Razi Nurullayev:

Razi Nurullayev: "Millimiz qol buraxanda, iştaham kəsilir, iş qabiliyyətim sıfra düşür"

Sport7.az saytı Azərbaycanın tanınmış simalarının futbolumuzla bağlı fikirlərini, iradlarını, tənqidlərini işıqlandırmaqda davam edir.

Bugünkü həmsöhbətimiz sonuncu prezident seçkilərindən namizəd kimi iştirak etmiş Razi Nurullayevdir. 

- Razi bəy, futbolla maraqlanırsınız?
- Əvvəllər çox izləyirdim. Ancaq son zamanlar elə də yox. Dünya çempionatlarını isə böyük maraqla izləyirəm. 

- Ötən il Rusiyada keçirilən dünya çempionatında favoritiniz hansı komanda idi?
- Həmişə Argentina millisinin azarkeşi olmuşam. Braziliya yığmasını da bəyənirəm. Ancaq hər ikisi çempionatda mübarizə aparanda Argentinaya azarkeşlik edirəm. Əfsuslar olsun ki, bu çempionatda  Argentinanın bəxti gətirmədi. 

- Əvvəlki illərlə müqayisədə komandanın zəif çıxışının səbəbəni nədə görürsünüz?
- Futbol mütəxəssisi olmadığım üçün daha geniş izah verə bilməyəcəm. Mənə elə gəlir ki, bütün günahı komandada axtarmaq düzgün deyil. Rəqib olan komandalarda da güclü inkişaf gedib, güclü futbolçular yetişib. Və artıq başqa ölkələr də Argentina səviyyəsinə çatıblar. Ancaq Argentina oyununa yeni elementler qatmalıdır. Çünki əvvəllər bu komandanın futbolçuları fərd olaraq gözəl futbol nümayiş elətdirirdilər. Bəzən 1 nəfər rəqibin 5-6 futbolçusunu aldadaraq qol vura bilirdi. İndi isə, həm fərdi, həm də kollektiv olaraq oyunlarında zəiflik yaranıb. 

- İnkişafdan söhbət açılmışkən, sizcə, Azərbaycan futbolu bu gün hansı səviyyədədir? Əvvəlki illərə nisbətən inkişaf edib, ya elə yerində sayır?
- Güclü inkişafdan danışa bilmərəm. Hər halda inkişaf olsaydı, bu gün Azərbaycan futbolçularını da tanıyardım, onlara azarkeşlik də edərdim. Mən həmişə ölkə futboluna görə narahat olmuşam. İstəmişəm ki, Azərvbaycan futbolu dünyada təmsil olunsun. Bu sevinci bizə "Qarabağ" komandası yaşadır. Buna görə çox sevinirəm. Ancaq ümumi götürdükdə, ölkənin yığma komandası yaxşı oyun nümayiş etdirə bilmir. Çox təəssüf. Almaniyadan, Braziliyadan baş məşqçilər gətirildi, indi də Xorvatiyadan Nikola Yurçeviç gətiriblər. Amma... Nə bilim...

Mənə elə gəlir ki, Azərbayacda uşaq futbolu inkişaf etməlidir, bunun üçün addımlar atılmalıdı. Görürəm "Fənərbaxça", "Mançester Yunayted" kimi uşaq futbol məktəbləri yaradılıb. Ancaq hələki ciddi nəticə görə bilmirəm. Bizim U-16, 17, 19 yaşlı millilərimiz fəlakətli oyun nümayiş edirlər.  Hələki perpektiv yoxdu. Çox böyük hesabla rəqiblərinə uduzurlar.
 


- Həl halda məlumatınız var... Bölgələrimizdə demək olar ki, "böyük futbol" qalmayıb... Bununun səbəbini, günahını kimdə, nədə görürsünüz?
- Maliyyə ilə bağlı məsələdir. Əgər lazım olan maliyyə, infrastuktur olsa, futbolçu da yetişər. Əfsuslar olsun ki, bu da Azərbaycan reallığından irəli gəlir. "Sən öl, mən ölüm, mənim oğlumdu, xahiş edirəm, götür komandaya gedib xarici ölkələri görsün, vallah yaxşı oynayacaq, özünü doğruldacaq, dünən əsəbləşmişdi, anası xəstə idi, əsgərdəki qardaşından məktub gəlmişdi, ona görə özünü yaxşı hiss etmirdi, sabah yaxşı oynayacaq, filankəsin adamıdı".... Bunlar Azərbaycan futbolunu məhv edib. Tək futbolu yox, bizim bu mental xüsusiyyətlər Azərbaycanı inkişafdan saxlayıb. O cümlədən də futbolu. İndi-indi nəsə dəyişmək istəyirlər. Amma sürətli inkişafı görə bilmirəm.
 
