Rauf Əliyev: "Bunların hamısı üst-üstə gələndə, həqiqətən... "

Rauf Əliyev:
"İnter" hazırda tarixinin ən ağır günlərini yaşayır. Maaşların verilməməsi, klubun dağılacağı, futbolçuların belə vəziyyətdə daha komandada qalmaq istəməməsi ilə bağlı gəzən söz-söhbətlər səngimək bilmir.

Qısası klubun taleyi qeyri-müəyyəndi, necə olacağı haqda konkret söz söyləmək çətindi. Bu məsələni gündəmdə saxlamaq üçün paytaxt təmsilçisinin aparıcı futbolçularından olan Rauf Əliyevlə danışdıq. Əliyev Sport7.az-a müsahibəsində bunları söylədi.

- Komandanın son durumu nə yerdədi? Yayılan xəbərlərə görə "İnter"dən getmək istəyirsən.

- Vallah, dəqiq heç nə bilmirəm. Rəhbərliklə görüşməliyəm. Bundan sonra biləcəm ki, nə var nə yox.

- "İnter"in gələcəyinə ümid yoxdu?

- Deyiblər ki, ən azı 1 il yaşayacaq. Amma indiki məqamda necə olacağını bilmirəm. Rəhbərliklə görüşəndən sonra öz taleyimə də aydınlıq gələcək.

- Avroliqadan əvvəl demişdilər ki, yaşayacaq klub. Amma mübarizəni dayandırandan sonra "İnter"in dağılacağı ilə bağlı söz-söhbətlər daha da çoxalıb. Belə bir şey mümkündü?

- Dağılacağına inanmıram. Onu bilirəm ki, ən azı 1 il yaşayacaq. Bu artıq təsdiqlənib, yaxın günlərdə çempionat da başlayacaq. Ona görə də indiki vaxtda dağılması mümkün deyil.

- Bəs sənin qərarına təsir edən nədi?

- Bilmək olmaz, bəlkə də "İnter"də qalacam. Amma dediyim kimi, özüm də dəqiq heç nə bilmirəm. Başımda suallar var. 

- Getmək, eyni zamanda qalmaq da istəyirsən...

- Bilirsiz necədi, qərar verməmişəm. Komandada soyuqluq çoxdu. Normal vəziyyətdə olsa, heç fikirləşmədən qalaram. Amma problemlər var.

- Soyuqluq klubun taleyi, yoxsa futbolçulara qarşı münasibətlə bağlıdı? 

- Yox, komandanın taleyindən söhbət gedir. Lap indi normaldısa da, bilinmir ki, 6 aydan sonra necə olacaq. Artıq 2 ildi, komandanın dağılacağı ilə bağlı söhbətlər gedir.

- Belə başa düşdük ki, indi olmasa da məsələn, 6 aydan sonra komandanın fəaliyyətinin dayandıracağından və kənarda qala biləcəyindən ehtiyat edib, başqa kluba keçmək istəyirsən...

- İnşallah, kənarda qalmarıq. Amma problemlərin çoxluğu insanı bezdirir.

- Maaşlarla bağlı vəziyyət nə yerdədi?

- Bir neçə günə maaşların veriləcəyini deyiblər. Biz də gözləyirik.

- Hansı ayın maaşı verilməyib?

- İyun, iyul. Deyirlər ki, veriləcək.

- Konkret təkliflər var?

- Eşitmişəm, amma heç kimlə danışıq aparmamışam. Öncə "İnter"lə danışmalıyam. Klubdan ayrılacağım təqdirdə, başqaları ilə söhbət edə bilərəm. İndiki durumda heç nə yoxdu.

- Avroliqada "İnter"in zəif çıxışının səbəbi nə idi?

- Zəif deyəndə, öz günahımız oldu. Səfərdə çox səhvlərə yol verdik. Əsasən də başalayrkən toparlana bilmədik və iki qol vurdular. Sonradan isə gec oldu. Bəlkə də cavab oyununa yaxşı hazırlaşmamışdıq.

- Bəlkə də rəqibi ciddiyə almamışdız...

- Xeyr, bilirdik ki, Lüksemburq komandası olmalarına baxmayaraq heyətlərində legionerlərin sayı çoxdu. İlk oyunda da bunu sübut etmişdilər. Futboldan anlayanlar da həqiqətən yaxşı komanda olduğunu deyirdilər. 1:0 qələbə qazanmışdıq. Amma səfərdə səhvlərimiz çox oldu. Ona görə də uduzduq. Əlbəttə, onları keçməli idik.

- Komandanın ehtiyat qüvvəsinin az olması da təsir etdimi?

- Bəli, təsir etdi. Artıq neçə vaxtdı ki, davamlı olaraq eyni futbolçular oynayır. 14-15 nəfər var. Amma başqa komandalarda 20-25 nəfər olur. Ona görə də çətin oldu.

- Komandanı yarıyolda qoyanlar da oldu...

- Belə deməzdim. Futboldu, hamı 5-10 manat qazanmaq istəyir. Oturub gözləməyəcəklər ki, "İnter"in vəziyyəti nə vaxt düzələcək.

- Transfer qadağası da sizi ağır vəziyyətdə qoydu...

- Transfer qadağası, məlum problemlər təsir etdi. Bunların hamısı üst-üstə gələndə, həqiqətən... Çox vaxt deyirlər ki, "İnter"in futbolçuları bu vəziyyətdə oynadıqları üçün qəhrəmandılar. Problemlərə baxmayaraq meydana çıxıb, başımızı aşağı salıb oynayırıq. İnanın paltar və bir çox başqa problemlər olur. Yenə də oynamaq istəyirik. Çətinliklər çoxdu, bundan sonra necə olacağını bilmirik.

- İlk oyun "Qəbələ"yə qarşı olacaq. Hazırkı psixoloji durum çempionata hazırlığa necə təsir edir?

- Məqşlərimiz normal keçir. Problemlərə baxmayaraq hazırlaşırıq. Əsas problem pul-paradı. Bunlar olacağı təqdirdə komanda yaxşı hazırlaşıb, çempionata davam edəcək. Açığı, psixoloji gərginlik, uşaqlarda narahatçılıq var. Neçə vaxtdı belə vəziyyətin yaranıb. Məşqlərə təsir edir deyəndə, bilirik ki, vəziyyət belədi, yəni öyrəncəliyik. Özümüzə görə məşq edirik. Çünki məşqə ciddi yanaşmasaq həm hazırlığımıza təsir edər, həm də zədələnmə riski artar. Çalışırıq məşqlərdə bunları düşünməyək. 

Sport7.az

Xəbər lenti