Region Liqasında ilk “sürpriz”: Vəliyevin 48-ci məğlubiyyəti

Region Liqasında ilk “sürpriz”: Vəliyevin 48-ci məğlubiyyəti
AFFA-nın bu ildən keçirməyə başladığı Region Liqasında cəmi 2 tur arxada qalıb. Lakin həvəskar statuslu yarışda elə indidən ciddi problemlər ortaya çıxır.
 
Sport7.az xəbər verir ki, sabah AFFA İntizam Komitəsi bu yarışla bağlı ilk ciddi qərarını verəcək. Belə ki, Paytaxt regionunda baş tutmayan "Ümid” – "Tufan” oyununda meydan sahiblərinə texniki məğlubiyyət rəsmiləşəcək. Matç günü rəqibini qəbul edən "Ümid” təcili tibbi yardım maşınını təşkil edə bilmədiyinə görə oyun keçirilməyib. Hətta hakimlərin və qonaq komandanın yarım saat gözləməsi də yetərli olmayıb və problem yoluna qoyulmayıb.
 
Beləliklə, sabah Region Liqasında ilk cəza rəsmiləşəcək. Bu, AFFA-nın pilot layihəsi olan yarışın imici üçün yaxşı hal deyil.
 
Yarışın həvəskarlar arasında keçirildiyini, yeni turnir olduğunu nəzərə alıb, bəlkə də bu olaya göz yummaq olardı. Amma AFFA rəsmiləri Həvəskarlar Federasiyasının işindən narazı olduqlarını, bu qurumun keçirdiyi yarışın səviyyəsinin qənaətbəxş olmadığını elə vurğulayırdılar ki, Region Liqasının qüsursuz olacağını düşünürdük. Gəl ki, cəmi 2 tur keçib və ilk texniki məğlubiyyət hazırdı.
 
Klubları tələsik yığanda, bu yöndə il ərzində iş aparmadan 5-10 günə çempionat təşkil edəndə nəticə belə də olmalıydı. AFFA-nın baş katibi Elxan Məmmədov bütün klubları, yarışları bir əldə, öz inhisarında cəmləşdirmək xatirinə zor gücünə yarış təşkil edib, lakin kadrları onun ümidlərini puç edir.
 
Əslində, bu işi Yusif Vəliyevə tapşıranda belə aqibət gözlənilən idi. Bu marketoloq qaqaş uşaq liqalarında hansı uğura imza atdı ki, ona Region Liqası da həvalə edildi? Uşaq liqalarında 3 aya 47 texniki məğlubiyyət qeydə alınıb – bu rəqəm isə Vəliyevin bacarığının güzgüsüdü. İndi də Region liqasında bərbad statistikalar göz oxşayacaq.
 
Onu da xatırladaq ki, Region Liqası artıq qış yuxusuna gedib. Cəmi 2 turu bu il tələsik keçirilən yarış bir də fevralda bərpa ediləcək. Ümid edirik, xahiş-minnətlə yığılan klublar ovaxta qədər yaşayar. (Futbolinfo)
 

Xəbər lenti