Riad elə danışdı ki... - Onun dedikləri həmin qəbildəndi

Riad elə danışdı ki... - Onun dedikləri həmin qəbildəndi

Son günlər "Sumqayıt”ın prezidenti Riad Rəfiyev gündəmdən düşmür. Əvvəlcə "Azərbaycan” radiosunun qonağı olan Rəfiyev daha sonra Klublar Komitəsinin iclasından sonra mikrofonların önünə keçib. Hər açıqlamasında da xeyli mübahisəli və ziddiyyətli ifadələr işlədib, özünü gülüş hədəfinə çevirib.

Qəhrəmanımız böyüyəndə Elxan Məmmədov olmaq istəyir. Danışığı, davranışları, intonasiyası belə AFFA-nın baş katibini xatırladır. Soyadları eyni olsaydı, qohum olmalarından şübhələnərdim, deyərdim ki, əmioğludular. Amma hər ikisini yaxşı tanıyırıq, reallıqdan xəbərdarıq. Bilirik ki, bu iki cavan oğlanı qohumluq əlaqələri bağlamır. Di gəl ki, gənc Rəfiyev Elxan Məmmədovu özünə ideal seçib, ona oxşamağa çalışır. Kim bilir, bəlkə böyüyəndə o da AFFA-nın baş katibi olmağı arzulayır. Hələliksə işləri pis getmir. AFFA-nın meneceri kimi özünü təsdiqləyib, ad-san qazanıb. Təsadüfi deyil ki, mənim kimi çoxları bu gün Riadı klub prezidentindən daha çox futbolçu meneceri kimi tanıyır. Adam bu sahədə özünü o qədər rahat hiss edir ki, açdığı menecer şirkətinin də adını "3R” qoyub. Yəni ki, siz deyinməyinizdə olun, biz öz işimizdəyik.

Cənab Rəfiyevin Elxan Məmmədovun yoluyla getməsini əbəs yerə xatırlatmadım. AFFA-nın baş katibi də bu yaxınlarda dövlət radiosunda peyda olmuş və onu tənqid edən qələm sahiblərinə böhtan atmışdı. Guya ki, qələm əhlinin vicdanlı kəsimi "danışılmış oyunlar”ı idarə edən hansısa naməlum şəbəkəylə eyni ələ oynayır və buna görə də bizim aydan arı, sudan duru baş katibimizi tənqid edir, futbolumuzdakı inkişafı görmək istəmirlər. Onda da demişdim, indi də deyirəm. Buyursunlar, meydan burda, biz də burda. Elxan Məmmədov onu tənqid edən jurnalistlərin birinin hansısa çirkin işlərə qarışdığını isbatlasın. Mənim, ya başqasının bu əməllərdə iştirak etdiyini, hansısa "qumarbazın” sifarişiylə ona tənqid yağdırdığını isbatlaya bilsə, qələmimi ömürlük yerə qoyuram. Gedib özümə başqa sənət tapacam, qoy Azərbaycan futbolu Elxan Məmmədova və onun mirzələrinə qalsın. Ürəkləri nə istəyirsə, onu da etsinlər.

Eyni müraciəti çox hörmətli Riad Rəfiyevə də ünvanlayıram. Gənc və perspektivli futbol meneceri, klub prezidenti Riad bəy belə bir iddiada bulunub. Guya ki, onu tənqid edənlər milliyə öz dost-tanışlarını baş məşqçi gətirmək istəyirlər, hədəflərinə çata bilmədiklərinə görə Rəfiyevi "topa tuturlar”. Deyir, oğru elə bağırır ki, doğrunun bağrı param-parça olur. Elxan Məmmədovla onun sevimli kadrı Riad Rəfiyev son aylarda məhz bu işlə məşğuldular. Beş klubu bir əldə saxlayan, öz kadrlarını, dost-aşnasını həmin klublara yerləşdirən Elxan Məmmədov. Amma başqalarını "danışılmış oyunlar”ı idarə etməkdə, mətbuatı da həmin adamlara dəstək verməkdə günahlandırır. Eynisini də onun açdığı cığırla yürüməyi özünə şərəf bilən Riad Rəfiyev edir. Adamın klub prezidenti ola-ola, onlarla futbolçuya menecerlik etməsi, milliyə məşqçi və oyunçu seçməsi hamıya əyan olan işdi. Hansı jurnalist onun bazarına girib, milliyə məşqçi təyin edib? Adını çəksin, nişan versin, biz də onunla birlikdə lənət oxuyaq, həmin adamı sıralarımızdan uzaqlaşdıraq. Qoy idman mətbuatının da sıraları təmizlənsin də.

Emin Mahmudovun dili açılaydı, danışaydı ki, "Neftçi”yə keçəndən sonra Riad Rəfiyev ondan necə üz döndərib. Rəfiyev "Neftçi”yə gətirdiyi "müştəri”sindən bərk inciyib və Eminin Kamran Quliyevlə işbirliyinə qol qoymasından sonra menecerindən imtina etməsi, ona faiz vermək istəməməsi cavabsız qala bilməzdi. Elə qalmadı da. Təsəvvür edin, milli Bəhreynlə (Elxan Məmmədov demişkən, Baxreynlə) yoxlama oyununa çıxır və qələbə qazanır. Bu o deməkdi ki, Nikola Yurçeviçin yoxladığı futbolçular sınaqdan uğurla keçib, özlərini doğruldublar. Həmin futbolçuların arasında xorvatiyalının oyun sisteminə guya uyğun gəlməyən Emin Mahmudov da var. Amma növbəti rəsmi görüşdə Eminə heyətdə yer tapılmır, Nikola ona şans vermir, "Keşlə”nin futbolçusu Vüsal İsgəndərlinin debüt etdiyi qarşılaşmada Mahmudov oynamır. Onda Bəhreynlə yoxlama oyunu kimə lazım idi, nəyə xidmət edirdi? Bəli, əminliklə demək olar ki, Eminin yolunu bağlayan səbəb məhz yuxarıda qeyd etdiyimdi. Nikola Yurçeviçin sistem dediyi uydurma isə Riadla Elxanın çaldığı musiqidi. Oyuncaq məşqçinin də borcu qol götürüb, süzmək idi. Missiyasını başa vurdu, evinə getdi.

Bəlkə Riad bu yazdıqlarımı oxuyacaq, "yalandı” deyəcək. Yalan bu yazdıqlarım deyil, cənab Rəfiyev. Yalan danışan, başqalarına böhtan atanlar hamımıza məlumdu. Mən hələ Rəfiyevin Cənubi Azərbaycan sevgisindən, ordan gələnlərlə yerlilər arasında fərq qoymadığı haqda dediklərindən danışmaq istəmirəm. Əvvəllər dağıstanlılar, ukraynalılar şirin idi, indi də gözlərini Arazın o tərəfinə dikiblər. Qaz vurub, qazan doldurursansa, qazanda bişən qazın hardan uçub gəlməsi qazanın başında əlində çömçə dayananları narahat etmir. Rəfiyevin Cənubi Azərbaycan sevgisinin saxta olması da məlum məsələdi. Danışırlar, danışdıqca da gülüş hədəfinə çevrilirlər. Atalarımızın bu yerdə yaxşı bir məsəli var. "Filankəs elə danışdı ki, bişmiş toyuğun gülməyi gəldi” deyirlər. Rəfiyevin danışdıqları da həmin qəbildəndi, bişmiş toyuğu güldürənlərdən.
 
Mənbə: "Futbol+” qəzeti, Amal Abuşov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR