Roberto Bordin:

Roberto Bordin: "11 nəfərlə oynayanda qol vurmalı idik"

"Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 5-ci turunun "Keşlə” klubu ilə oyunusonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, italiyalı mütəxəssis xal itkisinin yalnız psixoloji gərginliklə bağlı olduğunu deyib: "İlk hissədə qırmızı vərəqə alanadək yaxşı oynayırdıq. Tam heyətlə mübarizə aparanda sanki bir az qorxu var idi, tam güclə irəli atıla bilmirdik. Qəribədir ki, 10 nəfərlə daha yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə yaxşı müdafiə olunduq. Rəqib, demək olar, bütövlükdə hücuma atılmışdı. Qapıçımız Sezar Meza Kollinin zərbəsini yaxşı qaytardı. Bizim də qol imkanlarımız oldu, qələbə də qazana bilərdik. Lakin Namikin, Eminin və Dabonun qol epizodlarında fərqlənə bilmədik. Təəssüf ki, psixoloji təzyiq ilk dəqiqələrdən oyunumuza mənfi təsir edir. Hər dəfə neqativ hal baş verməlidir ki, komandam ayılsın. Bunun üçün ya qol buraxmalıyıq, ya da qırmızı vərəqə almalıyıq”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Komandanın qazandığı hər bir nəticəyə görə ilk növbədə məsuliyyəti birbaşa mən daşıyıram. Azarkeşin istefaya səsləməsi normal haldır, amma təhqiredici ifadələri qəbul etmirəm. 11 nəfərlə oynayanda qol vurmalı idik. Çünki 10 nəfərlə müdafiə olunanda çox enerji itirirsən deyə, tam güclə hücum edə bilmirsən. Buna baxmayaraq, çoxlu qol epizodu yaratdıq. Bəzi futbolçularımızın imkanlarından aşağı çıxış erməsi fikri ilə razı deyiləm. Məncə, komandanın üzərində psixoloji təzyiq olduğuna görə istənilən oyunu göstərə bilmirik. Onu da qeyd etmək lazımdır ki, bu gün "Keşlə” də yaxşı oynadı. Rəqib əks-hücumlarda daha təhlükəli idi. Təbii ki, komandamın hazırkı psixoloji gərginliyi nəticələrə görədir. Başqa səbəb yoxdur. Turnir cədvəlində yaxşı yerlərdə qərarlaşmamışıq, bu da istər-istəməz futbolçuların üzərində təzyiq yaradır. Oyundan sonra baş hakimə yaxınlaşaraq niyə oyunu bu cür tez bitirdiyini soruşdum. Çünki top Mustivara dəyən kimi son fiti səsləndirdi. Belə çıxır ki, top rəqibin cərimə meydanına çatsaydı, hakim oyunu bitirəcəkdi. Məncə, Monroz gözəl oyun göstərdi. Hətta 10 nəfərlə qalandan sonra iki dəfə artıq qaçırdı, müdafiəyə də kömək edirdi. Platellasa gəlincə, ona heç nə olmayıb, sadəcə, oynamaması texniki seçim idi. Bu oyuna bu heyəti çıxarmalıydım. 5 oyuna 5 xal toplamağımız psixoloji gərginliklə bağlıdır. Deməzidm ki, başqa problem var. Sən istəkli ola bilərsən, ancaq psixoloji təzyiq sənə imkan vermir. Baş hakimin məni sarı vərəqə ilə cəzalandırılmasını şərh edə bilmərəm. Sadəcə, epizodla bağlı hakimə sual verdim, o isə mənə sarı vərəqə göstərdi”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR