Quşu qanadsız, özü insafsız Kubilay

Quşu qanadsız, özü insafsız Kubilay
Lovğalığımızın axrı yaxşı olmadı. Bəlkə də lovğalığımız səbəb deyil, bizə bəd nəzər dəyib? Cavab vermək çox çətindi.

"Niyə də yox?!” dedik, bütün diqqətləri üzərimizə çəkdik. Milli komandamız seçmə mərhələyə əla başladı. San-Marinonun ardınca Norveçi də məğlub etdik. Çexiyadan xal gətirməklə qrupda 2-ci sıraya yüksəldik, almanlara da isti nəfəsimizi hiss etdirməyi bacardıq. Yaşar Vahabzadənin çalışdırdığı gənclərimiz də dinc dayanmırdı. Səfərdə finlərlə qolsuz bərabərə qalmaqla düşmənlərimizə göz dağı verdik. Qürrələndik ki, U-21 seçmə mərhələlər tarixində rekord sayda xal topladı.

Bütün bunlara paralel olaraq yaşıl meydanlardan kənarda da düşmənlərimizə acıq verməkdəydik. UEFA-nın yeni seçilmiş prezidenti Aleksandr Çeferin paytaxtımıza səfər etdi, Bakını o ki var təriflədi. Ardınca da AFFA-nın baş katibi Elxan Məmmədov qitənin ali futbol qurumunun İcraiyyə Komitəsinin üzvü olmaq həvəsinə düşdü, namizədliyini seçkilərdə iştirak üçün irəli sürdü. Elə bil bütün bunlardan sonra üstümüzə qara itin ağzını açmışıq, futbolumuza cadugərlər əməl edib, ən pis adamların bəd nəzərlərinə tuş gəlmişik. İşlərimiz heç cür qaydasında getmir. Özü də bizə nə cür cadu ediblərsə, onu 4 dəfə təkrarlayıblar. Başımıza gələn bütün bəlaların həmin rəqəmlə bağlılığı var...

Millimizin C qrupundakı uğurlu çıxışı, məğlubiyyətsiz oyunlar seriyamız nə vaxt bitdi? Bəli, məhz 4-cü oyunda. San-Marino, Norveç və Çexiyadan sonra Şimali İrlandiya qrupdakı 4-cü rəqibimiz idi. Gözləri dönmüş şimali irlandiyalılar futbolumuzun inkişaf qığılcımlarından, rəqiblərin kürəyini bir-birinin ardınca yerə vurmağımızdan elə qorxmuşdular ki, meydana sön döyüş əhval-ruhiyyəsi ilə çıxmışdılar. Qapımızın torunu silkələməkdən doymurdular.

Nəticədə qrupdakı 4-cü oyunda qapımıza dörd cavabsız top vuruldu. Elə o vaxtdan bəri də həmin rəqəmin sehrindən, uğursuzluğundan çıxa bilmirik. Özü də işin tərsliyindəndi ki, Belfastdakı oyuna qədər qapımızın toxunulmazlığını qoruyurduq, qürrələnirdik ki, Kamran Ağayevi məyus etmək hər oğulun işi deyil. Bu da axırıdı. Şimali İrlandiyadan sonra almanlar da Kamranı eyni sayda topu tordan çıxarmağa məcbur etdilər. Düz dörd dəfə əvvəl başımızı tutduq, sonra da əllərimizi göyə açıb, ulu Tanrıya bu qolun sonuncu olması üçün duallar etdik.

Almanların sinəmizə çəkdiyi çalın-çarpaz dağın ağrısı keçməmiş daha bir zərbəni qardaş Anadolu türklərindən aldıq. Zalım futbolçulardan qurulmuş "Ümit milli” sanki qəsdən Yaşar Vahabzadənin çalışdırdığı komandaya 4 qol vurdu. Şimali İrlandiya və Almaniyanın yaşatdığı faciəni yenidən xatırlatdı, yaramızın qaysağını qopartdı. Bizimkilərin Kubilay Qanadsızquşun əlində aciz qalmasını izləmək çox ağır idi.

Deməli, bu Kubilayın hələ quşunun qanadları yox imiş, başımıza belə oyun açdı. Allahın bizə rəhmi gəlib, Kubilayın quşuna qanad verməyib. Yoxsa, qapımızdan komanda yoldaşları ilə birlikdə 4 yox, 44 top keçərdilər. Eh, Kubilay... qardaş da qardaşına bunu yaparmı? Sənin kimi amansız qardaşa da bir quş...

Amal ABUŞOV


Xəbər lenti