Rza Məmmədov Sport7.az-a danışdı: “Çox az adam bilir ki...”

Rza Məmmədov Sport7.az-a danışdı: “Çox az adam bilir ki...”

Rza Məmmədovun adı azərbaycanlı futbol həvəskarlarına yaxşı tanışdı. Premyer Liqanın bir çox mərkəzi oyunlarında yan xətt hakimi kimi təyinat alıb, ağır qarşılaşmaların öhdəsindən gəlməyi bacarıb.

2018-ci ilin may ayı Rza üçün xüsusiylə yaddaqalan oldu. Həmin vaxt FİFA referi köməkçisi idman mətbuatının gündəmindən düşmürdü. Belə ki, FİFA referi köməkçisi Rza Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə təyinat almışdı. Bu təyinat da Azərbaycan hakimliyinin daha bir uğuru idi. Final mərhələsinin oyunları mayın 4-dən 20-dək İngiltərədə keçirilirdi. A qrupunun İngiltərə - İsveçrə görüşündə iş başında olan həmyerlimiz B qrupunun Portuqaliya – Norveç qarşılaşmasında da hollandiyalı baş hakimin yardımçısı oldu.
 
Özünü yaxşı tərəfdən göstərən Rza ¼ fianlda da UEFA tərəfindən etimada layiq görülmüş, İspaniya – Belçika qarşılaşmasında da irlandiyalı Rob Harveyə yan xətt hakimi kimi kömək etdi.

Düşünmək olardı ki, Rza Məmmədovun karyerası bundan sonra da yüksəlişə davam edəcək. Amma bu ehtimallar doğrulmadı. 2014-cü ildən FİFA referi köməkçisi adını daşıyan Rzanın adı bu ilki siyahıda yer almadı. Aydın oldu ki, onun adını Hakimlər və Hakim İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Ştuxlik siyahıdan çıxarıb. Bunun səbəbini Ştuxlikin özündən də soruşmuşduq. Sport7.az-ın sorğusuna cavabında əcnəbi sədr bunları demişdi: "Rza Məmmədov mənim gəlişimdən sonra bir neçə dəfə fitnes testindən keçmədi və bu müddət ərzində dəfələrlə diqqətinə çatdırmağıma baxmayaraq, ingilis dili biliyi baxımından heç bir inkişaf hiss etmədim”.

Həqiqəti öyrənmək üçün Rza Məmmədovun özüylə danışmağa qərar verdik. Laysmanın həqiqətənmi fitnes imtahanından kəsilib-kəsilmədiyini, ingilis diliylə bağlı hansısa probleminin olub-olmadığını onun özündən öyrənməyə çalışdıq.
 
Məmmədov danışmağa o qədər də həvəsli olmasa da, onunla bəzi məqamları aydınlaşdıra bildik. Məlum oldu ki, Məmmədovun fiziki hazırlıqla problemləri cərahiyyə əməliyyatından sonra başlayıb:

"Mən hakimliyə 2005-ci ilin oktyabr ayında başlamışam. Artıq 15 ildi ki, hakimliklə məşğulam. Kifayət qədər böyük zamandı. Amma elə indi də nələrsə öyrənməyə çalışıram, öz üzərimdə çalışıram. Təbii ki, yaxşı hakim olmaq istəyən şəxsin həm fiziki hazırlığı, həm də xarici dil biliyi yüksək səviyyədə olmalıdı. Bunlardan daha əvvəlcə hakimlik üçün qabiliyyətinin olması vacib şərtdi. Mən hakimliyə Elçin Məmmədovun dəstəyi ilə gəlmişəm, ondan çox şey öyrənmişəm. Həm o, həm də Hakimlər Komitəsinin əvvəlki sədri Xəqani Məmmədov mənə dəstək veriblər, mən də çalışmışam ki, onların etimadını doğruldum. Fiziki hazırlığım həmişə qaydasında olub, çünki öz üzərimdə dayanmadan çalışmışam. 2009-cu ildə də elitaya yüksəldim, Azərbaycan Premyer Liqasına təyinat almağa başladım. Bu mövsümə qədər daim elitada məsuliyyətli qarşılaşmalara təyinat almışam, çalışmışam ki, öz işimin öhdəsindən layiqincə gəlim.

Bəli, səhhətimdə problem yarandığı üçün bir müddət fiziki hazırlığım qaydasında olmadı. Məşqlərdən geri qaldım. Bu gün çoxları mənə bu sualı verir. Amma onlarının çoxunun xəbəri yoxdu ki, cərahiyyə əməliyyatına məruz qaldım. Yalnız həkimlərin müdaxiləsindən sonra sağlamlığımı bərpa etdim. Bundan sonra qısa müddət ərzində keçirilən fitnes testlərdən keçə bilməməyim normal idi. Yenə öz üzərimdə çalışıram, əvvəlki formamı bərpa etməyə çox yaxınam. İntensiv fiziki məşqlər edirəm. Bir aya yaxındı futzal liqasında oyunlara təyinat almağa başlamışam. Təşəbbüs məndən gəldi, Elçin Məmmədova müraciət etdim. Etimad göstərdiyi üçün ona bir daha minnətdaram. Futzalda hər şey yaxşıdı, artıq uyğunlaşa bilmişəm. İngilis dili səviyyəmlə onu deyə bilərəm ki, 6 il ardıcıl beynəlxalq oyunlara təyinat almışam. Yan xətt hakiminə lazım olan səviyyədə danışmağı, anlaşmağı yaxşı bacarıram. Heç vaxt ünsiyyətdə problemim olmayıb”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR