Rəşad Sadıqov: İsrarla istəsəydilər, milliyə qayıdardım – MÜSAHİBƏ

Rəşad Sadıqov: İsrarla istəsəydilər, milliyə qayıdardım – MÜSAHİBƏ
Yığmamızın sabiq müdafiəçisi və kapitanı Rəşad Sadıqovun Oxu.az-a müsahibəsi. 

– Söhbətə U-21-lə başlayaq. Norveçlə seçmə oyun bizim üçün əhəmiyyətsizdir. Artıq indidən gələcəyin konturları cızılırmı?

– Norveç U-21-də Almaniya səviyyəsində olan rəqibdir. Kosovo ilə hər iki oyunda öz səhvləri ucbatından uduzdular. Birində 5:0 qalib gəldikləri halda, texniki məğlubiyyətlə üzləşdilər. Digərində isə ilk hissədə 2:0 qalib gəldikləri matçda 2:3 uduzdular. Norveçin Avropa çempionatına çıxma şansı olsa da, bizim də bu oyunla bağlı öz strategiyamız var.

Birinci oyunda iki, ikinci matçda dörd yeni oyunçudan yararlanmışam. Son matçlarda isə bu rəqəm altıya çatıb. Növbəti mövsümün konturları hələ Kosovo və İrlandiya ilə oyunlardan sonra cızılmağa başlanıb. İrlandiyaya qarşı matçda 7-8 debütant futbolçu heyətə çağırmışdım. Bir neçə futbolçu var ki, onların növbəti mövsüm əsas heyətin aparıcı üzvü olacağını gözləyirəm.

– Növbəti seçmə mərhələyə indidən hazırlıq gedirsə, o zaman sizi yenidən U-21-in başında görəcəyik. Düz fikirləşirəmmi?

– Sözün düzü, AFFA ilə müqaviləmin müddətinə baxmamışam. Səhv etmirəmsə, üç illik bağlamışdıq. Sabah millidə mənim və ya qeyrisinin olması o qədər də önəm kəsb etmir. Əsas odur ki, milliyə yaxşı futbolçu yetişdirək.

– U-21-də köməkçiniz Aftandil Hacıyev birdən-birə "Səbail”ə baş məşqçi təyin olundu. Onun dar gündə atıb getməsi sizə pis təsir etmədi ki?

– Açığı, bir az da olsa, pis təsir etdi. Çünki belə bir təklif olanda düşünmədən qərar verdi. Halbuki düşünürdüm ki, oturub bu haqda ətraflı söhbət edərik, müzakirə apararıq. Amma birbaşa qərar verdiyi üçün ona heç bir söz demədim.



– Bizdə futbolda halallıq söhbəti dəbdədir. Halallıq verdiniz?

– Halallıq verməməyim mümkün deyil. Amma onu yığmaya gətirdiyim üçün Aftandildən çox şey umurdum. Biz bir-birimizi çox yaxşı başa düşürdük... 

– Ötən il "Qarabağ”la Romada olanda bir yerdə idik. Onda "Qarabağ” U-19-nun baş məşqçisi kimi uşaq futbolundakı problemləri sərt şəkildə qabartmışdınız. O açıqlamalardan sonra başınız ağrımadı?

– Başım ağrımadı. Şəxsən özümə bu barədə "niyə belə demisən” deyən olmadı. Ola bilsin ki, kimlərsə bu fikirlərimə görə inciyib. Amma bu, bir gerçəkdir. Biz aşağı yaş qruplarına çox önəm verməliyik. Artıq bu edilir. Birdən-birə Çempionlar Liqasına hazır komanda düşmür. Bu komandanı hazırlamaq, formalaşdırmaq barədə düşünməliyik.

– "Qarabağ”ın U-19-dan mayda ayrıldınız. Səbəb də bu oldu ki, işləriniz çoxdur deyə çatdırmırsınız. Bu gedişdə azarkeşlərin və mətbuatın təzyiqi böyük rol oynadımı?

