Ramil Şeydayevi nə gözləyir?

Ramil Şeydayevi nə gözləyir?

"Sabah”ın və millimizin hücumçusu Ramil Şeydayev iki gündü ki, diqqət mərkəzinə düşüb.

Sport7.az xəbər verir ki, Şeydayev dünən birinci divizionun 16-cı turunda "Sabah-2”nin heyətində meydana çıxıb. Həmin görüşdə Masazır təmsilçisinin rəqibi "Qaradağ Lökbatan” idi. Görüş Lökbatan təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşdı.

Amma bu oyunun nəticəsindən çox Ramilin əvəzedici komandanın heyətində meydana çıxması müzakirə obyektinə çevrilib. Maraqlıdı ki, "Sabah-2” 1:0 hesabıyla öndə olsa da, son 15 dəqiqədə qapısından iki top buraxaraq məğlub olub. Buna qədərsə Ramil Şeydayev meydandan qovulub. Millimizin hücumçusu 63-cü dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.

Çox güman ki, AFFA İntizam Komitəsi Ramil Şeydayevin qarşıdakı iki oyunda meydana çıxmasına qadağa qoyacaq və kluba pul cəzası kəsəcək. Amma futbolçunun cəzası yalnız birinci divizion oyunlarına şamil ediləcək. Yəni ki, Ramil əsas komandanın "Sumqayıt”a qarşı keçirəcəyi oyunda meydana çıxa bilər. Təbii ki, ispaniyalı çalışdırıcı Visente Qomez ona şans verəcəyi halda.

Əldə etdiyimiz məlumata görə, Ramilin "Sabah-2”nin heyətində birinci divizion qarşılaşmasında meydana çıxması onun cəzalanması və buna görə də əvəzedici heyətə göndərilməsiylə bağlı olmayıb. Ramil əsas komandanın məşqlərinə qatılır, hazırlığa normal qaydada davam edir. Son vaxtlar əsas heyətə düşməyə çətinlik çəkən Şeydayevin oyun təcrübəsi qazanmasından ötrü onun "Sabah-2”nin heyətində meydana çıxmasına qərar verilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR