Şahin Diniyev: "Bu o demək deyil ki, artıq finaldadılar"

Şahin Diniyev:
Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Final uğrunda 4 komanda "Qəbələ", "Neftçi", "Keşlə" və "Sumqayıt" mübarizə aparacaq. İlk oyundakı nəticələr göstərdi ki, cavab qarşılaşmaları maraqlı keçəcək və bu üzdən bütün komandaların şanslarını mütəxəssis fikri ilə analiz etməyi qərara aldıq.

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyevlə danışdıq. Şahin bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Bundan əvvəl də qeyd etmişdim ki, "Qəbələ" və "Neftçi" cütünün taleyi ikinci oyunda həll olunacaq. Nəyə əsaslanmışdım? Bu klubların gücləri rəqabət baxımından bərabər səviyyədədi. İlk oyundan əvvəl heç kimin avantajı, böyük üstünlüyü yox idi. Amma burda bir qədər bəxt amili lazım olacaq hər iki komandaya. "Neftçi" səfərdə 2 qol vurub. Kubokun qanunu elədi ki, səfərdə qol vurmaq klubların şanslarını artırır. Amma demək olmaz ki, "Neftçi" artıq finaldadı. Hesab baxımından olsa da, ümumilikdə "Qəbələ" ilə "Neftçi" arasında böyük üstünlük görmürəm. "Qəbələ" "qara zolağ"a düşüb. Burdan çıxmaq üçün əllərinə fürsət düşüb. Komanda bu zolaqdan çıxmaq gücündədi. Bu da ikinci oyunu qorxunc edir. 

"Sumqayıt"la  "Keşlə"yə gəlincə, hamı Sumqayıt komandasının şanslarının daha çox olduğunu deyirdi. Amma mən bunun əksini iddia edirəm. Çünki kubok iki oyundan ibarətdi. Burda artıq taktiki cəhətdən savadlı oynayan futbolçular və məşqçilərdən çox şey asılıdı. "Keşlə" evdə qol buraxmayıb, əksinə rəqib qapısına yol tapıb. Bu "2:1"-dən də yaxşı nəticədi. Ona görə də oyunun taleyi ikinci oyunda həll olunacaq. Burda "Sumqayıt"ın daha erkən qol vurması böyük rol oynayacaq. Oyun getdikcə, rəqibə şans verməməlidilər. Bir şans oyunun intriqasını "öldürə" bilər. Deyirlər ki, "Sumqayıt" evdə daha çox hücumda effektli oynamalıdı. Amma mənim fikrimcə, müdafiədə daha etibarlı, səliqəli və ehtiyatlı oynamalıdılar. Qol gələcək. Ən əsası qol buraxmamalıdılar. Düzdü "Keşlə" və "Neftçi"nin bir balaca üstünlüyü var, amma kubların eyni səviyyədə olması açıq-aydın görünür. Bu yaxınlarda Çempionlar Liqasında gördüyümüz nəticələr belə deməyə əsas verir. "3:0" artıq həll olunmuş nəticə sayılmır. Eləcə də eyni sözləri "1:0, 2:1" haqda da demək olar. Şanslar tam bərabərdi. müəyyən faizlə, məsələn 51-in, 49-a cüzi üstünlük ola bilər. 

Kubokun yarımfinalına Azərbaycan üçün qrand sayılan komandanı, "Qarabağ"ı məğlub edib düşmək qazancdı. Yəni təsadüfü deyil, oyunun nəticəsinə əsasən çıxıblar. Amma bu o demək deyil ki, artıq finaldadılar. Buna sabah aydınlıq gələcək".

Sport7.az

Xəbər lenti