– Yox, mən təzyiqə görə addım atan deyiləm. Lazımi, ağlıma batan tənqiddən dərs çıxaran insanam. Amma təzyiqə görə əməlimdən geri çəkilən deyiləm. Əksinə, mənə təzyiqlər olan vaxt U-19-dan getmədim və altı ay işimi davam etdirdim. Ötən ilin dekabrında U-21 millisinə baş məşqçi təyin olunanda danışığımız belə olmuşdu ki, U-19-u təhvil verəcəyəm. Amma komandanı yarıyolda qoymaq istəmədim və maya kimi baş məşqçiliyimi davam etdirdim.

Özünüz görəcəksiniz ki, o komandadan gələcəkdə millimizə fayda verəcək 4-5 futbolçu çıxacaq. İndi həmin futbolçular "Qarabağ”ın əvəzedici komandasındadır, bəziləri əsas komanda ilə məşq keçir. Mən reallığı bilən insanam. Ona görə də lazım olanda 2-3 işdə çalışmağa hazıram. Bunu kefimdən etmirəm, Azərbaycan futbolunun inkişafı üçün edirəm.

Heç kim futbolçu yetişdirmək, milliyə yaxın durmaq istəmir. Mən də gəzmək, dincəlmək istəyirəm. Son dörd ayda yetmiş gündən çox toplanışda olmuşam, evimdə tapılmamışam. Yəni yayda istirahət etmək əvəzinə məşqlərdə olmuşam. U-21, U-20 millilərində və U-19 komandasında işləmək maddi cəhətdən mənə nə verir ki? Burada əziyyətdən başqa bir şey yoxdur.

Bir şeyə də aydınlıq gətirim ki, əslində, U-20 millisi elə U-21 idi, bir toplanışlıq üçün nəzərdə tutulmuş komanda idi. Gələn ildən əsl U-20 komandası olacaq. Yəni əslində, mən iki komandanın baş məşqçisi olmuşam. Hazırda isə yalnız U-21-in baş məşqçisiyəm. U-20-yə isə yeni baş məşqçi təyin olunacaq.

– "Qarabağ”ın U-19-u ilə ölkə çempionatının qızıl və gümüş medallarını qazanmışdınız, UEFA Gənclər Liqasının qrupunda qalibiyyət əldə etmişdiniz. Olmazdımı ki, orada qalıb, millidəki işinizi sonlandıraydınız...

– U-21 millisinə təyinat almasaydım belə, "Qarabağ”dakı vəzifəmdən gedəcəkdim. Çünki klubda baş məşqçi işləmək çox enerji aparır. Milli başqadır, çempionatlarda fasilə olan vaxt 10-15 gün bir yerdə olursan. Amma futbolçu kimi oynaya-oynaya bütün mövsüm boyu klubda baş məşqçi işləmək çox ağır idi. Həmin vaxt fiziki-mənəvi cəhətdən ağır dönəm keçirirdim. Ona görə də U-19-dan getməyə qərar vermişdim. Əslində, çempion olandan sonra gedəcəkdim, klubdan saxladılar...

– Baş məşqçilikdən keçək futbolçu həyatınıza. "Qarabağ”ın son dörd oyunundan üçündə səhv etdiniz. Bunlardan hansında səhvinizin olmadığını düşünürsünüz?

– Mən "Şerif”lə Moldovadakı qolda səhvimin olduğunu düşünmürəm. Kimsə həmin qolda səhvimin olduğunu qeyd edirsə, deməli, futboldan o qədər dərindən anlayışı olmayan insandır.



– Orada daha çox rəqibi süni oyundankənar vəziyyətə salmaqda ləngiməyiniz sizə irad tutulur...

