"Saçımı, saqqalımı, bığımı... - hər şeyimi meydanda qurban verəcəm" - Marselonun hekayəsi (II hissə)

Bu yazı Marselo tərəfindən "Players' Tribune" üçün qələmə alınıb:

"Finallar barədə düşünəndə beynimdə film canlanır. Amma görüntülər tərsinə, sondan başa doğru bir-birini əvəzləyir.

2017-ci il, ÇL-in finalı, film başlayır. Kazemiro, Danilo, mən və Ronaldu oyun ərəfəsində sonuncu yeməyimizi yemək üçün masa başındayıq. Tamamilə səssizlik hakimdi. Heç kim danışmır, hər kəs gözlərini yeməyə zilləyib. Ətrafdakıların qarın qurultularını eşidə bilərsiniz. O dərəcə sakitlikdi. Hamımız gərginik.

Nəhayət Kriştianu səssizliyi pozur: "Sizə sualım var: aramızda təzyiqi mədəsinə kimi hiss edən təkcə mənəm?" Hamı bir ağızdan cavab verir: "Biz də eləyik, qardaşım, biz də".

Əvvəldə heç kim etiraf etmək istəmirdi. Amma sonra düşünürsən, əgər Kriştianu kimi biri bunu hiss edirsə, biz də qəbul etməliyik. Ronaldu çox soyuqqanlıdı. Təsəvvür edin, bununla belə, finaldan əvvəl o da, az qala, altını batıracaqdı.

Ronaldunun sözləri gərginliyi aradan qaldırdı. Bunu ancaq o edə bilərdi. Ofisiantı çağırdıq: "Zəhmət olmasa, bizə qazlı su gətirin. Yediklərimizi həzm etməliyik".

Stadiona gedirdik, Kriştianu bizə final matçının mümkün gedişatından bəhs etməyə başladı: "Oyunun əvvəli bizim üçün çətin keçəcək, amma ikinci hissədə rahatlıqla məsələni həll edəcəyik".

Heç vaxt dediklərini unutmayacam. Onun təxmini özünü doğrultdu. Sonra əlavə etdi: "Onları məğlub edəcəyik, onları məğlub edəcəyik..."
 


Elə də oldu. Ronaldunun sifəti hələ də ağlımdadı. Həmin görüntü həmişəlik orada qalacaq.

Bu hekayələri nəvələrimə danışacam. Düzü, 30 il sonra, onlara Kriştianu Ronaldu və Messi ilə eyni meydançanı bölüşdüyümü deyəndə, yəqin ki, belə cavab verəcəklər: "Baba, sən axı mövsüm başına 50 qol vuran adamlardan bəhs edirsən. Yalan danışırsan. Sən qoca kaftarsan. Babanı həkimə aparmalıyıq".

2016-cı ilin finalı, "Atletiko" ilə oynayırıq. Qrizmann cinah boyu irəliləyir, ona qarşı birə-bir oynayıram. Top meydanı tərk edir və bir anlıq tribunadakı balaca bir uşağın səsi diqqətimi çəkir. Normalda oyunun gedişində kənardakıların səsini eşitmir, fanatlarla üz-üzə gəlmirsiniz. Sadəcə işinizə fokuslanırsınız. Bu yolla insan təşvişə düşmür. Özünüzü quş kimi azad hiss edirsiniz. Amma Milandakı oyunda (final Milanda keçirilirdi - red.) futbolçuların ailələri əvəzedicilər skameykasının yanında oturmuşdular, meydana çox yaxın idilər.

Birdən uşağın səsini aydın şəkildə eşitdim: "İrəli, ata, irəli". Oğlum - Enzonun səsi idi. Həmin an ayağım qıc olmuşdu, onun səsini eşitmək mənə güc verdi.
 


Matç penaltilərə getdi. Həmin an ağlımda aydın şəkildə canlanır: Lukas Vaskes topu barmağının ucunda çevirə-çevirə irəliləyir - sanki parkda oynayırıq. Yadımdadı, öz-özümə düşünürdüm: "Balaca yaramaz, qol vura bilməsən, səni döyəcəyik". Sonra Lukas penaltini qola çevirdi: əla.

Bərk-bərk bir-birimizə sarılmışdıq, "Atletiko"nun penaltisini gözləyirdik. Kazemiro dizləri üstə çökmüşdü, dua edirdi. Pepe uşaq kimi ağlayırdı. Kriştianuya dedim: "Xuanfran penaltini qaçıracaq və sən bizi çempion edəcəksən, qardaşım".

