Roman Qriqorçuk: "Aşkar risk etmişdim"

Roman Qriqorçuk:
Topaz Premyer Liqasının 22-ci turunun "Zirə” – "Qəbələ” oyunundan (1:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
 
Sport7.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

"Oyunu təhlil edəcəyik və qarşıdakı kubok matçına ciddi hazırlaşacağıq. Futbolçuların oyuna yanaşmasında yeni bir şey görmədim. Bu, "Zirə” ilə görüşlərimiz üçün adi hal idi. Biz hazırlaşanda oyunları çempionat və kubok matçlarına bölmürük. Aydın məsələdir ki, istədiyimiz kimi oynaya bilmədik. Biz daha yaxşı oynamaq istəyirik. Lakin futbolçuların fikrində bu barədə düşüncələr var ki, kubok bizim hədəfimiz, arzumuzdur. Bu da səbəblərdən biridir.
 
Cavid Hüseynovun oyun forması sabit ola bilməz. Çünki zədə və diskvalifikasiya özünü göstərir. Ona bir az çətin olsa da, bu futbolçuya sonadək inanırıq.
 
Zədə aldığı üçün əvəzlənən Dmitri Bezotosnın dəyişdirilməsi oyunumuza təsir etmədi. Lakin təkcə qapıçı deyil, istənilən futbolçunun xəsarət alması xoş olmayan məqamdır. Onun yerinə meydana daxil olan Aqil Məmmədov yaxşı çıxış etdi. Bir epizodda da komandanı xilas etməyi bacardı. Zədəsinin durumu haqda indidən nəsə demək çətindir. Bir neçə günə durumuna aydınlıq gələcək. Dmitri çox uğursuz yıxıldı. Həkim hələ də ağrıların olduğunu dedi. Ümid edirəm ki, ciddi heç nə olmayacaq. Bundan sonra iki oyunçunu əvəzləyəndə aşkar risk etmişdim. Aqil də zədələnsəydi, nə edəcəyimi deyə bilmərəm”.
 
Sport7.az

Xəbər lenti