– Top itkisindən sonra süni ofsayd etməzlər. Çünki anidən top itirdiyin vaxt müdafiə açıq, dağınıq vəziyyətdə olur. Həmin epizodda mərkəz hücumçusu və cinah yarımmüdafiəçiləri təhlükə yaradır. Hər oyunçunun birini mən, digərini Maksim Medvedev, o birini isə Bədəvi Hüseynov tutur. Orada heç birimiz süni ofsayd etmək istəmirdik.

O durumda elə bir danışığımız olmadı. Ümumiyyətlə, müasir futbolda süni ofsaydı nadir hallarda edirlər. Üstəlik, əks-hücum zamanı, ümumiyyətlə, bunu etmirlər. Sadəcə, o epizodda müdafiəçilər arasında anlaşılmazlıq oldu.

– Bəs BATE ilə matçlardakı iki səhvi desək?

– Həmin səhvlərimi artıq etiraf etmişəm. Bu, texniki səhvlərdir. Topla oynamağı sevən futbolçuyam. Rişard Almeydanın gedişindən sonra hücumları qurmaq mənə tapşırılıb. Buna görə belə top itkilərinin olması normaldır. Səhvlərdən qaçmaq mümkün deyil. Futboldan yaxşı anlayışı olan insan bilir ki, belə səhvlərin yaşla əlaqəsi yoxdur.

Məgər mən sürətdə top itirdim ki, bunu yaşla əlaqələndirək? Sadəcə olaraq, səhv ötürmə verdim. Bu, avrokuboklarda ən yaxşı keçirdiyim mövsümdür. Təki bütün tənqidlər mənim üzərimdə qurulsun. Çünki mən bu təzyiqlərin altından daha yaxşı çıxacağam, nəinki komanda yoldaşlarım. Ona görə də, qoy, həmişə səhvlərimə görə tənqid olunum...


– "Şerif”lə Bakıdakı matçda həddindən çox qol vurmaq istəyiniz meydanda hiss olunurdu. 30-cu dəqiqədə Azərbaycansayağı künc zərbəsində buna yaxın idiniz...

– Həm qol vurmaq, həm də qələbə qazanmağı çox istəyirdim. Qol vurmaq üçün alışıb yanırdım. Amma qolu səhvimə bəraət qazandırmaq üçün vurmağa çalışmamışam. Hər zaman qol vurmaq istəmişəm. Bütün qollarım mənim üçün sevindirici olub və bu qollarım kiməsə özümü bağışlatmaq üçün olmayıb.

Biz "Qarabağ”ı təmsil edirik, bütün dünyanın gözü bizdədir. Sizə bir şey deyim. Əgər mən özümə kiməsə sübut etmək istəyində olsaydım, 3:0 öndə olduğumuz vaxtda – 91-ci dəqiqədə cərimə zərbəsini birbaşa qapıya vurardım. Mən Coşqun Diniyevə ötürdüm ki, künc bayrağının yanında vaxt udaq.

Orada da komandanın mənafeyini düşündüm. Çünki dörd dəqiqə əlavə olunmuşdu. İki qol buraxıb, mərhələni uduza bilərdik. Amma heç kim bundan danışmır. Səhv etdiyim deyilən matçlarda ən yaxşı oyunlarımı keçirmişəm.


– Sizin "Qarabağ”da karyeranızı bitirməməyinizin səbəbi belə də yozulur: avrokuboklarda 100-cü oyuna çıxmaq. Bu, nə dərəcədə doğru fikirdir?

– Mən 100-cü oyunumu keçirmək istəyirəm. Amma yenicə öyrənmişəm ki, 95 avrokubok matçına çıxmışam. Bunadək elə bilirdim ki, təxminən 70 matç keçirmişəm. Amma bu rəqəmin 99 və ya 100 olmasının mənim üçün o qədər də önəmi yoxdur. Mənim üçün ən önəmlisi "Qarabağ”ın qrupda oynaması, "Arsenal”, "Sportinq” kimi klubların Bakıya gəlməsidir. Təbii ki, klubda 100 avrokubok matçına çıxsam, şəxsi uğurum kimi sevinərəm.

