"Regional Liqa"nı bu ilin noyabrında başlayıb, mayda bitirmək fikrimiz var" - Vaqif Sadıqov

AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov İcraiyyə Komitəsinin qərarları ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssis Sport7.az-a açıqlamasında buları bildirib:

"Regional Liqa"nı yaradılması və Lisenziyalaşdırma ilə bağlı bəzi əlavə dəyişikliklər oldu. Onları müakirə etdik. Hamı müsbət yanaşdı. hazırda iki peşəkar və bir həvəskar liqamız var. "Regional Liqa"nın nüfuzu həvəskarlara nisbətən qat-qat yüksək olacaq. Bir neçə variant olsa da, liqanı 3 bölgəyə böldük. Pilot layihəsi kimi ilk dəfə bunu başlayacağıq. Almaniya modelinə bənzər bir liqa olacaq. Hər bölgədə 8 komanda çıxış edəcək. Qaliblər final mərhələsinə yüksələcək. Onların arasında qalib olan isə birbaşa birinci diviziona vəsiqə qazanacaq. "Regional Liqa"nı bu ilin noyabrında başlayıb, mayda bitirmək fikrimiz var. Bakı, şimal bir, cənub-aran bir, şimal-qərb və qərb də bir bölgə olacaq. O bölgələr arasında çempionat keçiriləcək və qaliblər final mərhələsinə yüksələrək orda mübarizə aparacaq. Onu da qeyd edim ki, birinci diviziona yüksələn komandalar mütləq lisenziya şərtlərinə cavab verməlidilər. Həvəskar liqa da olacaq. Ümumilikdə Azərbaycanda 4 mərhələli çempionat keçiriləcək. Bu gün 36-ya yaxın komanda həvəskarlar liqasında çıxış edir. Onların ən yaxşıları seçilərək liqalarda iştirak edəcək. Yeni yaranan komandalar əvvəlcə "Regional Liqa"da iştirak edib, daha sonra birinci diviziona vəsiqə qazana bilərlər. İdman prinsiplərinə əməl etmək çox vacibdi. Əsas odu ki, komandalar lisenziya tələblərinə cavab versin, "Regional Liqada" mərhələ keçərək birinci dəstəyə yüksəlsin. Müvəqqəti komanda olmasın. Birinci dəstəyə layiq olduğunu sübut etsin. Məqsəd budu. Komandaların sayını artırmaq da mümkündü. İnşallah davamını da gətirəcəyik.

Bundan başqa uşaq komandaları ilə bağlı da bəzi dəyişikliklər oldu. Uşaq futbolunun proqramı bizə həvalı olundu. Düzdü bunu edirdik, amma indi rəsmiləşdi. 

Lisenziyalaşdırma qaydalarına əlavələr olacaq. Kurs keçən menecerlərə sertifikt verilirdi. İndi onlar kurs keçəndən sonra imtahan verəcəklər. İmtahandan keçənlərə lisenziya təqdim olunacaq. Bu da onlara klubda peşəkar səviyyədə fəaliyyətlərini davam etdirməyə imkan yaradacaq. 

Dopinqlə bağlı məsələlər vardı. Bundan başqa "U-19 Liqası"nın adı formal xarakter daşıyırdı. Biz bunu dəyişdirib "Gənclər Liqası" etdik. Bu kimi idman meyarlarını müzakirə etdik. Ən çox vaxt aparan "Regional Liqa" və dopinqlə bağlı müzakirələr oldu. Dopinqlə bağlı tələbləri İcraiyyə Komitəsinin diqqətinə çatdırdılar. Bizim üçün yeni bir şeydi. Demək olar bundan sonra biz də belə məsələlərə cavabdehik. 

Gündəlik var, ondan kənara çıxmaq olmaz. Biz də həmin məsələləri müzakirə etdik. Başqa təkliflər olmadı".

Sport7.az

Xəbər lenti