"Rio-2016": Şərif Şərifov bürünc medal qazandı

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Sport7.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının iki üzvü mübarizəyə başlayacaq.
 
86 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov, 125 kq-da ölkəmizi təmsil edən Cəmaləddin Məhəmmədov medallar uğrunda yarışacaq.
 
Sərbəst güləş

86 kq
Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verəcək. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirib. İlk dəqiqədən təşəbbüsü ələ alan pəhləvanımız ikinci hissənin əvvəllərində hesabı 10:0-a çatdırıb və vaxtından əvvəl mərhələ adlayıb.
 
O, 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə mübarizə aparıb. Rəqibinə heç bir şans verməyən olimpiya çempionumuz adını yarımfinala yazdırıb. 

Güləşçimizin final yolunda son rəqibi dünya və Avropa çempionu, həmçinin "Bakı-2015" Avropa Oyunlarının qalibi Abdulrəşid Sadulayev (Rusiya) olub. "Rus tankı" ləqəbli güclü rəqibi ilə mübarizədə Şərifin gücü yalnız 1 xal almağa çatıb. 1:8 hesabı ilə uduzan idmançımız mübarizəni bürünc medal uğrunda davam etdirib.

Sonuncü görüşündə güləşçimiz venesuellalı Pedro Sebalosla üz-üzə gəlib Rəqibini məğlub edən Şərifov Rioda ölkəmizə növbəti bürünc medalı qazandırıb. Bununla da Şərifov ardıcıl ikinci dəfə olimpiadada medal qazanıb. Londonda birinci olan güləşçimiz, Rioda üçüncü yerlə kifayətlənib.

125 kq
Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov da turnirə 1/8 finaldan başlayıb. O, ilk cəhdində ABŞ güləşçisi Tervel Dlaqnevlə münasibətlərinə aydınlıq gətirib. İlk hissəni cərimə xalı hesabına öndə tamamlayan güləşçimiz ikinci hissədə fəallığı artıraraq, daha 4 xal əldə edib. Lakin Cəmaləddin 5:0-lıq üstünlüyü sona qədər qoruya bilməyib. Dlaqnev sona yaxın ardıcıl 6 xal qazanaraq, qalib gəlib və 1/4 finala adlayıb. 

Tervel Dlaqnev yarımfinaladək irəliləsə də, həmin görüşdə iranlı rəqibinə 0:8 hesabı ilə uduzaraq finaldan kənarda qalıb.  Buna görə də Məhəmmədov bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxmaq şansını da itirib və "Rio-2016" Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. 
 
Qeyd edək ki, yarışa ilk qoşulan sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (57 kq) Cəbrayıl Həsənov (74 kq) bürünc medal qazanıblar.

Xəbər lenti