Rio 2016: Çox maraqlı olacaq

Rio 2016: Çox maraqlı olacaq
Tennis sevərlər artıq bugündən Rioda keçirilən Yay Olimpiya Oyunlarına baxmağa başlaya bilərlər. Sport7.az xəbər verir ki, tennis turniri 6-14 avqust tarixləri arasında keçiriləcək. Torlar da artıq bəllidir.

İlk olaraq qeyd edək ki, Stanislas Vavrinka (İsveçrə) və Simona Halep (Rumıniya) ən son iştiraklarını geri çəkən tennisçilər olub. Hər iki torda 64 tennisçi çıxış edir, turnir 3 raunddan, 1/4, 1/2  finallar və finaldan ibarət olacaq. Yarımfinallarda məğlub olanlar bürünc medal uğrunda öz aralarında mübarizə aparacaqlar.

2012-ci ildə bürünc medal uğrunda mübarizə aparanlar, bu il ilk raundda üzləşəcək. Söhbət dünya lideri Novak Cokoviç (Serbiya) və Xuan Martin Del Potrodan (Arqentina) gedir. Məhz bu tennisçilər London medalları uğrunda mübarizə aparmışlar və bürünc medal uğrunda Del Potro Cokoviçi məğlub edə bilmişdir. Bu görüş əlbəttə böyük maraq yaradacaq. Nəzərə alsaq ki, Del Potro zədədən geri qayıdıb və Novak çox yaxşı formadadır, burada qələbənin Novakın olacağını ehtimal etmək olar.

Əgər Cokoviç Del Potronu keçərsə, onun ¼ finala qədər elə də güclü rəqibi olmayacaq, ¼ finalda isə artıq Cokoviç Jo-Uilfred Tsonqa (Fransa) ilə üzləşə bilər. Reytinq baxımından yarımfinalda Rafael Nadal (İspaniya) Cokoviçin rəqibi olmalıdır. Lakin Nadalın da zədəli olduğunu nəzərə alsaq, onu belə uzağa çatacağı çətin məsələdi.

London Olimpiya Oyunlarının qalibi Endi Marrey (Böyük Britaniya) isə turnirə Viktor Troitski (Serbiya) ilə başlayacaq. ¼ finalda David Ferrer (İspaniya), ½ finalda isə Kei Nişikori (Yaponiya) Marrey ilə üzləşə bilərlər.

Finalda Marrey və Cokoviç qarşılaşması olacağı böyük ehtimaldır. Qadınların yarışında isə Serena Uilliams (ABŞ) növbəti medalı uğrunda mübarizəyə lider qismində qoşulacaq. Onun ilk raund rəqibi rusiyalı Dariya Qavrilova olacaq. Gənc Qavrilova sonadək mübarizə aparmağı ilə tanınır. İkinci raundda Serenanın istənilməyən rəqibi Alize Kornet (Fransa) ABŞ təmsilçisinin yolunu kəsə bilər. Torun bu hissəsində maraqlı görüşlər Andrea Petkoviç (Almaniya) – Elina Svitolina (Ukrayna), Çağla Büyükakçay (Türkiyə) – Yekaterina Makarova (Rusiya) arasında keçiriləcək. 

Serenanın yarımfinal rəqibi ola biləcək Qabrin Muquruza da (İspaniya) ilk raundda çətin rəqib ilə üzləşəcək. Sabiq dünya lideri Yelena Yankoviç (Serbiya) Muquruzanın gücünü sınayacaq. Muquruza Yelenanı keçə bilsə, çox güman ki, ¼ finalda Venus Uilliams (ABŞ) ilə üzləşəcək.
Dünya ikincisi Anjelika Kerber (Almaniya) Olimpiya oyunlarına Kolumbiya təmsilçisi Mariana Duqo-Marino ilə başlayacaq. Kerber ¼ finalda Svetlana Kuznetsova (Rusiya), yarımfinalda isə Aqneşka Radvanska (Polşa) ilə üzləşə bilər. Torun bu hissəsində Ana İvanoviç (Serbiya) Karla Suarez Navarro (İspaniya) ilə, Sloan Stefens (ABŞ) isə Evgeniya Buşard (Kanada) ilə ilk raunda üzləşəcək. Serenanın yenidən qızıl medala yiyələnmək şansı olduqca yüksəkdir.

Heydər Rzayev


Xəbər lenti