Xuanfran qaçırdı və Kriştianu ÇL titulunu bizə qazandırdı. Sonra özümü görürəm: saatda 20 km. sürətlə ailəmin yanına qaçıram, həyat yoldaşımı və oğullarımı qucaqlayıram. Sevincdən dəli olmuşdum.

2014-cü ilin finalı, rəqibimiz yenə "Atletiko"du. Film davam edir. Əvəzedicilərin sırasındayam, start heyətində meydana çıxmadığım üçün əsəbiyəm. Babamın həmişə dediyi sözləri öz-özümə təkrarlamağa davam edirəm. Babam oyunlardan əvvəl dostlarına deyərmiş: "Meydanda hər şeyimi qurban verəcəm. Saqqalımı, saçımı, bığımı... - hər şeyimi"

İkinci hissədə məşqçilərdən təlimat almamış isinmə hərəkətlərinə başladım. Maykanı əynimə keçirdim və yenə eyni sözləri dedim: "Meydana çıxsam, hər şeyimi qurban verəcəm. Saçımı, saqqalımı, bığımı... - hər şeyimi".

Nəhayət ki, məşqçi məni çağırır və hazırlaşmağımı tələb edir. Amma mən isinmə hərəkətlərinə çoxdan başlamışdım. Qulaqlarımdan tüstü çıxırdı. Çox əsəbi idim.

Həmin gün yaxşı və ya pis oynadığımı deyə bilmərəm. Təkcə onu bilirəm ki, hər şeyi - hirsimi, əzmimi, hətta oyundan əvvəl içdiyim kofeni belə, meydanda "qoydum".

Və o an: 92:48. Serxio Ramos - liderimiz topu başla qapıdan keçirir. Ölü kimi idik, ayaqlarımız qıc olmuşdu və məğlubiyyətlə barışmışdıq... Belə bir anda Serxio bizi həyata qaytardı.

Amma bu, mənim beynimdə canlandırdığım filmdən bir parça deyil. Filmin növbəti səhnəsi? Artıq çempion olmuşuq, paltardəyişmə otağındayıq. Klubun ləvazimatçılarından olan Manolin mənimlə söhbət edir: "90-cı dəqiqədə tuneldə idik. "Atletiko"nun ləvazimatçısını gördük. Üzərində "Campeones" (ispan dilindən tərcümədə "çempionlar" deməkdi - red.) yazılmış köynəkləri gətirirdilər. Hətta əllərində şampan da var idi".

Eyni zamanda həm gülürdü, həm də sevincdən göz yaşlarını saxlaya bilmirdi. Hər şey bir-birinə qarışmışdı. Ona cavabımda dedim: "Artıq xoşbəxt ölə bilərəm". Bu anı heç vaxt unutmayacağam. Titullar üçün xüsusi ayrılmış otaq var, hamısını ora qoyurlar, amma xatirələr həmişəlik ürəyimizdə qalır.
 


5 il ərzində qazanılmış 4 Çempionlar Liqası... - hər biri bizə çox çətin başa gəlib. Siz təzyiqi görmürsünüz, ancaq nəticələrdən xəbərdar olursunuz. "Real"da "Sabaha qalsın" söhbəti yoxdu. Yoxdu da, "Real"da sadəcə "bu gün" var.

Ötən mövsüm uğursuz alındı. Bunu yaxşı bilirik. Heç nə qazana bilmədik: 0 titul. Qorxunc təcrübə idi. Amma başım dikdi, çünki artıq yenidən qələbəyə "ac"ıq. Uşaqlıqda hiss etdiyim futbol ehtirasına yenidən qovuşmuşam.

18 yaşım var idi, məni təyyarəyə mindirdilər və dedilər ki, İspaniyaya gedirsən. Müqavilə imzalamaq filan... - heç ağlımdan keçmirdi. "Real"ın məni baxışa çağırdığını düşünürdüm. Uzağı tibbi müayinədən keçirərlər, hə? Gələcək həyat yoldaşım, babam və ən yaxın dostumla birlikdə Madridə yollanmışdıq. Dördümüz və GPS - bu qədər. Braziliyada hara getdiyimi bilən tək adam atam idi.

İnsanları ümidləndirmək istəmirdik. "Real"da oynamaq? Mənim üçün bunun nağıldan bir fərqi yox idi. Hə, əvvəldə demişdim də, yadınızdadı?
 
"Real"da oynamağa gedirəm. Sonra görüşərik" - təyyyarəyə minəndə ailənə belə deyə bilməzsən. Bu qədər asan olmamalıdı. Gicləmə, yuxu görürsən, dostum... Yadımdadı, tibbi yoxlanışdan keçdikdən sonra "Real"ın bazasında idik. Məşqçilərdən biri mənə yaxınlaşdı və dedi: "Marselo, sabah üçün özünə kostyum və qalstruk almalısan".

And içirəm, hər şeyi olduğu kimi danışıram. Ona tərəf baxdım və dedim: Nəə? Kostyum və qalstuk? Nə üçün?" Cavabı özünü çox gözlətmədi: "Necə yəni? Təbii ki, təqdimat üçün. "Bernabeu" stadionunda təqdimat mərasimin olacaq".

Aaaaaaaaaaa. O an təəccübümü gizlədə bilmədim. Müqaviləni görən kimi tezbazar imzaladım. Marselo Vieyra da Silva Junior - bam! Qələm yox, qanımla belə olsa, imzalayardım. 5 illik müqavilə idi. Hədəfim 10 il "Real"da qalmaqdan ibarət idi. 13 il keçir, Riodan gələn balaca Marselinyo hələ də buradadı.

Mənə şübhə ilə yanaşanları məyus etdiyim üçün üzgünəm, amma başqa bir yerə getmək fikrim yoxdu. "Real"da ən uzun müddət forma geymiş xarici futbolçu olmaq... - mənim üçün bunun necə böyük məna ifadə etdiyini sözlə izah edə bilmərəm. Bu, nağıldı, cəfəngiyatdı, dəlilikdi...

Ümid edirəm ki, bunları oxuduqdan sonra nə demək istədiyimi daha yaxşı başa düşəcəksiniz. Mənim haradan gəldiyimi anlamalısınız.

Filmin son hissəsi ağlımda canlanır: 8 yaşım var. Pulumuz yoxdu. Ailəm məni hər gün futbola aparıb-gətirmək üçün lazım olan benzinin pulunu çatdıra bilmir. Babam etdiyi fədakarlıqla həyatımın gedişatını dəyişdirir. O, köhnə "Volkswagen Variant"ını satır və həmin pulla avtobus xərclərimi qarşılamağa başlayır. Hər gün məni avtobusla məşqə aparır.

Necə oynamağımın onun üçün fərqi yoxdu, hər gün mənə eyni şeyi deyir: "Sən Marselinyosan, səndən yaxşısı yoxdu. Bir gün Braziliya millisində oynayacaqsan. Bir gün "Marakana"da meydana çıxacaqsan və mən səni izləyəcəm".
 


25 il əvvələ aid xatirə 4K görüntü imkanı ilə xatirimdə canlanır. Avtobusun qoxusu hələ də burnumun ucundadı. 

Babam xəyalımı reallaşdırmağım üçün həyatını fəda etdi. Dostları ona sataşardılar, ağılsız olduğunu deyərdilər... O isə cavabında dünyaca məşhur ifadələrindən birini işlədərdi. Şalvarının ciblərini göstərərdi və deyərdi: "Baxın, cibimdə heç nə yoxdu, amma çox xoşbəxtəm".

Mənə çox inanırdı. Babam mənim partnyorum idi. Bax, buna görə "Liverpul"la oyunda top meydanı tərk edəndə göz yaşlarımı saxlaya bilmədim. Hər şey bir-bir yadıma düşürdü. Filmdən görüntülər bir-birini əvəzləyirdi.

Qulaq asın, "Real"da neçə mövsümüm qalıb, bilmirəm. Amma bu mövsüm meydanda hər şeyimi fəda edəcəyimə dair sizə söz verə bilərəm. Babamın dediyi kimi: "Saçımı, saqqalımı, bığımı... - hər şeyimi qurban verəcəm".

İnsanların xəbərdar olmadığı çox məsələ var. Necə əziyyət çəkdiyimizi, nələrə güldüyümüzü, hansı yollardan keçdiyimizi bilməniz üçün bəzi hekayələri paylaşmaq niyyətindəyəm. Danışacaq çox şeyim var. Amma bunun üçün bir az gözləməli olacaqsınız. Az qalıb, çox az... İndilik bizə şübhə ilə yanaşanlara son bir mesajım var: "Real" qayıdacaq. Bir posterin üzərinə bu sözləri yazın, onu divarınızdan asın və hər gecə baxaraq dua edin. Biz qayıdacağıq".
 

Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR