Rəcəbov:

Rəcəbov: "Səhv olsaydı, üstünlük qazanmaq imkanım var idi"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" turnirində 3-cü turun oyunları keçirilib.
 
Sport7.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov çinli qrossmeyster Dinq Lirenlə heç-heçə oynayıb.

Şəmkirdə ardıcıl üçüncü heç-heçədən sonra Teymur Rəcəbov jurnalistlərin suallarına cavab verib. Rəcəbov partiyada heç bir tərəfdə üstünlüyün olmadığını deyib: "27-ci gedişə qədər bir neçə il əvvəl başqa turnirdə oynadığım partiyanı təkrarlayırdım. Dinq Liren ağıllı oynadı, səhvə yol vermədi. Səhv olsaydı üstünlük qazanmaq imkanım var idi. Sadəcə Liren diqqətli oldu, bir an belə fürsət yaratmadı".

Şahmatçımız gələcəkdə öz akademiyasını açmaq istəyini də bildirdi: "Hazırda karyeramı davam etdirirəm. Amma akademiya barədə düşündüyümü gizlətmirəm. Gələcəkdə uşaqlar üçün şahmatla bağlı xüsusi məkanın olmasını istərdim. Orada uşaqlara şahmat öyrədiləcək. Mən də biliyimi onlara öyrətməyə çalışacam. Hazırda bu fikirləri reallaşdırmaq mümkün deyil. İstəmirəm ki,akademiyam olsun, amma özüm ildə bir dəfə ora gedib. Əgər bu işə başlayıramsa gərək sona qədər peşəkar olaraq ümidləri doğruldum. Uşaqlarını etibar edərək akademiyaya gətirəcəklərsə məni də orada görməlidirlər".

Çinli Dinq Liren isə rəqibin ona qarşı yaxşı hazırlaşdığını söyləyib: "Teymur maraqlı debüt etdi. Bir neçə variant var idi. Mümkün qədər ehtiyatlı oynamağa nail oldum. Heç-heçə ədalətli nəticədir. Qələbə görsənmirdi. Rəqibə üstünlük qazanmağa imkan vermədim, ona görə oyunu uzatmağa ehtiyac yox idi".

Liren sosial şəbəkələrə vaxt ayırmadığını deyib. Onun sözlərinə görə ayda yalnız bir şəkil yükləməklə kifayətlənir: "Çində facebook, twitter, instagram yoxdu. Daha doğrusu geniş istifadə olunmur. Bizim özümüzün sosial şəbəkəsi var. Ona görə orada qeydiyyatdan keçmişəm. Fikrimcə sosial şəbəkə vaxt itkisidir. Məhz bu səbəbdən aktiv deyiləm".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR