"Razborka" qurbanı olduğumu düşünürdülər" - RUBRİKA

"Gülməli xatirələr" rubrikamız davam edir.

Futbol ictimaiyyətinin nümayəndələri futbolda başlarına gələn, gördükləri, eşitdikləri gülməli hadisələri bizimlə bölüşüblər. 

Keçək xatirələrə...
 


Mehman Suleymanov (Jurnalist): "Əslində, bu hadisə o vaxt mənim üçün üzücü olsa da, illər sonra təbəssüm doğuraraq xatırlayıram. Artıq bunun üstündən 7 il keçib. Hadisə isə futbolla yox, onun kiçik qardaşı olan futzalla bağlıdı. 2012-ci ilin yanvarın sonu - fevralın əvvəlində Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa çempionatının final mərhələsinin oyunları keçirilirdi. Ora ezam olunan jurnalistlərdən biri kimi qaldığımız oteldə otaqda yıxılmağımla gözümün üstündən güclü zərbə aldım. Allah üzümə baxdı, az qalım gözüm gedirdi. Oteldən həmkarlarımın köməyilə tələsik futzal yığmamızın qaldığı otelə yollandıq və indi də millimizdə, "Araz"da həkim işləyən Fərman Piriyev mənə ilkin tibbi yardım göstərdi. Dedi ki, qorxma, ciddi problem yoxdu, yaxşı qutarmısan. Gözümün üstü əməlli qaralmışdı və bu vəziyyət bizimkilərin hamısının diqqətini çəkirdi. Xüsusilə də futzalçılarımız mənə diqqətlə baxaraq halımı soruşurdular. Dava etdiyimi, xorvatların "razborka"sının qurbanı olduğunu düşünürdülər, "lazımdırsa, gedək paylarını verək" kimi fikirlər ifadə edərək mənə dəstəklərini göstərirdilər. Mən isə narahat olmamalarını diqqətlərinə çatdıraraq vəziyyətin düşündükləri kimi olmadığını başa salırdım. Hər halda, məni tanıyanlar yaxşı bilir ki, təbiətcə sakit insanam, davayla aram yoxdu. Sadəcə, yanlış anlaşma vardı. 
 


Nə isə, belə vəziyyətdə məni də çətin sınaq gözləyirdi. Axı, futzal yığmamızın qarşı məsul oyunu vardı, çünki Portuqaliyanın ardınca Serbiyaya da məğlubiyyət bundan öncəki Avropa çempionatının 4-cüsü olan Azərbaycanın sensasion şəkildə qrupa qalması demək idi. İndiyədək yadımdadı, bu matç ölkəmizdə canlı yayımlanmırdı. Ona görə işlədiyim saytda onlayn yayımı vacib idi ki, bu da oxunma sayını avtomatik xeyli artıracaqdı. Belə də oldu, ancaq gözümün üstü qara, başımda ağrılar olaraq 1-2 saat kompüter arxasında iş başında oldum. Futzalda da məlumdur ki, qol çox olur. Zalım uşaqları da elə bil məni görmüşdülər, 17 qol vurdular. Hələ 1-ci dəqiqədən başlayan "qol yağışı" 8:9-la bitdi. Bəli, Joze Alesionin yetirmələri yenə uduzdu və mübarizəni dayandırdıq. Beləcə suyumuz süzülə-süzülə, mən isə gözümün üstü qara vəziyyətdə Bakıya qayıtdıq. Həmin vaxt ailəmi rayona qoymuşdum və axşam vağzala qatarın qabağına çıxdım. Vaqondan düşən həyat yoldaşım məni görərək çox qorxdu. Elə bildi ki, kimləsə dalaşmışam və gözümün üstünə nəyi var zərbə vurublar. Ona da vəziyyəti başa saldım. Mənə aptekdə məsləhət bilmişdilər ki, maz alıb çəkim. Adını xatırlamıram, ancaq dedilər ki, idmançılar, xüsusilə boksçular bunu tez-tez alıb çəkirlər, xeyri də olur. Həqiqətən mən də faydasını gördüm. Tez bir zamanda qara getdi. Həyat yoldaşıma dedim ki, hələ bu mazı çəkib bir az düzəlmişəm, yoxsa daha pis halda idim. Necə deyərlər, incəsənət qurban tələb edir. Mən deyərdim, idman jurnalistikası da..."
 


Rəşad Ergün (Jurnalist): "Bir dəfə Qusardan reportajdan qayıdırdıq. Adına "raf" dediyimiz maşın idi səhv etmirəmsə. Qusardakı oyunun hakimlərindən də bizimlə qayıdan var idi. Tutqun hava, özü də qaranlıq. Maşın da sürətlə irəliləyir. Qəfildən maşın sanki böyük bir ağaca çırpıldı. Özümüzə gələndə, gördük ki, anidən yolun ortasına çıxan bir at bizim maşına çırpılıb. Maşının qapısı yerindən çıxmışdı, düzəltmək mümkün olmadı. Elə də qayıtdıq Bakıya. Səhər əməkdaşı bizimlə həmin maşında olmuş idman qəzetində təxminən bu başlıqda xəbər gördüm: "Qusardan qayıdan hakimlər qəzaya düşdü". Xeyli gülmüşdüm. Ən çox da ona ki, həmkarımız iki daşın arasında xəbəri qəzetə necə ötürmüşdü".

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR