Sadiq "İnter" azarkeşi: "Keşlə"də doğmalıq tapa bilmirəm"

Sadiq
Sport7.az saytı azarkeşlərin də fikirlərini, iradlarını ictimailəşdirmək üçün onlara tribuna ayırıb. 

Müsahibimiz "İnter" azarkeşi olaraq tanıdığımız Elçin Həsənovdur.

- Sevimli klubunuz ilə tanışlığınız nə vaxtdan başlayıb?
- 2002-ci il olardı. Şəfa stadionunda "Xəzər Universiteti" və "Şəfa" komandaları oyanıyırdı. Dostlarımdan kimsə mənə demişdi ki, bu oyun prinsipialdır. Bu da ondan irəli gəlirdi ki, məhz bu komandaların oyunundan sonra çempionat dağılmışdır. İndiki kimi yadımdadır, hava çox soyuq idi. Gərgin keçən qarşılaşmanın son dəqiqələrində Aqşin Ömərov cərimə zərbəsindən qol vurdu və oyun "Xəzər Universiteti"nin 1:0 hesablı qələbəsi ilə nəticələndi. Bundan sonra "Xəzər Universiteti"nin oyunlarına daim getməyə başladım.
 


- "Xəzər Universiteti" "İnter" adı əvəzləndikdən sonra bu komandanı dəstəklədiniz. Ancaq bildiyim qədəri ilə, "Keşlə"ni dəstəkləmirsiz. Səbəb nədir?
- "Xəzər Universiteti" dağıldıqdan sonra yeni bir komanda "İnter" yarandı. Və bu komanda ev oyunlarını yaşadığım Zabrat qəsəbəsində oynayırdı. "İnter"in "Xəzər Universiteti"nin davamçısı olduğunu deyənlər yanılırlar. "İnter" yaranan zaman, komanda "Xəzər Universiteti"nin davamçısı kimi fəaliyyət göstərmək istəsə də, "Xəzər Universiteti"nin rektoru və komandanın rəhbəri Hamlet İsaxanlı buna etiraz etdi və "İnter" yeni yaranmış bir komanda kimi qeydiyyatdan keçdi. Bunu komandanın loqosunda əks olunan klubun yaranma tarixi 2004-cü il göstərildiyi buna sübutdur. Amma "Keşlə"yə gəlincə isə, "Keşlə" heç vaxt "İnter"in davamçısı olmayıb, ola da bilməz. "Keşlə" "İnter"in tarixini mənimsəyən yeni yaradılmış bir komandadır. Sadəcə "İnter"in UEFA-da yığıdığı reytinqini itirməmək üçün "Keşlə"ni "İnter"in davamçısı kimi sənədlərini düz-qoş edib UEFA-ya göndərdilər.

- Bu klubu qəbul etməməyinizin səbəbi sırf budu?
- Başqa səbəblərdə var idi. Amma əsas səbəb bu idi. Komanda adını dəyişəndən sonra mənim kimi bir çox "İnter" azərkeşi komandadan uzaqlaşdı.

- Başqa səbəblərdən biraz bizə də bəhs edə bilərsiniz?
- Əsas səbəblərdən biri komandanın adının dəyişməsi oldu. "Keşlə" özünü "İnter"in davamçısı kimi ictimaiyyətə təqdim etsə də, bu komandada "İnter"ə aid heç bir şey qalmadı. Rəngləri, bayraqları, loqosu, azərkeşləri, hamısı dəyişdi. Faktiki olaraq bu komandada "İnter"ə aid heç bir şey qalmayıb. Komandanın adını dəyişib "Keşlə" qoydular ki, azərkeşlərin sayı artacaq. Bir-iki oyun məcburi zavod işçilərini stadiona gətirib azərkeşin çox olduğu təzahürü yaratdılar. Ancaq əldə olan "İnter"in sadiq azərkeşlərini itirdilər.
 


- Uzun illərinizi bu komandaya həsr etmişdiniz. "Keşlə"dən sizə təklif və ya dəvət oldu ki, yenidən komandaya dəstək olasınız, azarkeşləri bir araya toplayasınız?
- Mən cavanlığımı "İnter"ə həsr etmiş birisiyəm. 14 ilimi "İnter"lə bir yerdə addımlamışam. Qələbələrinə sevinib, məğlubiyyətlərinə üzülmüşəm. Yuxusuz qaldığım gecələrin sayı hesabı yoxdur. Komanda "Keşlə" olandan sonra, mənə dəvət göndərməyə ehtiyac yox idi. Sadəcə bu komanda mənə "İnter" kimi doğma ola bilməz. "İnter"in adını dəyişəndən sonra bir Allah bilir mən nə hisslər keçirtmişəm. Mən bu gün də çempionatımızın oyunlarını çalışıram stadiondan izləyim. Amma "Keşlə"nin oyunlarına baxsam da, bu komanda mənə yad təssüratı yaradır, bu komandada doğmalıq tapa bilmirəm.

- Azarkeşlik duyğunuzu itirmisiniz?
- Mənim azərkeşlik duyğum "İnter" dağılandan sonra öldü. Sadəcə olaraq oyunlara gedib stadiondan çempionatımızı izləyirəm.

- Bəs hazırki çempionatı necə qiymətləndirirsiniz? 
- Ölkə çempionatında çıxış edən 8 komandanın 6-sı AFFA tərəfindən idarə olunursa, bu çempionata nə qiymət vermək olar? Futbolumuz ölü vəziyyətdədir. Demək olar ki, çempionatımız Azərbaycan çempionatı yox, "Bakı birinciliyidir". Futbol başbilənlərimizin sayəsində bölgələr futbolsuz qalıb. Mənim fikrimcə, Azərbaycan azərkeşinə "Turan"ı, "Şəmkir"i, "Kəpəz"i, "Karvan"ı, "Xəzər Lənkəran"ı, "Şahdağ"ı, "Simurq"u," Bakı"sı olan bir çempionat lazımdır.
 
Röya Kərimli
Sport7.az

Xəbər lenti