Roberto Bordin:

Roberto Bordin: "Qarabağ”la xallarımız bərabər olsa da, 1-ci yerdə bizik”

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 21-ci turun "Qəbələ” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, oyundan razı qaldığını bildirən italiyalı mütəxəssis bəxtlərinin gətirmədiyindən gileylənib: "Lazımi nəticəni qazanmadıq. "Qarabağ”la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən komandama hücum futbolu oynamağı tapşırmışdım. Bu bizdə yaxşı alınırdı. Rəqib isə müdafiə olunaraq oyununu əks-hücumlarda qurmaq istəyirdi. İlk hissədə bir neçə təhlükəli vəziyyət yaratsaq da, bunları qola çevirə bilmədik. Bununla belə, fasilədən sonra istəyimizə nail olduq. Qoldan sonra da hücum futbolu göstərdik. Futbolçularımız sonadək əllərindən gələni etdilər ki, qələbə qazanaq. Buraxdığımız qolda Səlahət Ağayevlə Ömər Buludov arasında anlaşılmazlıq oldu. Komandam yaxşı oynadı. Oyundan razı qaldım. Bu gün 1 xalla kifayətlənsək də, bununla heç nə bitmir. Futbolda belə hallar olur. Artıq növbəti oyunları düşünməliyik”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Qələbə qazanmaq üçün sonadək mübarizə apardıq. Bəzən təhlükəli vəziyyətlərdə bəxtimiz gətirmədi. İki hücumçu ilə oynamaq istəyirdim. Amma gördüm ki, Sansone çox yorğundur, artıq enerjisi bitir. Həm də ayağında problem var idi deyə, onu əvəzləməli oldum. Qol buraxdığımız epizoda gəlincə, futbolda belə anlaşılmazlıqlar olur. Bu ani epizod idi. Bir epizoda görə futbolçuların əziyyətinin üstündən xətt çəkmək olmaz. O, səhv deyildi, futbolçular arasında anlaşılmazlıq idi. Yoxsa ki, oyunçularımızın hamısı sonadək döyüşdü. "Qarabağ”la xalların bərabər olması hər iki komandanın ziyanınadır. Deməzdim ki, bu, daxili abu-havaya pis təsir edər. Hər matça olduğu kimi, növbəti oyunlara da yalnız qələbə üçün çıxacağıq. Hazırda "Qarabağ”la xallarımız bərabər olsa da, 1-ci yerdə biz gedirik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR