Şair Qismət: "Azərbaycan futbolu mövcud olmayan gündəliyə inanır"

Şair Qismət:
Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir. 

Bu dəfə şair Qismət Rüstəmov futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.
 
- Qismət bəy, Azərbaycan çempionatını izləyirsiniz?
- Davamlı şəkildə izləmirəm, daha çox həftənin icmallarına baxıram. Əvvəllər, tələbəlik illərində ayda bir dəfə stadionda oyunlara baxırdım, o illərdə həm də xeyli dostumun olduğu idman mətbuatı üçün yazılar da yazırdım. Son illərdə isə "Qarabağ” klubunu Çempionlar Liqası prosesində diqqətlə izləmişəm.

- O zaman "Qarabağ" azarkeşisiniz?
- Bəli.

 - Adamın çempionat deməyə də dili gəlmir... Bu 8 komandalı "çempionatı" necə qiymətləndirirsiniz?
- Dünyanın futbol mədəniyyəti yerli-dibli olmayan ölkələri var ki, onların birinci liqasında azından 10-15 klub var. Səkkiz komandalı çempionatlar üçüncü, dördüncü liqa kimi, yəni həvəskarlar liqası səviyyəsində hesab edilir. 

-  Azərbaycan futbolunun əsas problemini nədə görürsünüz?
-  Liqamızın reytinqinin yüksəlməsi, komandalarımızın sayının artması üçün azad, müstəqil maliyyə imkanları olmalıdır. Maliyyə dəstəyi verənlərin, pulunu verirəmsə, üstündə ağıl, məsləhət də verərəm məntiqinin olmadığı, bütün daxili məsələlərin peşakarların ixtiyarına buraxıldığı mühit olmalıdır. Bundan başqa, tutalım, klublar səviyyəsində dünyada gözədəyən uğurun qazanılması çətindirsə, heç olmasa fərdi planda, yəni futbolçular səviyyəsində dünyanın aparıcı çempionatlarında oynayan Azərbaycanlı futbolçuların çıxmasına dəstək vermək lazımdır. Heç olmasa qardaş Türkiyə çempionatında adından söz etdirən futbolçularımız olmalıdır. Bunun üçün dövlət cavan, perspektivi vəd edən gəncləri dünyanın məşhur futbol məktəblərinə yollamağı düşünməlidir. Bəzən bir adamın obrazı sonradan o ölkənin idman həyatına ciddi təsir edə bilir. Məsələn, Didye Droqba çıxana qədər Fil Dişi Sahilindən, Məhəmməd Salah çıxana qədər Misirlu futbolçu deyəndə, yəqin gülərdilər, amma onların varlığı indi ölkələrindəki ictimai-siyasi, mədəni həyata da təsir edə bilər, Droqba nümunəsində bunu daha yaxşı görmək olar. Təbii ki, burda söhbət bir adamın harasa gedib, anidən ulduz olması deyil, iş bu qədər asan deyil, arxa planda avropa klublarına Ərəb ölkələrin gələn maliyyə axını kimi məsələlər də var, bunu bilirəm, bu uzun və ayrıca bir yazının mövzudur, indi o zonaya girmək həvəsində deyiləm. Uzun sözün qısası, biz hər sahədə ehtiyac olduğu kimi, futbolda da ikonlarımızı yaratmalıyıq. Bunu isə sovet düşüncəsi ilə eləmək mümkün deyil, həlledici postlarında çağdaş dünyanı bilən adamlar olmasa, heç nə düzələn deyil, yenə anaxronik metodlarla başımızı qatacağıq.    
 


 - Millimizə yeni baş təyin olunan Nikola Yurçeviçdən nəsə nəticə gözləmək olar?
- Yanılmaq istəyərəm, amma heç nə gözləmirəm. Yurçeviçin gəlişi yadıma ötən əsrin 70-80-ci illərindəki Türkiyə futbolunun vəziyyəti xatırlatdı. O vaxt həm Türkiyə millisinə, həm də liqadakı komandalara xeyli yuqoslav baş məşqçi gətirirdilər, onlar da bu liqada bir-iki il fırlanır, yaradılan bütün imkanları soyadlarının sonluğu ilə "iç”ib gedirdilər. Bunun uzun müddətdə müəyyən yaxşı nəticələri olsa da, ümumilikdə düzgün strategiyada deyildi. 90-cı illərdə türklər bu strategiyanı dəyişdilər, ancaq inkişaf etmiş ölkələrdən oyunçu, məşqçi gətirməyə hesablanmış siyasətlərinin yanına, həm də oralara özlərindən kimlərisə göndərib yetişdirmək yolunu tutdular. Nəticəsi məlumdur. Hərçənd son illərdə Türkiyə liqasında da vəziyyət bərbaddır.   

- Ümumiyyətlə, bu gedişat futbolumuzu hara aparır: nəyəsə ümid edirsiz gələcək üçün, yoxsa məhvə doğru gedir?
- Əvvəlki suallarda da dediyim kimi, bu cür geridəqalmış dünyagörüşü ilə, sovetdənqalma metodlarla bizim futbolumuz ancaq öz yerindəsayan mövcudluğunu qoruya bilər, vəssalam. Biz gərək ölkəmizi təqaüdə çıxan məşhurların cibxərcliyi üçün gəldiyi yer olmaqdan çıxarmaq haqqında düşünək. Təəssüf ki, vəziyyət budur. Biz hələ ki, kariyerasında azından 10 klubda oynamış, işləmiş əcnəbiləri 8 komandalı çempionatımıza dəvət edirik.   

- Futbolla bağlı ən yadda qalan xatirəniz...
- Dostum, tələbə yoldaşım, idman mediasının mənə görə ən aparıcı qələmlərindən olan Elçin Cəlilov bir gün mənə zəng vurdu ki, bəlkə bizim üçün bir futbol yazısı yazasan. Açığı, məsələyə həvəssiz yanaşdım, amma sonra ağlıma gəldi ki, idman jurnalistikasının rəqəmlərin quru dünyasına meyilli menyusuna ədəbi nəsə təklif edim. Götürüb bir neçə ədəbi fəndin kollajı ilə xəyali bir gündəlik yaratdım, guya bu gündəlik o vaxt millimizin baş məşqçisi çalışan Berti Foqtsun gündəliyidir, bizim əlimizə düşüb, biz də guya alman dilindən tərcümə etdirmişik. Cəmi bir yazılıq düşündüyüm bu yazı elə ciddi rezonans doğurdu, iki-üç həftə yazmalı oldum, gözlənilməz şəkildə aləm bir-birinə dəydi. AFFA, Berti Foqts Elçini və məni məhkəməyə verəcəyini açıqladı, sonra deyəsən onun şəxsinə yönəlmiş yazı yox, ədəbi bir fiksiya olduğunu anlayıb fikrindən daşındı.  Mən bir neçə həftə sonra bu silsiləni bitirdim, amma ən maraqlısı odur ki, bəlkə də yüzlərlə adam Elçinə və mənə şərhlər yazdılar ki, siz də satıldınız, biz bilirik ki, doğurdan belə bir gündəlik var. 

- Azərbaycan futbolunu bir cümlə ilə ifadə edə bilərsiniz?
- Azərbaycan futbolu mövcud olmayan gündəliyə inanmaqda davam edir...

Röya Kərimli
Sport7.az

Xəbər lenti