Robert Prosineçki: "Problemi Avstriyada yoluna qoymağa çalışacağıq"

Robert Prosineçki:
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Əlcəzairlə oyunun fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

Sport7.az həmin müsahibəni təqdim edir: 

- Millimizin Bakı toplanışı barədə nə deyə bilərsiz? 

- Hələlik, tam heyətlə hazırlaşa bilmirik. Hazırlığın ilk günlərindən razıyam. Komanda həvəslə məşq edir. Amma hazırlığın əsas mərhələsi Avstriyada baş tutacaq. Oraya artıq tam heyətlə yollanacağıq. 

- Millimiz orada iki yoxlama oyunu keçirməlidi, amma hələ rəqib tapa bilməmisiz...

 - Bəli, iki yoxlama oyunu keçirmək istəyirik. Ümid həmişə var. Bu məsələni ən azından orada yerindəcə yoluna qoymağa çalışacağıq. 

- Heç kim millimizlə oynamaq istəmir, yoxsa sizin oynamaq istədiyiniz komanda yoxdu? 
- Hər komanda ilə qarşılaşmaq istəmirik. Oynamaq istədiyimiz komandalar da Avstriyada olmayacaq. Bu il oraya az komanda gələcək.

 - Rəşad Sadıqovun zədəsi nə dərəcədə ciddidi? 

- Deyə bilmərəm. Ümid edirəm ki, o da Avstriyada ümumi kollektivlə məşq edə biləcək. 

- Çempionatımız çox erkən bitdi. Bəzi oyunçular İslamiadada çıxış edir, bəziləri yenicə məşqlərə başlayır. Bu, Şimali İrlandiya ilə seçmə mərhələ oyunu öncəsi problem yarada bilər? 
- Legionerlər öz çempionatlarında oynayırlar. "Qəbələ" və "Qarabağ" da mövsümü o qədər də tez bitirmədi. Buna görə də hansısa problem görmürəm. 

- U-23 millimizin İslamiadadakı çıxışını necə qiymətləndirərdiniz? Komandamız bu turnirin qalibi ola bilər? 
- Hər şey ola bilər. Komanda heç də pis oynamır, mübarizə aparır. Əlcəzairlə oyunun da ilk yarısından razı qaldım. Finala çıxmaq çətin olacaq. Əlcəzair çox güclüdü. 

- Bəs sizin yetirmələriniz niyə Əlcəzairlə oyunu izləməyə gəlməyiblər?
- Planlarımızı korlamaq istəmədim. Onlar oyunu televizordan izləyirlər. 17:00-da isə məşqimiz var. Qoy istirahət etsinlər. (futbolinfo.az)

Xəbər lenti