"Sabah"a baş məşqçi kim gəlsin? (SORĞU)

Bildiyiniz kimi, "Sabah" komandasında Elşad Məmmədovun gedişindən sonra baş məşqçi postu boşdur. Komanda əvəzedicilərin baş məşqçisi Rövşən Babayevə tapşırılsa da, bu, müvəqqəti xarakter daşıyır və rəhbərlik məşqçi axarışındadı. Bəs, hansı mütəxəssis "Sabah" kollektivinin başına gətirilsə, komanda uğur qazanar? 

Sport7.az bu sualla futbol mediasının nümayəndələrinə müraciət etdi. Həmkarlarımızın fikirlərini təqdim edirik:

İlqar Tağıyev ("525-ci qəzet"): "Yaxşı olardı ki, Elşad Əhmədov komandadan belə tezliklə getməsin. Fikrimcə, uğursuzluğa rəğmən Elşad Əhmədova azı birinci dövrənin sonuna kimi şans verilsəydi daha yaxşı olardı. Amma yenə rəhbərliyin və məşqçinin qərarına hörmətlə yanaşmaq lazımdır. Əgər istefa veribsə, komandadan gedibsə, bunu anlayışla qarşılamaq lazımdır.

"Sabah”a yerli baş məşqçinin gətirilməsi daha məqsədəuyğundur. Diqqət etsək görərik ki, komandanın əsas heyətini, belə desək onurğa sütununu yerli futbolçular təşkil edir. Yerlilərlə yerli məşqçi daha yaxşı dil tapa bilər. O ki qaldı hansı məşqçilər, təbii ki, müəyyən uğuru olan, nisbətən gənc məşqçiləri nəzərdə tuturam. Bizdə gənc məşqçilər deyəndə 40 yaşı nəzərdə tuturuq. Pro kateqoriyalarının olması mütləqdir. Ən azından Pro kateqoriyası məşqçinin müəyyən, lazımi mərhələni keçdiyindən xəbər verir. Bu kriteriyalara uyğun gələn belə məşqçilərimiz azdır. Onlardan biri Samir Əliyev bu gün U-19 millimizin baş məşqçisidir. Düşünmürəm ki, Samir "Səbail”dən sonra klubda çalışmaq istəyində olsun. Hər halda onu "Sabah”da görmək maraqlı olardı. 

Digər məşqçilərdən biri hazırda işsiz olan Adil Şükürovdur. Şükürovun həm savadı var, həm də nailiyyəti... Bu adam "Zirə”dəki işi ilə yadda qalıb. Hansı ki, komandanı 1-ci Diviziondan  Premyer Liqaya qaldırıb və elitada debüt ilindəcə komandaya gümüş medal qazandırıb. 

Üçüncü namizədim Azər Bağırovdur. O da gənc məşqçidir. Yaşı 40 civarında, Pro kateqoriyalı və çox savadlıdır. Həm də bacarıqlıdı. Buna sübut kimi, ötən il "MOİK”i 1-ci  Divizionda çempion etməsi və bu il "Turan”da eyni uğuru təkrarlamaq ehtimalının yüksək olmasıdır.

Bu üç mütəxəssisdən biri "Sabah”a baş məşqçi təyin olunsa, məncə, klubu hazırki durumdan çıxara bilərlər".

Rəşad Ergün (Komanda.az): "Əvvəlcə onu deyim ki, "Sabah" Elşad Əhmədovla daha tez, ötən mövsümün sonunda vidalaşmalı idi. Yeni məşqçiyə gəlincə, düzü, Azərbaycan Premyer Liqasında daha bir əcnəbi mütəxəssisin olmasını istərdim. Amma Roberto Bordin kimi yox. "Sabah" indiki məqamda əcnəbi məşqçiylə anlaşarmı? Məsələ burasındadır ki, əcnəbi məşqçinin "Sabah"ı, bizim Premyer Liqanı öyrənməsi üçün vaxt lazım olacaq. Əvvəl burda çalışmış hansısa xarici məşqçi olsa, başqa məsələ. Yerli məşqçi seçimi isə elə də çox deyil. Şahin Diniyev, Nazim Süleymanov - bu məşqçilərdən biri indiki məqamda "Sabah" üçün faydalı ola bilər. Mənə elə gəlir ki, klub kimi baş məşqçi postuna gətirsə, Elşad Əhmədovdan daha uğurlu olacaq.

Pərvin Kazımoğlu (Fanat.az): "İlk növbədə "Sabah"a əcnəbi məşqçinin gətirilməsinin tərəfdarıyam. Təcrübəli əcnəbi mütəxəssis komandanın tez zamanda toparlanmasını, öz oyununu tapmasını təmin edər. Klub rəhbərliyi Azərbaycan futboluna bələd olan mütəxəssislərdən birini seçsə, yaxşı olar. Bu Yuri Maksimov, Kaxaber Tsxadadze, Roman Qriqorçuk, Oğuz Çətin kimi mütəxəssislərdən biri ola bilər. Yerli mütəxəssislərdən Samir Əliyev "Sabah"a xeyir verər. Həmçinin, "Sumqayıt"a başçılıq edən Ayxan Abbasov da bu komandada özünü göstərə bilər. Hazırda "Sumqayıt"da işləri qaydasında deyil və Abbasovun komandanı tərk etməsi gözlənilir".

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR