Röya Ayxan: "Mahir Mədətovla fəxr edirəm" - FOTOLAR

Röya Ayxan:
Bildiyiniz kimi, ötən gün Azərbaycanın tanınmış idmançısı Rəsul Çunayevin fitnes zalının açılış mərasimi olub. 

Dünya və Avropa çempionu olan güləşçimiz açılış mərasimində idmançılarla yanaşı, şou-biznes nümayəndələri də iştirak edib. 

Bunların sırasında əməkdar artistlər Röya Ayxan Abbas Bağırov da yer alıb. 
 


Fürsətdən istifadə dəyərli müğənnilərimizin də idmanla bağlı fikirlərini öyrəndik. 

- Ən çox sevdiyiniz idman növü?
Röya: Mən sevirəm gimnastikanı. Bir də buz üstündə sürüşürlər e.
Abbas: Bəs güləşi sevmirsən?
Röya: Güləşçilər sevirəm. (gülür)...Mən Rəsulun uğurlarının qısa fragmetlərini izləmişəm. Ama güləşməyini izləmirəm. Yoxsa həyəcandan ölə bilərəm. Ki ona kimsə zərbə endirəndə görməyim. Ona görə mən əlbəyaxa döyüş növlərindən qorxuram. 

- Rəsul bəy, bəs sizin güləşdən başqa hansi idman növündən xoşunuz gəlir?
Cüdonu bəyənirəm. Mən bilirəm ki, elədiyim fəndlər cüdoda da alınardı. 

Abbas: Mən əslində bütün idman növlərini çox sevirəm. İdmana bağlı insanam.  Rəsulun sözünə qoşuluram. Mən də cüdonu bəyənirəm. 

Röya: Məncə, qadınlar bu növlərlə az maraqlanır...
Abbas: Yox, niyə ki? Qadın cüdoistlər də var. 

Röya: Yox, mən tərəfdən. 
Abbas: Sən heç də. Sən maşallah, bütün idman növlərini bəyənirsən. Eşitdiyimə görə, ən çox da futbolu sevirsən.
Röya: Futboldan zəhləm gedir. Gözümü açandan atam baxırdı.  Sonra həyat yoldaşım. Evə getməkdən zəhləm gedirdi. İndi də oğlum manyakdı. Ama mən yox. 

- Bəylər, bəs futbolla maraqlanırsız?
Abbas: Əlbəttə.
Rəsul: Fanat deyiləm. Amma maraqlı oyunlar olanda baxıram. 
 


- Azərbaycan çempionatının oyunlarına, yoxsa xarici?
Rəsul: Azərbaycanda "Qarabağ"ın, "Neftçi" oyunlarına baxıram. 
Abbas: Mənim komandam "Barselona"dı. Yerli klublardan isə "Neftçi". Çünki babam Zahid Hüseyni vaxti ikən "Neftçi"nin qapıçısı olub. 

Röya: Ümumiyyətlə biz hamımız idmana baxırıq. Məsələn, mən  bizimkilər hardasa çıxış edəndə, onların uğurunu izləyirəm. Həm də məlumatım olsun deyə. 
Abbas: Əlbəttə, bizim üçün istənilən klubumuzun qələbəsi uğurumuzdu. Hər klubun öz azarkeşi var Amma ölkə xaricində çıxış edəndə, bütün klublara azarkeşlik etməliyik. Çünki onların uğuru bizim uğurumuzdu. 

- Övladlarınızın idmançı olmasını istəyirsiz, və ya hazırda məşğul olan var?
Abbas: Böyük məmnuniyyətlə istərdim. Cüdo ilə məşğul olmasını istərdim.
Röya: Oğlum hazırda futbolla məşğul olur. Nəyi seçərsə seçsin, əsas odu adam olsun. Ama mən deyim uğur qazansın, şöhrət qazansın, elə valideyn olmaram. 
Rəsul: Hələ övladım yoxdu. İnşallah, olanda özü istəyərsə istədiyi idman növü ilə məşğul ola bilər. Seçimi özünə buraxacam. 

- Hazırda ölkəmizdə idmanın səviyyəsini necə qiymətləndirirsiniz?
- Rəsul: Artıq bunu bütün dünya bilir ki, Azərbaycanda idman çox inkişaf edir. Və biz bunu yarışlarda  görürük. Bizim Avropa və dünya çempionlarımız var. Bir çox komanda olaraq uğurlarımız var. Bu artıq sübutdur. Dövlətimizin idmana olan qayğısı nəticəsində uğurlar davam etməkdədir. 
Röya: Ağez, idmanın səviyyəsi yüksək olmasa burada nə gəzirik?! (zarafat)...
Abbas: Bizim çox idmançılarımız dünya idmançılarına bir nümunədir. Həm qələbələri ilə, həm də uğurları ilə. Ölkəmizdə də idmana günü-gündən maraq artır. İstər güləş, istər cüdo, istər futbol. Bu bizi sevindirir. Ki yeni gələcək nəsil düzgün yöndədir. İnşallah, gələcəkdə də Rəsul kimi, Hacı Əliyev kimi, Elnur Məmmədli kimi  idmançılarımız çox olar. 
Röya: Səviyyə budur. 
 


Abbas: Ama son zamanlar futbola marağım biraz itib. O da haqsızlıqların çox olduğuna görə. Azarkeşlik etdiyim bir neçə futbolçu vardı, onlar da klublarını dəyişdi. 
Röya: Mahir Mədətov harada oynayır? (red.- "Qarabağ"da). Mahiri sevirəm. O, gözümün önündə böyüyən uşaq olub. O, öz üzərində çalışdı. Mən inanmırdım. Dedim əşi, balacadı da marağı keçib gedəcək. Mənim qardaşlarım da futbolla maraqlanırdı. Ama onlarda həvəs öldü. Ancaq Mahir sənət kimi seçdi və axıra kimi arxası ilə getdi. Ona görə də, Mahir Mədətovla fəxr edirəm.
 
Röya Kərimli
Sport7.az

Xəbər lenti