Ruslan Abışov:

Ruslan Abışov: "Oyunlarımızı kənardan izləmək çox çətin idi"

"Hazırlıqlara yeni başlamışıq. Hər şey qaydasındadır. Düzdür, istirahətdən yenicə qayıtdığımız üçün məşqlərimiz ağır keçir. Amma yəqin ki, bundan sonrakı məşqlərimiz daha rahat olacaq".

Sport7.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Ruslan Abışov bu gün Türk Hava Yolları Futbol Mərkəzində keçirilmiş açıq məşq zamanı jurnalistlərə açıqlamasında deyib. Hazırda zədəsini bərpa edən 32 yaşlı müdafiəçi hələ tam hazır olmadığını bildirib: "Yəqin ki, Antalya toplanışında tam gücümlə məşqlərdə iştirak edəcəyəm. Orada həkimlərlə və məşqçilər heyəti ilə oturub danışacaq, məsləhətləşəcəyik. Məsləhət olsa, yoxlama oyunlarının bəzilərində çıxış edə biləcəyəm. Amma yəqin ki, mövsümün ikinci yarısındakı rəsmi matçlarda meydana çıxmağım tam mümkün olacaq".

Abışov "Neftçi"nin qış fasiləsinədək Azərbaycan Premyer Liqasındakı çıxışından razılıq ifadə edib: "Hazırda komandamız birinci yerdə gedir, hər şey yaxşıdır. Amma oyunlarımızı kənardan izləmək çox çətin idi. Mən də bu komandanın üzvüyəm. Meydanda olmağı çox istəyirdim. Amma inanıram ki, formamı bərpa edərək, əsas heyətdə yer alacağam".

Təcrübəli oyunçu Azərbaycan Kubokunun 1/4 finalında "Sumqayıt"a iki görüşün nəticəsində (0:2, 1:0) uduzaraq, mübarizəni dayandırmalarını sürpriz saymayıb: "Açığı, sürpriz olduğunu deməzdim. Çünki Ayxan Abbasovun gəlişindən sonra "Sumqayıt"da oyun baxımından çoxlu dəyişikliyin baş verdiyi görünürdü. Bu isə bizə çətinlik yaradırdı. Bunu oyun zamanı da görürdük. Doğrudan da "Sumqayıt" tam fərqli üslubda çıxış edirdi. Sonda da mərhələni onlar keçdilər. Amma çox istərdim ki, yarımfinala biz adlayaq".

Kapitan çempionluq üçün sonadək mübarizə aparacaqlarını diqqətə çatdırıb: "Artıq bütün fikrimiz Premyer Liqaya yönələcək. Çətin olacağını bilirik. Amma sonadək mübarizə aparacağıq ki, "Qarabağ" və digər klublarla rəqabətdə çempionluq əldə edək".

Qeyd edək ki, "Neftçi" Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yanvarın 13-də yola düşəcək. Yanvarın 27-dək Manavqat qəsəbəsindəki "The Sense De Luxe” otelində məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Ağ-qaralar” yanvarın 18-də "Qaz Metan” (Rumıniya), yanvarın 23-də "Slovan” (Liberes, Çexiya), yanvarın 26-da isə "Beroe” (Bolqarıstan) ilə qarşılaşacaq. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR