"Rəşadı əvəz etmək çox çətindi" - Vaqif Sadıqov

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığımamızın 2 oyunu qalıb.

Evdə Çexiyanı qəbul edəcək Prosineçkinin komandası, sonuncu görüşünü səfərdə Almaniyaya qarşı keçirəcək. Bu mənada yığmamızın ilkə imza ataraq 3-cü yeri tutmaq şansı var. Ancaq istəyə çatmaq üçün çexlər üzərində qələbə qazanmalıyıq.

Bundan əlavə komandamızın kapitanı Rəşad Sadıqov yığma karyerasını bitirdiyini açıqlayıb. O oktyabrın 5-də Çexiya ilə baş tutacaq oyundan sonra yığmadan gedəcəyini bildirib.

Bütün bu məsələlərlə bağlı təcrübəli mütəxəssis Vaqif Sadıqovun fikirlərini öyrəndik. Vaqif bəy Sport7.az-a açıqlamasında öncə yığmanın qarşıdakı oyunlarını dəyərləndirdi, ardından Rəşadın gedişinə toxundu.

"Necə oynamaq lazım olduğunu baş məşqçi bilir. Amma hamımızın istəyi birdi. Komanda bu tsikldə ilklərə imza atıb və qələbə qazanacağı halda 3-cü yeri tutmaq üçün yaxşı şans əldə edib. Bu Azərbaycan yığması üçün böyük nailiyyətdi. Məncə Prosineçki və onun komandası bunu dərk edib, başa düşür və bizləri sevindirmək, ilkə imza atmaq üçün əllərindən gələni edəcəklər. 

Əksəriyyət düşünür ki, Almaniya bizim üçün mənasız səfər olacaq. Amma fikrimcə Çexiya yığması üzərində qələbə psixoloji cəhətdən uşaqlarda inamı artıracaq və dünyanın ən güclü komandasına qarşı özlərini sınayacaqlar. Ümidvaram ki, Çexiyanı məğlub edərək tarixdə yeni səhifə yazacağıq. Doğru yolda olduğumuzu bir də sübut etməliyik. Daha sonra yaxşı əhval-ruhiyyə və psixoloji üstünlüklə dünyanın ən güclü yığmasına qarşı sərbəst şəkildə nəyə qadir olduqlarını hər bir futbolçu göstərməlidi. Ən vacibi odu ki elə bir oyun sərgiləyək ki, gələcəyə nikbin baxaq. 

Bakıda keçirilən hər bir oyunda şanslarımız qat-qat çoxdu. Azarkeşlərin dəstəyinin, komandanın motovasiya olmasına şahidlik etmişik. Səfərdəki oyun göstərdi ki, bu komandaya qarşı tam gücümüzü qoysaq müsbət nəticə əldə etmək mümkündü. Nəzərə alsaq ki, bu hər komanda üçün vacib görüşdü, çexlər də onları yalnız qələbə qane etdiyini anlayır, belədə açıqfutbola tamaşa edəcəyik. Hər iki komanda qələbə qazanmağa çalışacaq, düşünürəm ki, bizi maraqlı və gərgin oyun gözləyir. İnşallah sevinən tərəf biz olarıq. Buna doğru çoxdan gedirik qadirik və arzulayırıq. Yığmamız 3-cü yerə layiqdi. Fikrimcə hər birimizin istəyi imkan verəcək ki,  komandamız qələbə qazanmaqla ilkə imza atsın və 3-cü yerin sahibi olsun. 

Həmişə demişəm ki, oyundan öncə şanslar bərabərdi. Fərqi yoxdu hansı rəqibdi. Hər komandanın şansları bərabərdi və qələbəyə kökləniblər. Turnirdəki vəziyyət onları buna məcbur edir.  Topa ilk toxunuşdan sonra şansları öz xeyrinə dəyişən yığmamız olacaq. Azarkeşləri nəzərə alaraq  deyə bilərəm ki, 60-40-a faiz nisbəti ilə çexlərdən üstünük.

Rəşada gəlincə, onu əvəz etmək çox çətindi. Həm liderlik, həm futbol həm də insanlıq keyfiyyəti baxımından belədi. Amma həyat onu göstərəcək ki, yığmamızda yeni lider olacaq və komandamızı arxasınca aparacaq. Hazırda kiminsə adın çəkmək istəməzdim, çünki yığmada nəsil dəyişikliyi gedir. Gənc futbolçular, yeni simalar cəlb olunur. Rəşadın yerin tutmaq üçün o keyfiyyətlərə malik insan olmalıdı. Bundan əlavə klub və yığma səviyyəsində beynəlxalq təcrübəyə malik, xarizma və kreativ bir insan olmalıdı. İndi bundan danışmaq bəlkə də tezdi, komandada tam islahatlar aparandan sonra bu yükü üzərinə götürməyə çalışan insanlar olacaq. İnşallah Rəşadın yolunu davam etdirib yeni uğğurlar qazanmaq üçün liderlik keyfiyyətinə malik futbolçular olacaq. Bu qərarı özü verib. Bilirəm ki, Rəşad üçün çox çətindi. Hər futbolçu üçün belə qərar vermək və futbolla vidalaşmaq asan deyil. Amma Rəşad özü dərk edərək belə addım atıb. Hələlik yığma ilə vidalaşsa da klub fəaliyyətini davam etdirir. Bundan əlavə futbolda qalacağını sübut etdi və məşqçi kimi fəaliyyətinə davam edəcək. Rəşad bizimlə birlikdə olacaq, Azərbaycan futboluna xidmət edəcək, sırf yaşıl meydandan kənarda da uğurları çox olacaq və inşallah onlara sevinən tərəf biz olacağıq. Rəşad hər birimizin tələbəsidi və futbolçu kimi formalaşmasında hamımızın payı var".

Sport7.az

Xəbər lenti