Şahmat üzrə açıq birinciliyin qalibləri müəyyənləşdi

Şahmat üzrə açıq birinciliyin qalibləri müəyyənləşdi
"Neftçi İdman Klubu”nun 2004-2005-ci, 2006-2007-ci, 2008-2009-cu, 2011-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında şahmat üzrə açıq birinciliyi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş yarış Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında təşkil olunub. Yarışda 47 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Sport7.az xəbər verir ki, 2004-2005-ci il təvəllüdlü şahmatçılar arasında Nicat Fərzəliyev qalib adını qazanıb. İlham Ağayev yarışı ikinci, Elvin Haqverdiyev üçüncü pillədə başa vurublar.

2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində Cəbrayıl Zərbəliyev birinci olub. Əliqismət Hüseynzadə və Üzeyir Əlizadə isə ilk üçlüyü tamamlayıblar.

Nuray Musayeva 2008-2009-cu il təvəllüdlülərin yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tamerlan İbrahimli ikinci, Fidan Aşırlı üçüncü yerdə qərarlaşıblar.

2011-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar arasında Ayan Mirzəzadə bütün rəqiblərindən üstün olub. Aylin Mütəllimzadə gümüş, Ahu Şahmalıyeva isə bürünc medal qazanıblar.

Turnirin qalib və mükafatçılarına "Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.

Sport7.az

Xəbər lenti