– Boyunuzun bəstə, sürətinizin ləngliyi nə dərəcədə sizə mane olur?

– Türkiyə Superliqasında oynayan vaxt boyumun qısa olmasına görə "ikinci mərtəbə”də daim problemlərim olurdu. Stopperlərin boyu nə qədər hündür olsa, bir o qədər onun üçün üstünlükdür. Sürətə gəldikdə, məndə Rafael Varan kimi fantastik sürət yoxdur.

Onu iki dəfə keçsən də, yenə sürətinə görə sənə gəlib çatır. Məsələn, Serxio Ramosla Varanın sürətini müqayisə etmək olmaz. Çox istərdim ki, belə sürətim olaydı. Amma belə sürətimdən çox da şikayətçi deyiləm.


– Qara Qarayevin sonuncu avrokubok matçından sonra tribunalara gəlməyən azarkeşlər barədə sərt fikirləri yaxşı qarşılanmadı. Onun bu fikirlərinə münasibətiniz necə oldu və onunla bir kapitan kimi bu barədə söhbətiniz oldumu?

– Oyundan öncə eşitmişdik ki, bəzi azarkeşlər oyunumuzu boykot etmək istəyir. Üstəlik, az bilet satılmışdı. Bu cür şeylər bizə neqativ təsir edirdi. Qaranın açıqlamasını sonradan gördüm. Bir az o anda emosiyaya qapılıb danışmışdı. O, bizim arxamızda dayanan azarkeşləri yox, bizi boykot edən tərəfdarları nəzərdə tutmuşdu.

"Qarabağ”ın futbolçusu azarkeşləri xəyanətdə ittiham etdi
 
Bu, 10 nəfərlə "Atletiko”ya uduzmayan, beş il ardıcıl çempion olan bir komandadır. Hər bir komandada uğursuzluq, səhvlər ola bilər. İlk məğlubiyyətdəcə bizdən üz döndərilməsi bizə pis təsir etmişdi. Bilirdik ki, onlar bizim azarkeşlər deyil. Sadəcə olaraq, boş vaxtlarında beynəlxalq matçlarda oyunlara gələn azarkeşlər idi. Qara da məhz onları nəzərdə tutmuşdu.

– Millidə müdafiənin mərkəzində məcburiyyətdən Maksim Medvedev oynadılır. Səmimi olsaq, sizə milliyə qayıtmağınızla bağlı Qurban Qurbanov tərəfindən müraciət olubmu?

– Müraciət olmayıb, amma bu barədə ortaq müzakirə aparılıb. O da Ruslan Abışovun zədələnməsindən sonra... İsrarla məndən milliyə qayıtmaq istənilsəydi, qayıdardım. Qurban Qurbanov millidə baş məşqçi olmasaydı belə, yığmada vəziyyət pisdirsə, qayıdardım. Ancaq mən əsl azarkeşlərin fikirlərinə də hörmət edən insanam. Düşünürəm ki, milliyə qayıtmağım düz olmazdı...

– Qurban Qurbanovla aranızda təxminən 10 yaş fərq var. Bilirik ki, aranızda məşqçi-futbolçu münasibətlərindən çox, dostluq əlaqələri var. 10 yaş fərq üçün bu, qəribə deyilmi?

– Mən həmişə özümdən böyüklərlə dostluq etmişəm. Elə oldu ki, 18 yaşımda yüksək dəstədə oynamağa başladım. Orada da hamı məndən böyük idi. Elə "Neftçi”də birgə oynadığımız vaxtlardan dostluğumuz başladı. Çünki möhkəm, vəfalı, sadiq, dürüst insandır. Bu dövrdə də belə dost tapmaq mümkünsüz bir şeydir. Bəlkə də, aramızda məşqçi-futbolçu münasibətləri olmasaydı, dostluq bağlarımız bundan da möhkəm ola bilərdi. İndi arada işdən dolayı müəyyən pərdə var.

– Pərdə demişkən, sizin ölkə çempionatının oyunları zamanı texniki zonada Qurban Qurbanovla paralel oyunçulara göstəriş verməyiniz tənqid olunur...

– Belə şey olmayıb. Meydançada olanda danışan insanam. Ehtiyatda olanda isə, demək olar ki, danışmıram. Niyə insanlar məni detallı şəkildə analiz edir, bilmirəm. Bir oyun deyə bilməzlər ki, Qurban müəllimi texniki zonada qabaqlayıb kiməsə göstəriş vermişəm. "Olimpiya” ilə oyunda isinmə hərəkətləri edərkən rəqib futbolçunu tutmağına dair bir dəfə Donald Qeryeyə kənardan söz demişəm.

Sonradan qulağıma çatır ki, bunu şişirdiblər. Bu şeyləri kənara qoymaq lazımdır, vallah. Bəyəm kiməsə kənardan göstəriş verməklə özümə hörmət qazanıram? Başa düşə bilmirəm ki, niyə bu qədər müzakirə olunuram.



– Yəni, Qurban Qurbanov belə şeylərdən incimir ki?

– Tək mən deyiləm ki. O qədər olub ki, Riçi, Miçel ehtiyatda olan vaxt qalxıb oyunçulara "come on” kimi dəstək verib. Mən bayrağın yanında kiməsə nəsə demişəm, bunu sosial şəbəkədə şişirdirlər ki, baxın, Qurbana hörmətsizlik edir. İnsanlarda haqqımda mənfi fikirlər formalaşdırmağa çalışırlar...

– Sosial şəbəkədən söz düşmüşkən, özünüz izləyirsiniz ictimaiyyətdə gedən rəyləri?

– 2-3 ay olar ki, "Instagram”da öz profilimi açmışam. Dostlarım yaradıb. Ümumiyyətlə, demişdim ki, karyeramı bitirəndən sonra açacağam. Karyeramı bitirməsəm də, bitirməyə yaxınam deyə açdırdım.

– Dostluğunuzda jurnalistlər var?

– Orada dostluq necədir ki? (gülür) Hərdən özümlə, "Qarabağ” və milli ilə bağlı paylaşımlar edirəm.

– Müsahibələrinizdən birində demişdiniz ki, jurnalist kimi işləmək maraqlı olardı. Deyək ki, belə bir imkanınız var. Kimdən müsahibə götürmək istərdiniz?

– Çox maraqlı sualdır. Düşünmək lazımdır. Müsahibə götürmək, köşə yazısı yazmaq istəyərəm. Futbolumuza fayda verən, nəyi necə etməli olduğumuz yönündə yazılar yazmağı istərdim. Azərbaycanda Qurban Qurbanovdan müsahibə maraqlı olardı.

Nə vaxtsa bunu etmək istərdim. Çünki mənim kimi onu yaxşı tanıyan yoxdur. Dünya futbolunda məşqçi kimi Pep Qvardioladan, əzmkar idmançı kimi Kriştianu Ronaldudan, istedadlı futbolçu kimi Lionel Messidən müsahibə almaq istərdim.


– Rəhmətlik Böyükağa Hacıyev sağ olsaydı, ondan müsahibə almaq istərdinizmi?

– Onunla müsahibə şedevr alınardı. Böyükağa müəllimlə verilişdə görüşmək istərdim (gülür).

– Telefon nömrənizi tez-tez dəyişirsiniz. Bu, jurnalistlərdən qaçmaq üçün əla üsuldur?

– Bu, jurnalistlərlə bağlı olan məsələ deyil. Sadəcə olaraq, nömrəmin yayılmasını xoşlamıram. Hiss edəndə ki, artıq yayılıb, dəyişirəm.
 
Sport7.az

Xəbər lenti