"Sabah"ın baş məşqçisi: "Artıq bu məsələ də həllini tapıb"

Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı "Sabah" komandasının yeni baş məşqçisi Elşad Əhmədovun "Report"a müsahibəsi.

- Baş məşqçi postuna təyinatınızla bağlı rəsmi müqavilə nə zaman bağlanılacaq?

- Rəsmi müqavilə hələ bu həftə ərzində imzalanacaq. Formal xarakterli bəzi məsələlər qalıb.

- Köməkçilərinizi müəyyənləşdirmisiniz? 

- Bəli, Rövşən Babayev, Səttar Əliyev və Vitali Kovalyov məşqçi korpusumuzda yer alacaqlar.

- Başa çatan mövsümdə rəhbərliyiniz altında "Xəzər”də çıxış edən futbolçulardan kimləri "Sabah”a gətirməyi planlaşdırırsınız?

- Hələlik 6 nəfəri düşünürük. Onlarla rəsmi müqavilə bağlanmadığı üçün hamısının adlarını deməyi düzgün saymıram. Hələlik Vadim Abdullayev, Tural Qürbətov və Bəxtiyar Soltanovu qeyd edərdim.

- Transfer siyahınızda başqa kimlər var?

- Kərim Diniyev və Məqsəd İsayevlə razılıq əldə etmişik. Elvin Məmmədovla danışıq aparırıq. Amma hələ heç nə dəqiqləşməyib. Danışıq apardığımız başqaları da var. Orta məxrəcə gələndən sonra adlarını açıqlayarıq.

- Hazırlıq planınızı tərtib etmisiniz?

- Bəli, iyunun 18-də bir araya gələcəyik. Əvvəlcə seleksiya xarakterli məşqlərimiz olacaq. Komanda komplektləşəndən sonra 2 – 12 iyunda Bakıda təlim-məşq toplaışı keçəcəyik. 16 - 29 iyunda isə Türkiyədə hazırlıq prosesimiz olacaq.

- Komanda ev oyunlarını və məşqləri harada keçirəcək?

- Artıq bu məsələ də həllini tapıb. "Əlincə Arena”nı seçmişik.
 
Sport7.az

Xəbər lenti