"Roy Kini heç kim ciddi qəbul etmədi" - MÜSAHİBƏ

AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Mahir Məmmədovun "Report"a müsahibəsi

- Azərbaycan millisinin yeni baş məşqçisi demək olar ki, müəyyənləşib. İclasda kimlər iştirak edirdi və ümumilikdə neçə nəfər Canni De Byazinin təyinatı üçün səs verdi?
- İclasda tam təmsilçilik var idi. İcraiyyə Komitəsinin bütün üzvləri iştirak edirdi. Onlayn formatda keçirildi, hamı öz fikrini söylədi. 3 təklif var idi. Elxan Məmmədov Roy Kin, Arif Əsədov və De Byazi barədə məlumat verdi. Kini heç kim ciddi qəbul etmədi, namizədliyi müzakirə olunmadı. Əsas Arif Əsədov və De Byazi ətrafında söhbət getdi. İclasda 13 İK üzvü ilə birlikdə 15 nəfər iştirak edirdi. Onlardan 5 nəfəri Arif Əsədovun, 8-i isə De Byazinin lehinə səs verdi.

- Dəvət olunmuş digər 2 şəxs kim idi?
- Biri PFL prezidenti Ramin Musayev, digəri isə Elxan Tağızadə idi. Onlar İK üzvü deyillar. Amma onlarsız da De Byazinin üstünlüyü minimal oldu. Sonda onun baş məşqçi qəbul olunması yönündə qərar qəbul olundu.

- De Byazi ilə müqavilə neçə illik olacaq və nə vaxt bağlanacaq?
- Sabah De Byazi ilə internet bağlantısı olacaq. Şərtlər ona deyiləcək. Futbol tsiklinin pandemiya səbəbindən qeyri-adiliyi müzakirə olunacaq. Bu ilin payızında UEFA Millətlər Liqası, gələn il isə Qətərdəki dünya çempionatının seçmə oyunları olacaq. Yəqin ki, De Byaziyə 18 aylıq müqavilə təklif olunacaq. Arif Əsədovun onun köməkçisi təyin olunması qərara alındı. Yəni, köməkçi-məşqçi kimi işini davam etdirəcək.

- Siz özünüz kimə səs verdiniz?
- De Byaziyə.

- Nəyə görə məhz De Byazi: Ümumiyyətlə, albaniyalı mütəxəssis milliyə nə kimi xeyir verə bilər?
- Birincisi, iclasda hər kəs həm Arif Əsədov, həm də De Byazi barədə böyük hörmətlə danışdı. Əsədovun müəyyən təcrübəsi vurğulandı. Öz çıxışımda onun gənclər arasında dünya və Avropa çempionu olmaqla SSRİ və Azərbaycana böyük şərəf gətirdiyini dedim. Bu, çox böyük nailiyyətdir. Əsədovun məşqçi kimi də müəyyən təcrübəsi var. "Neftçi"də uğurlu olub, çempionluq qazanıb. De Byazi barəsində də deyildi ki, təcrübəsi var, 6 il Albaniya millisinin sükanı arxasında olub, komandanı Avropa çempionatının final mərhələsinə çıxarıb, Ermənistanı, Portuqaliyanı, Fransanı udub, Avropaya əməlli-başlı səs-küy salıb. Öz çıxışımda onun yerli istedadlarla yaxşı işləməsini, nizam-intizamın tərəfdarı olduğunu dedim. Bizim millidə bu məsələyə xüsusi diqqət ayırmaq lazımdır. Elə şeylər var ki, onları açıqlamaq istəmirəm. Bu cür hallar aradan qaldırılmalıdır. Digərləri qeyd etdilər ki, Arif Əsədovu pandemiya dövründə, yığma üzvlərinin heç birinin oyun təcrübəsi olmadığı vaxtda tonqala atsaq, tezliklə yanacaq. Möcüzə ola bilməz. Bu dövrdə onu milliyə baş məşqçi təyin etmək ölümə məhkum etmək kimi bir şey olardı. Düşündük ki, 18 aylıq dövrdə yenə köməkçi kimi davam etsin. Məndə belə təəssürat yaranır ki, onun özünü baş məşqçi kimi sübut etmək imkanı mütləq olacaq.

- AFFA-nın açıqlamasında qeyd olunub ki, De Byaziyə xüsusi şərtlər təklif olunacaq...
- Əvvəlcə onu deyim ki, De Byazinin bizə qarşı irəli sürdüyü xüsusi maddi şərtlər yoxdur. Tələbləri bu cür səviyyəli məşqçi üçün normal sayılır. Bu, yəqin, onun pandemiya dövrü olmasını anlamasından irəli gəlir. İkincisi, Azərbaycanda qalıb işləməyə üstünlük verib. Sabah bu məsələ Elxan Məmmədovla onun onlayn görüşündə də müzakirə olunacaq. Rövnəq Abdullayev də xüsusi vurğuladı ki, 6 aydan sonra De Byazinin işinə baxmaq şərti də var. İlk 6 ayda Millətlər Liqasındakı çıxışa baxacağıq. Sonra pandemiyanın 2-ci, 3-cü dalğası olsa, oyunlar dayandırılsa, müqavilə şərtlərinin yumşaldılma məsələsi nəzərə alınmalıdır. Bununla yanaşı, 18 aylıq fəaliyyəti uğurlu alınsa, ona yenidən şans verilə bilər.

- De Byazinin Bakıya gəlişi nə vaxt nəzərdə tutulub?
- İK üzvlərindən Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirdi ki, bu məsələdə De Byaziyə kömək edəcəklər. Düzdür, indiki dövrdə ilk növbədə əcnəbilər üçün Azərbaycana giriş-çıxış çox çətindir. Bu məsələ Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Ona görə də məsələ Operativ Qərargahla ciddi şəkildə müzakirə olunacaq. Razılığa gəlsək, bunun həll olunmasına çalışılacaq.

- De Byazinin digər köməkçiləri kimlər olacaq?
- İlkin məlumata görə, onun özü ilə məşqçilərin gəlişi nəzərdə tutulub. Amma kimlərin olacağını bilmirəm. Çünki bəzi məqamları Elxan Məmmədov araşdırmalıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR