Rio 2016: Nadal davam edir, Serena uduzdu

Rio 2016: Nadal davam edir, Serena uduzdu
İspaniya lideri Rafael Nadal Rio 2016 Yay Olimpiya Oyunlarında çıxışlarını davam edir. 

Sport7.az xəbər verir ki, o, üçüncü raunda addımlayıb. Cari Olimpiya Çempionu Serena Uilliams (ABŞ) isə uğurunu təkrarlaya bilməyəcək.

Nadal ikinci raundda italiyalı Andreas Seppini məğlub edə bilib. Heç də asan rəqib hesab olunmayan Seppi bu görüşdə Nadaldan set belə ala bilməyib. Matç Nadalın 6-3 6-3 hesablı qələbəsi ilə yekunlaşıb.

Nadaldan fərqli olaraq İspaniya ikincisi David Ferrer mübarizəni dayandırmalı olub. Ferrer rusiyalı Yevqeniy Donskoya məğlub olub. Görüş Ferrer üçün yaxşı başlamışdır və ilk set məhz Ferrerin aktivinə yazılmışdır. Lakin Donskoy ikinci seti taybreykdə qazanaraq, üstünlüyü əldən verməmişdir. Donskoy bu görüşü aktivinə 3-6 7-6 (7/1) 7-5 hesabı ilə yaza bilib.

Artıq məlumat verdiyimiz kimi, qadın tennisinin lideri Serena Uilliams (ABŞ) adını ¼ finala yazdıra bilməyib. Onun olimpiya yolunu Bakı turnirinin ikiqat çempionu olan ukraynalı Elina Svitolina kəsib. Svitolina Serenanı hər iki setdə üstələməyi bacarıb, 6-4 6-3.

Serenadan fərqli olaraq, dünya ikincisi Anjelika Kerber (Almaniya) ¼ finala yüksələ bilib. O, üçüncü raund mərhələsində avstraliyalı Samanta Stosuru 6-0 7-5 hesabı ilə məğlub edib. Digər məğlubiyyət isə Qabrin Muquruzadan (İspaniya) gəlib. Bu il Roland Garros çempionu olan Muquruza Puerto Rikodan olan gənc ulduz Monika Puiqa məğlub olub.

Qadınlar yarışının artıq ¼ finalçıları bəllidir:

Elina Svitolina (Ukrayna) – Petra Kvitova (Çexiya);
Monika Puiq (Puerto Riko) – Laura Siqmund (Almaniya);
Madison Keys (ABŞ) – Dariya Kasatkina (Rusiya);
Yohanna Konta (Böyük Britaniya) – Anjelika Kerber (Almaniya).

Heydər Rzayev
 


Xəbər lenti