var. Bu liqada çıxış etmək komandada olan bəzi neqativ halları aradan qaldırmağa, "Şahdağ Qusar"ın 0-dan yığılmasına kömək oldu bizə. 2 il ərzində I Divizionda iştirak üçün lazım olan vacib problemlərin çox hissəsini aradan qaldırmışıq. Məsələnin ciddiyətini dərk edib, bütün nöqsanların həlli istiqamətində lazım olan hər şeyi edirik və edəcəyik. Region Liqasından birbaşa Premyer Liqaya çıxmağı mümkünsüz kimi gördüyümüz üçün, bu il I Divizona buraxılsaq, azı 1 il daha səbr etməli olacağıq yüksək liqa üçün.

- Azarkeşlərə sözünüz...
- Qusarlı azarkeşlərimiz üçün çox darıxmışıq. Bu mövsüm Şövkət Orduxanov adına Qusar şəhər mərkəzi stadionunun yenidənqurma işlərinə görə tam bağlanması üzündən ev oyunlarınə Siyəzən şəhər stadionunda keçiririk. Siyəzənli azarkeşlər bizi tək qoymur, var olsunlar! Ancaq Qusarlı azarkeşlər üçün çox darıxmışıq. Biz azarkeşlərə bağlı klub olduğumuz üçün onların yoxluğuna alışmaq çox çətindi.
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR