"Riberisiz bu 10 il necə keçərdi, bilmirəm" - Aryen Robbenlə keçmişə, bu günə və sabaha dair

"Zövq alın. Oyundan zövq almağa çalışın" - gənc oyunçulara belə məsləhətlər veririk. Sonra özündən soruşursan: "Bəs sən oyundan zövq alırsan?" Bəlkə gördüyün işdən həzz almaq özün üçün də yaxşı olardı".

Aryen Robbenlə günorta yeməyi zamanı Münhendə - "Bavariya"nın məşq meydançasında bir araya gəldik. Çöldə qar əriyir, səma aydınlanırdı. Bir tərəfdən də, Robbenin "Bavariya"dakı karyerası son bölümə yaxınlaşırdı:

"Bəzən olub-keçənlərin dəyərini anlamırsan. İndi 35 yaşım var, artıq gənc sayılmıram - azından futbolda bu, belədi. Ancaq hələ də Avropanın ən yaxşı klublarından birində vinger kimi oynayıram. Bu, məncə, özəl situasiyadı".

Təbii ki, son dönəmdə "Robbenin imzası" kimi futbol literaturalarında özünə yer tapan tərs ayaqla anidən içəriyə doğru yön dəyişdirmələri unutmaq olmazdı:

"Birdən-birə yön dəyişdirib, içəri yönəlmək və qol vurmaq - insanlar bunu "mənim hərəkətim" kimi görürlər. Buna görə qürur duyuram. İllərdi eyni şeyi edirəm və deyim ki, hələ də uğurlu alınır. Yəni düzgün zamanda bu hərəkəti edəndə rəqibləri hələ də təəccübləndirmək mümkündü. Həmişə olduğu kimi, əsas məsələ zamanlamadı".
 


"Bavariya"nın Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibi "Liverpul" olacaq. Robben püşkün nəticəsini "bərbad" adlandırmışdı. Kimin də olmasa, onun bunu deməyə haqqı çatır. Çünki 2005 və 2007-ci illərdə, Çempionlar Liqasının yarımfinalında Aryenli "Çelsi"nin yolunu kəsən komanda "Liverpul"dan başqası deyildi:

"Öz adıma məndən ən uğursuz stadionu soruşsanız, "Liverpul"un stadionu - "Ənfild"i qeyd edərdim. Sevimli rəqiblər olduğu kimi, neqativ nümunələr də olmalıdı.

O zamanlar "Liverpul" əsl kubok komandası idi. Çempionlar Liqası, Federasiya Kuboku, Liqa kuboku... - fərq etməzdi, mövsüm boyu yaxşı performans ortaya qoymasalar belə, 1 və ya 2 oyunluq kubok formatında sona qədər mübarizə aparardılar. Bu, əla xüsusiyyətdi. Lazımi anda olmalı olduqları yerdə idilər. Düşünürəm ki, indi vəziyyət bir az dəyişib: çox artırıblar. Yəni bu performansı bütün mövsümə yaya bilirlər. Baş məşqçi Yurqen Klopp möhtəşəm işlər görür. Ötən il Çempionlar Liqasında final oynadılar, hazırda Premyer Liqanın zirvəsindədilər. "Liverpul" uzun illərdi ki, İngiltərədə çempion ola bilmir. Ona görə də, Premyer Liqanı qazanmağın xəyalını qururlar".

Mövzu düşmüşkən, Robben dönəmin "Çelsi"sinə də qısaca toxunur:

"İki hücumçu, iki vingerlə oynayırdıq, amma əslində, düzülüş 4-4-2 idi, sadəcə, daha çox hücumameyilli futbolçu ilə. Ancaq o komanda ilə bağlı əsas xatırladığım şey əsl komanda olmağımız idi. Hamı bir idi, oyunçuların xarakterləri üst-üstə düşürdü. Mourinyu kimi, komanda ruhuna önəm verən böyük məşqçiyə sahib idik. Və 20 yaşlı biri üçün (komandaya gələndə 20 yaşı var idi) bu, böyük addım idi. İlk dəfə idi ki, ölkədən kənara çıxmışdım. Xüsusilə də, gənc yaşda belə bir təcrübə yaşayanda tez böyüməli olduğunu dərk edirsən".
 


Aryen "Bavariya"ya keçərkən tərəddüd yaşadığını etiraf edir:

"Sonra "Real" kimi böyük bir kluba transfer oldum. Hədəfim, heç olmasa, bir dəfə Çempionlar Liqasını qazanmaq idi. "Bavariya", bəlkə də, o dönəm Avropanın ən güclü 5 və ya 10 komandasından biri deyildi, ona görə də, böyük ambisiyaları olan biri kimi, qərar verməkdə çətinlik çəkirdim. Amma indi deyə bilərəm ki, "Bavariya"ya keçmək karyeramın ən yaxşı qərarı idi. O zamandan etibarən, məncə, klub təkcə futbol tərəfdən deyil, həm də digər aspektlər baxımından inkişaf etməyə başladı. Yanlış anlamayın, bütün bunların mənim sayəmdə olduğunu demək istəmirəm".

Elə bilməyin ki, Frank Riberini unutmuşuq:

"Bu 10 il Frank Riberisiz necə keçərdi, bilmirəm. Bəlkə eynisi onun üçün də keçərlidi, ancaq bu barədə özü danışsa, daha uyğun olar. "Bavariya"da birlikdə möhtəşəm işlər görmüşük. Riberiyə çox minnətdaram, çünki onsuz, bəlkə də, hər şey tamamilə fərqli olacaqdı".
 


Robben Pep Quardiolanı yaddan çıxarmaq niyyətində deyil:

"Adətən, 29-30 yaşlarda özünü inkişaf etdirə bilmirsən. Ancaq məncə, Pep Quardiolanın rəhbərliyi altında oyunçu kimi artıra bildim. Taktiki baxımdan, oyunçuları inkişaf etdirmək nöqteyi-nəzərdən o, çox özəl biridi".

Hollandiyalı futbolçu müntəzəm olaraq bu səviyyədə davam etmək üçün özünüdərk prosesinin önəminə toxunur:

"Özünə yaxın olmalısan. Bilirəm ki, karyeram ərzində özümün ən yaxşısını ortaya qoymaq adına hər şeyi etmişəm. Ümid edirəm ki, insanlar oyunumu izləməkdən zövq alıblar. Bundan artıq edə biləcək bir şeyim yoxdu. Bu, mənəm".
 


Söhbət əsnasında 2010-cu ildə keçirilən dünya çempionatını da xatırladıq. Robben final matçında, xüsusilə də, İker Kasilyasla təkbətək epizodda baş verənlərə görə peşman deyil:

"Həmişə öz-özünə deyirsən: "Belə olsaydı, elə olsaydı..." Amma həmin anda hadisələr saniyənin mində birində baş verir. Belə bir vəziyyətdə qərar qəbul etməlisən. Sonrakı gedişatı necə təxmin edə bilərsən ki? Düzdü, epizoddan sonra qarşıda hələ 30 dəqiqə var idi, yəni İspaniya yenə qol vura bilərdi. Başa düşürəm, təkbətək epizod idi. Bəlkə də, top 1 və ya 2 sm. o yana getsəydi, hər şey fərqli olacaqdı. Yekunda Kasilyasın ayaq barmağına toxundu və kənara getdi. Ancaq yenə də, məncə, düzgün qərar vermişdim, çünki qapıçı digər istiqamətə getmişdi. Özünü buna görə günahlandırmağa dəyərmi? Yox, məncə, dəyməz".

Son olaraq, "Bavariya"dakı dönəminin sonuna yaxınlaşan Robbendən növbəti - potensial "dayanacağı"nı və karyerasının sonrakı gedişatını soruşduq:

"Həmişə demişəm, bir də təkrarlayacam: oyundan zövq aldığım və fiziki səviyyəm istədiyim formada oynamağıma icazə verdiyi müddətcə karyeram davam edəcək. Özümə də maraqlıdı: görəsən, növbəti il harada olacam? İngiltərə? İspaniya ehtimalı mümkündü, bəlkə də, tamamilə başqa bir yer. Hər yer ola bilər. Görək də...

Bədəninin qeydinə qalmalısan, yaxşı yatmalısan, yaxşı qidalanmalısan - bir sözlə, bildiyiniz şeylər. Düzdü, çətindi, ancaq bunların qarşılığında nəsə əldə edirsən və mənim belə rejimlə davam etməyimin səbəbi də elə bu məsələdi".
 
Reportaj: "The Guardian"
Tərcümə və uyğunlaşdırma: Rüfət Məcid
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR