Regional “qan çanağı”

Regional “qan çanağı”
Yalanın ömrü əvvəllər 40 gün çəkirdi. Elm və texnikanın sürətli inkişafı bu sahədə də öz təsirini göstərib. Artıq heç 40 gözləməyə də ehtiyac qalmayıb. Bu gün danışılan yalanın üstü uzağı bir həftə, bəzən isə bir neçə günə də açılır. Elə AFFA-nın yalanları kimi...

Martın 7-də keçirilən Hesabat Konfransında son bir ildə qazanılan uğurlardan danışmışdılar. Nə idi uğurlar? Hansı uğuru qazanmışdıq? Bəli, son illərdə buna adət ediblər. İşləri çətinə düşən kimi "Qarabağ”ın avrokuboklardakı çıxışını xatırlayırlar. Əvvəllər Avropa Liqasının qrupundan danışırdılar. Bu dəfə işi bir az da böyüdüblər, Çempionlar Liqasının qrupunda oynamağımızla fəxr edirlər.

Bəli, "Qarabağ” tarix yazıb. Bununla hər bir azərbaycanlı fəxr etməli, "Qarabağ”ın futbolçularını, rəhbərliyini, məşqçilərini minnətdarlıqla yad etməliyik. AFFA-da vəzifə tutanlar da eyni hissləri paylaşa bilərlər, amma sıravi azərbaycanlı kimi. Çünki bu uğura qatqıları yoxdu, "Qarabağ”ın güclənməsi, inkişafı, yaxşı çempionatda oynaması üçün heç nə etməyiblər, hansısa iş görməyiblər. Əksinə, apardıqları qeyri-sağlam siyasət nəticəsində bölgə komandalarının sayı sürətlə azalıb, tribunalar boş qalıb. Əyalətlərdə yaşayanlar bu gün Azərbaycanda çempionatın keçirilməsindən, futbolun varlığından xəbərsizdilər.

Yaxşı ki, bir vaxtlar ortaya atdıqları "Müşahidə Şurası toru”na "Qarabağ”la "Qəbələ”ni sala bilmədilər. Müşahidə Şurası yaratdıqlarının, öz əsarətlərinin altına saldıqlarının durumu hamımızın gözünün önündədi. Üzümüzü ağardan bu iki klub var. Onlar da saqqallarını AFFA-nın əlinə verməyənlərdi. "Neftçi”ni yanı üstə qoydular, "Kəpəz”in adı yerlərdə sürünür, "Sumqayıt”ın başına da istədikləri oyunu açırlar. "İnter”i tarixə qovuşdurub, Zaur Axundov üçün də "Keşlə” adlı oyuncaq yaratdılar.

Danışmağa dilləri, öyünməyə uğurları yoxdu. Klublara "ixrac” etdikləri kadrlar da hamısı əliəyrilikdə ad çıxarır, fərsizlikləri ilə gülüş hədəfinə çevrilir, adicə tapşırıqları belə yerinə yetirəcək səviyyədə olmurlar. "Kadlar şöbəsi”nin rəsinin üzü bu kadrların sayəsində əməlli-başlı qaralıb. Amma özünü o yerə qoymur, hələ də qamətini şux saxlamağa çalışır. Axırı yaxşı olmayacaq, şübhə etməyin!

Hə, onu deyirdim axı. Sonuncu konfransda "Qarabağ”ın uğurlarını öz adlarına çıxarmışdılar. Sonra da fəxrlə Region Liqası yaratdıqlarını, orda 24 komandanın mübarizə apardığını demişdilər. İsgəndər Cavadovla Vaqif Sadıqovun rayonlarda kabab yeyə-yeyə yaratdıqları bu liqa da üzqarasıdı. AFFA-nın İntizam Komitəsi hər iclasında hansısa futbolçunu, yaxud da bütövlükdə komandanı cəzalandırır. Aşağı yaş qrupları üzrə AFFA-nın keçirdiyi çempionatda olduğu kimi, Region Liqasında da təşkilatçılıq sıfırdı, texniki məğlubiyyətlərin sayı artmaqdadı. Sonuncu biabırçı olay Sabirabadda yaşanıb.

Sabirabadda yerli "Gənclik” komandasının Fizulinin eyniadılı təmsilçisi ilə oyununda AFFA-nın fəxr etdiyi liqanın "gülü” üzə çıxıb. Hakimin meydan sahiblərinin qapısına təyin etdiyi penalti yerli azarkeşləri özündən çıxarıb. Onlar da məsələni özləri bildiyi kimi həll ediblər. Meydana girib, hakimi üzü paltardəyişmə otaqlarına doğru qovublar. Oyun da yarımçıq qalıb. Vəssalam, bu da bizim "AFFAsayağı təşkilatçılığımız”.

O qarışıqlıqda biri cibindən bıçaq çıxarsa və hakimi, yaxud rəqibin futbolçusunu bıçaqlasa, kim məsuliyyət daşıyacaq? Hamı bir-birini günahlandıracaq, vuran da, vurulan da bədbəxt olacaq. Ciddi tədbirlər görülməsə, AFFA-nın məmurları isti kabinetlərdən çıxıb, rayonlarda keçirilən oyunların təşkilatçılığı ilə ciddi məşğul olmasalar, bu cür aqibət qaçılmazdı. Bölgələrə səfər edin, əyalət futbolunun problemləri ilə maraqlanın, təşkilatçılıqla ciddi məşğul olun. Gələn ilki Hesabat Konfransında bu barədə fəxrlə danışarsız!

Amal ABUŞOV

Xəbər lenti