Məsələn, TV-də görürəm ki, Azərbaycan komandaları oynayır, mən çox həyəcanlanıram və baxa bilmirəm. Zəif oyun getdiyini görürəm, oyun məni cəlb etmir və məcbur olub kanalı dəyişirəm. Və yaxud Azərbaycan millisi oynayır. Baxıram və görürəm ki, qol vura bilmirlər. Bizdə ən böyük problem elə odur, qol vurmağı bacarmırlar. Yaxşı oynasalar da, vuran ayaq olmur. Oyunu izləyirəm, qol gözləyirəm, ancaq rəqib qol vuranda artıq bütün dünya başıma yıxılır. Özümü çox pis hiss edirəm, iştaham kəsilir, iş qabiliyyətim sıfra düşür. Buna görə də mən Azərbaycan futboluna baxa bilmirəm. Çünki mənə psixoloji pis təsir edir. Mən millimizi udan görmək istəyirəm, Azərbaycan futbolunun inkişafını görmək istəyirəm. Yuxarıda sadaladığım hallar da hesab edirəm ki, Azərbayan futbolunun qarşısını alır. Maliyyə imkanları da olsa, müəyyən dəyişiklik yaratmaq olar. 

- AFFA-nın işini necə qiymətləndirirsiniz?
- Düzü, AFFA-nın tam olaraq məsuliyyətin nədən ibarətdi bilmirəm. Elə onu bilirəm ki, futbolumuzun başında duran təşkilatdı. Belə deyim, Azərbaycan futbolu bu gün bizi qane etmirsə, AFFA-nın da fəaliyyətə qane edə bilməz. Yəni AFFA yaxşıdı, futbolumuz pisdi deyə də bilmərik. 

- Yəni balıq başından iylənər?
- Başından iylənməsinə gəlincə... Hər halda bütün günahı da AFFA-da görmək olmaz. 

Məktəbli illərimdə futbola, məşqlərə getməyib, kağızdan-parçadan düzəlmiş "top"la futbol oynayanlar görürdüm. Elələri vardı ki, "Neftçi"nin bəzi oyunçularından yaxşı oynayırdılar. Fərdi qaydada inşikaf edib böyük klublara gedə bilərdilər. Azərbaycan xalqının genindəmi deyim, yaşayış tərzindəmi deyim, və yaxud kifayət qədər marağımız yoxdurmu deyim, yaxşı futbolçu yetişdirmək qabiliyəti bizdə yoxdu. İndi-indi inkişafa meyillilik yavaş-yavaş yaranır. Və hər şeyi tam AFFA-ya bağlamağın tərəfdarı deyiləm. Fərdi olaraq da futbolçu özünü inkişaf etdirməlidi. Azərbaycanda imkan vermirlərsə, getsin Rusiyada, Gürcüstanda, Türkiyədə oynasın. Yaxşı futbolçunu hər yerdə əl-əl axtarırlar. 

- Sizin doğma rayonunuz olan İmişlinin də MKT-"Araz" komandası maliyyə sıxıntısı ucbatından dağıldı. Bu komandaya nəsə əl atmaq, və ya sponsor cəlb etmək yönündə hər hansısa bir köməklik gələcək planınızda varmı?
- Mən siyası partiya sədriyəm. Mənim işim hakimiyyət uğrunda demokratik şəkildə mübarizə aparmaqdı. Təbii ki, mənim əlimdə səlahiyyət olsa, müəyyən imkanlarım olsa, tək bir komandaya yox, Azərbaycan fubolunun inkişafına yardım göstərərdim. Ki irəlləyiş bərabər olsun. Ancaq ayrı-ayrılıqda bir komandaya kömək etməyə hazırda imkanım yoxdu. Planlarımda da yoxdu. Ancaq belə bir səlahiyyətim, imkanım olsaydı, məmnuniyyətlə ölkə futboluna inkişaf yolunda köməklik göstərərdim. 

Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR