Rusların bilmədiyi acı həqiqət – “Neftçi” onları nə üçün cəzalandırdı?

Rusların bilmədiyi acı həqiqət – “Neftçi” onları nə üçün cəzalandırdı?

Amal ABUŞOV
 
Rusiyanın idman mətbuatını oxumaq indiki kimi zövqlü, ləzzətli olmamışdı. Adamlar ayıblarına kor olmur, reallığı qəbul etmək istəmirlər. Bəlkə də istəyirlər, amma hikkələri buna imkan vermir.
 
"Neftçi”nin "Arsenal”a rəqib olduğu gündən bəri adamlar özlərini lap braziliyalı kimi apramağa başlamışdılar. "Arsenal”ı londonlu adaşının səviyyəsinə qaldırıb, "Neftçi”ni hesabdan silmişdilər. Rusların ən böyük səhvi də elə bu idi. Azarkeşlər, mütəxəssislər, idman yazarları ilk gündən Azərbaycanın xalq komandasına qarşı məhz bu cür davranır, 82 yaşlı qocaman klub barəsində belə düşünürdülər.
 
Vasili Utkin və onunla həmfikir olanlar yanıldılar. Elə yanıldılar ki, indi türkün sözü, qıvırmağa başlayıblar. Adamlara deyən lazımdı ki, "Neftçi” sizin üçün Aşqabadın "Nebitçi”si, Bişkekin "Dordoy-Dinamo”su, nə də Düşənbənin "Pamir”i deyildi. Nahaq yerə özünüzü belə göylə apardınız, gözünüz ayağınızın altını görmədi. Unutdunuz ki, bu "Neftçi” 2012-ci ilin yayında APOEL-i və onun çılğın fanatlarını susduran, Avropa Liqasının finalına vəsiqə qazanan komandadı. Onu da unutdunuz ki, bizim flaqman elə həmin il Milanda meydan sahibi "İnter”in qapısına iki qol vurub, Bakıya İtaliyadan xalla dönüb.
 
"Arsenal”ın isə öyünməsi, "Neftçi”yə yuxarıdan aşağı baxması üçün heç bir ciddi səbəbi yox idi. "Neftçi” avrokuboklarda böyük yol keçib, yetərincə təcrübə yığıb. Tula təmsilçisi isə qitə miqyaslı yarışlarda debüt edirdi. Özü də ki, onların bu il Avropa Liqasına vəsiqə qazanması özü təsadüf nəticəsində mümkün olmuşdu. Rusiya kubokunu "Lokomotiv”in qazanması 6-cı pillədəki "Arsenal” üçün Avropa Liqasına yol açdı. "Neftçi” isə bütün mövsüm ərzində "Qarabağ”la çempionluq uğrunda yarışmış, yalnız son turlarda rəqibini özündən irəli buraxmışdı. Bu da həmin "Qarabağ”dı ki, ardıcıl beş mövsüm avrokubokların qrup mərhələsinə yüksəlib, Çempionlar Liqasının qrupunda Madrid "Atletiko”sundan iki oyunda da xal almağı bacarıb.
 
Düzdü, Rusiya Premyer Liqasındakı rəqabət Azərbaycan çempionatıyla müqayisə edilə bilməz. Eyni zamanda "Neftçi” büdcəsində görə "Arsenal”dan geri qalır. Amma bu cür nüansların da önünü rəqibə qarşı yaxşı hazırlaşmaqla, məşqçinin düzgün taktika seçməsiylə və ən əsası futbolçuların meydanda can qoyması, fədakarlıq etməsiylə kəsmək mümkündü. İndiki halda da "Neftçi” bunu əla bacardı.
 
Ruslar isə bütün bu həqiqətləri ya bilmir, ya da ki, bilmək istəmirdilər. Onlara elə gəlirdi ki, Tulaya səfər "Neftçi” üçün dəhşətli yuxaya çevriləcək, "Arsenal” isə Bakıda yüngül gəzintiyə çıxacaq. İlk qarşılaşmadan sonra da rusların əksər idman yazarları, mütəxəssisləri mövqelərini dəyişməmişdi. Deyirdilər ki, "Arsenal” Tuladakı oyunda rəqibi qiymətləndirməməyin cəzasını çəkib, ilk oyundakı nəticə təsadüfidi. "Neftçi” bütün bu sərsəm proqnozları alt-üst etməyi bacardı.
 
Bu boyda təsadüf olmazdı, cənablar. "Neftçi” sizə göydən yerə endirib, indi də oturun cəzanızı çəkin!

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR