Şakir Qəribov hər şeydən danışdı: "Rəşad ya oynasın, ya da məşqçilik estin"

Şakir Qəribov hər şeydən danışdı:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şakir Qəribovun Sport7.az saytına müsahibəsi.

- Artıq yığmanın oyunları başlayır. Millimizin şanslarını necə dəyərləndirirsiz?

- Bir neçə yoldaşlıq görüşləri keçirib. İlk oyunlarda məlum məsələdi ki, baş məşqçi yeni futbolçuları yoxladı. Ola bilsin ki, hansısa mövqelərdə dəyişiklik etdi. hansısa futbolçunu heyətə çağırdı. Əsas odu ki, Qurban Qurbanov uşaqların hamısını tanıyır. Onların yeni mövsümdə hansı formada olması əsasdı. Digər tərəfdən onların bəziləri "Qarabağ"a qarşı oynayıb. Qurban tez-tez Qəbələyə gedib oyunlarına baxır. Əsas potensialı olan futbolçuları bir yerə yığıb kollektiv qurmaq lazımdı. Son oyunlarda gördük ki, bizdə potensial var. Onları ortaya çıxarmaq lazımdı. Fikrimcə nəticə Millətlər Liqasında olacaq. Çünki ordakı komandalar nə bizdən güclüdü, nə də zəif. Bizimlə eyni səviyyədə Kosovo ola bilər. Yeni formalaşmış komandadı. Komanda üzvlərinin əksəriyyəti legioner olsa da uzun müddət bir yerdə oynamayıblar. Amma digər tərəfdən, bizim uşaqlar artıq neçə ildi bir yerdə oynayırlar. Üstün cəhətimiz də budu.

- Avropa Millətlər Liqasının formatı şansızmızı artırır?

- Əlbəttə, artırır. O komandalara həm evdə, həm də səfərdə gücümüz çatar. Hiss edirəm ki, birinci yeri tutmağa gücümüz var. Üstün cəhətimiz odu ki, Qurban Qurbanov o uşaqları yaxından tanıyır, potensiallarına bələddi. Həm rəqib kimi həm də birlikdə oynayıblar. 

- Heyətdəki futbolçular, xüsusən də legionerlər hansı formadadı?

- Almeyda yalnız sonuncu matçda oynayıb. Şeydayev bir matçda meydana çıxıb. Onların oynaması bizim üçün faydalıdı. 90 dəqiqə iş başında olarlar. Oynamamaları məşqçi üçün də çətinlik yarada bilər. Futbolçulara inam olmalıdı ki, məsələn Cavid Hüseynovu buraxacam çıxıb oynayacaq. Baş məşqçinin nəzəriyyəsindən, praktikasından çox şey asılıdı. Hər halda futbolçuları izləyirlər. Futbolçular da başa düşür ki, qarşıdan çempionat gəlir. Elə uşaq var ki, onda "yanğı" hiss olunur. Görürsən ki, oynamaq istəyir və bunun üçün çalışır. Hətta 15 dəqiqə meydanda olsa belə ondakı istəyi hiss edirsən. Ümumiyyətlə bir çox futbolçuların çalışdığını görürük. Millinin qapıları açıqdı. Premyer Liqada 8 komanda var, hamısı göz qabağındadı. Baş məşqçinin və onun köməkçilərinin vaxtı olur həmin komandaları izləməyə. 

- Ramil Şeydayev "Kırılya Sovetov"da özünü nə dərəcədə doğrulda biləcək?

- Ramil bura gəlməmişdən əvvəl yaxşı formada idi. Gözdən qaçmadı, milliyə də dəvət etdilər. İnanırdıq ki, Ramil gəlib burda daha da "artıracaq". Özünüz də gördüz, necə oyunu ilə özünü göstərdi. Almaniya yığmasına qol vurub hesabı bərabərləşdirdi. Daha sonra "Qarabağ"a gəldi. Orda da futbolçu çoxdu. Heyətə düşmədi. Yəqin ki, "Qarabağ"dakı hücumçular ondan güclü idi. Komanda qələbə qazanırdı, heyəti dəyişmək olmurdu. Potensialı var. Sadəcə həmin potensialı hardasa açmaq lazımdı. Bu yığmada, yaxud "Kırılya Sovetov" olacaq deyə bilmərəm. Klublarda oynaya-oynaya açılmalıdı. Biz də oynamasını istəyərdik. 

- Bir mütəxəssis kimi deyə bilərsiz, Ramildə nə çatmır?

- Açığı deyim, boy, güc, zərbə, aldatmaq, mübarizə aparmaq bir sözlə, onda hücumçuya lazım olan hər şey var. Yeganə istəyim odu ki, bir az cəld olsun. Hücumçu cərimə meydançasında təhlükə yaratmalı, rəqibi aldadıb qol vurmalıdı. Ən pis halda cərimə zərbəsi qazanmalıdı. Oyunu öz üzərinə götürməlidi. Başa düşürəm, hündür, çəkisi yüksək futbolçularda cəldlik olmur. Amma fərqli keyfiyyətlər, məsələn mübarizələri udmağı bacarır. Texnikalı futbola bir qədər yaddı. Bizdə də bilirsiz ki, uşaqlar "Qarabağ"ın üzvləridi və topla yaxşı oynayırlar. Mahir, yeni gələn Zubir cəlddi. Hücumameyilli oyunçulardı. Belədə futbolçunun qarşısına keçmək, başla qol vurmaq kimi keyfiyyətləri onda "tutmalıdılar". Komanda yoldaşları onun necə qol vura biləcəyini anlamalıdılar.Şeydayevdə cəldlik olsa, çatışmayan keyfiyyətlərini örtmək mümkündü.

- "Neftçi" ilə bağlı nə düşünürsüz? Bordin komandaya italyan intizamını gətirə bilib?

- Açığı, vaxt azdı. Onun barəsində çox söz demək olmaz. Elə məşqçilər var, komandada işləyir, amma nədən başlayıb, harda qutardığını bilmir. Bir qədər vaxt lazımdı. Ona pis və ya yaxşı deməyimiz düzgün deyil. Heç olmaza qış fasiləsinə qədər, 10-15 oyun izləməliyik ki, məşqçidə hansı xüsusiyyətlərin olduğunu anlayaq. Cəmi 3 oyun keçirib, onun haqqında "pis" deməyimiz bir qədər düzgün deyil. Elə şeylər var ki, biz görmürük. Hələ ki, nəsə gördüyümü deyə bilmərəm. Hər halda ümid edək ki, yaxşı oynayacaqlar. İtalyan məşqçidi Avropada ən yüksək futbol dərəcəsi olan ölkələrdən birindən gəlib. Fikrimcə, müsbət cəhətlərini görəcəyik. Ola bilsin ki, uşaqları tam tanımır və komanda qura bilmir. Futbolu qavrayıb, camaata çatdırmaq məsələsi var. Hər insan barəsində də düzgün danışmaq lazımdı. Belədə ona güc verə bilərik. Yoxsa "yıxılana balta vurmaq" düzgün olmaz. Elə məşqçi var ki, iki il işləyir amma nəticə əldə etmir. Dözüm lazımdı.

- Araz Abdullayev "Qarabağ"a transfer oldu. Onun oyunu və xarakteri bu komandada daha da irəli getməyə imkan verərmi? Çünki xarici klubda oynadı, sonuncu dəfə problemlərlə qayıtdı.

- Onunla yaxınlığım yoxdu, təmasda olmadığım üçün hansı xarakterə malikdi, deyə bilmərəm. Arazın yalnız oyunlarını izləmişəm. Sürətli futbolçudu, topla oynaması, zərbələri yaxşıdı. Futbolda da əsas bunlardı. Həqiqətən yaxşı futbolçudu. Gəncdi, enerjilidi. Mənə elə gəlir, onun xaricdə oynaya bilməməsi, dil problemi ilə əlaqədardı. Təsəvvür edin, heç kimlə danışmırsan, təmasda olmursan. İnsan dəli olar. Ona görə də xaricdə oynamaq istəmir.  Ümumiyyətlə düşünürəm ki, azərbaycanlı futbolçuların problemi məhz dillə əlaqədardı. ikincisi də ki, biz çətinlik istəmirik. Hamı çörəyini asan şəkildə qazanmaq niyyətindədi. Bu da mümkün deyil. Vallah asan yolla qazandığı çörəyin dadı olmaz. Əziyyətlə qazandığı çörək həm dadlı olur, həm də boğazından rahat keçir. Mən də cavanlarımızın belə olmasını istəyirəm. Araz kimi futbolçular itməli deyil. Onları itirməyə haqqımız yoxdu. Qurban Qurbanovu dəstəkləyirəm ki, onu komandasına götürdü. Bir qədər dəstək vermək lazımdı. "Qarabağ"da oynaya bilər. Zubir, Mahir görürsüz cinahlarda necə oynayır? Araz da o tipli futbolçudu. Deməyim odu ki, Qurbanovun Araza ehtiyacı var. Ondakı müsbət cəhətlərin itməməsi üçün məşqçilər nəzarət etməlidi. Ola bilsin ki, xaricdə çıxış etməti. Amma onu itirməyə haqqımız yoxdu. Bilirsiz, bizdə potensiallı futbolçular da azdı. Onların hər biri üçün əziyyət çəkməli, düzgün istiqamət verməliyik.

- "Qarabağ"dan söz düşmüşkən, Avroliqadakı şanslarını necə dəyərləndirirsiz?

- Keçən il Çempionlar Liqasında "Qarabağ" "Roma", "Atletiko" kimi komandalarla oynadı. Əlbəttə, deyə bilərsiz ki, həmin vaxt heyətdə Almeyda və başqa futbolçular oynayırdı...

- Ümumiyyətlə ötən illə nisbətdə komanda zəifləyib?

- Almeydanın getməsi komandaya təsir etdi. Miçellə Kintana zədəlidi. Bu üçlük "Qarabağ"da çox yaxşı oynayırdılar, aralarındakı əlaqə yaxşı idi. Yeni futbolçular gəlib, onların kollektivə uyğunlaşması üçün vaxt lazımdı. "Şerif" üzərində yaxşı qələbə qazandılar. Bu münasibətlə onları təbrik edirəm. Avroliqaya gəlincə, "Arsenal"la oynamamışıq. Düzdü bu cür komandalarla oyunda çətinlik çəkə bilərik, amma keçənilki komanda göstərdi ki, onlarla oynaya bilərik. İstər Ukrayna istərsə də digər rəqib olsun. "Qarabağ" təcrübəlidi, illərdi Qurban Qurbanov o uşaqlarla birlikdə işləyir. Nəticələr də gəlir. Qurban neçə illərdi o komandada çalışır. Rəhbərliklə bir-birilərinə kömək edib, komanda yaradırlar. Amma digər klublarda bir ildə 3 məşqçi dəyişdirirlər. Futbolçu hansı məşqçiyə qulaq assın? Biri deyir, "qabağa vur", biri deyir, "ötürmə et", digəri deyir "diaqonal ötürmə et". Futbolçu hara yönəlsin, kimə qulaq assın? Qurbanov illərlə çəkdiyi əziyyətin bəhrəsin görür. Məşqçi gətirəndə öncə onu yoxlamaq lazımdı. Kollektiv qura bilirmi, savadı, praktikası necədi? Bayaq italyan məşqçini soruşduz. Ay qardaş, əvvəl ölçün-biçin sonra gətirin. Xüsusiyyətlərini tam öyrənməmiş gətiririk, 6 aydan sonra da qovuruq. Məşqçiyə şans vermək lazımdı. 

- "Neftçi"yə bürünc medal qazandıran Tərlan Əhmədovun göndərilməsinə necə baxırsız?

- Əhmədov gənc, savadlı məşqçidi. Yaxşı futbolçu, yığmanın kapitanı və lideri olub. Onun işini dəstəkləyirəm ki, gəldi komandanı qaldırdı, kollektiv yaratdı və nəticə qazandı. Nə deyə bilərəm? Həmişə gənc mütəxəssisləri dəstəkləyirəm ki, işləyib təcrübə qazansınlar. O klubdaxili məsələ idi. Biz klubda nə baş verdiyini bilmirik axı. Ancaq inanıram ki, "Neftçi" olmasa da başqa klublarda işləyib nəticə qazanacaq. Öz üzərində çalışan insandı.

- Artıq hər kəs "Qarabağ"dan Avroliqanın qrupunda minimum ikinci yeri hədəfləməyi tələb edir. Siz nə düşünürsüz?

- Niyə də olmasın? Biz "Atletiko", "Roma" ilə bərabər oynayırıqsa niyə də olmasın? Bilirsiz, klub ildən-ilə irəli getməlidi. Nəticələrinə görə "Qarabağ" haqda yaxşı sözlər danışa bilərik. Nəticə üçün futbolçular yetişib. Uşaqlar həm "Qarabağ"da, həm də yığmada  illərdi birlikdə oynayır. Əvvəl yığma uduzanda deyirdik ki, futbolçular gənc və təcrübəsizdi. Üstünlüyümüz də bundadı.

- BATE mərhələni keçsə də "Qarabağ"dan çox zəif olduğu deyilirdi...

- Çox zəif deyildi. PSV ilə oynadılar. Oyuna baxdım. BATE mübarizə apardı, amma göründü ki, hollandlardan çox zəifdilər. Ancaq onlar "Qarabağ"dan çox üstün də deyildilər. İkinci hissədə necə oynadıq? İlk hissədə ehtiyatlı oynamq əlehimizə oldu. Əks-hücumda qol vurdular. İkinci hissədə üstünlük bizdə idi. Keçə bilərdik. Mən deyərdim ki, biz onlardan 3 hissədə üstün oynadıq. Onlar isə cəmi bir hissə üstün oldular. Statistika da bunu göstərirdi. Sadəcə, bəxt onlar tərəfdə oldu.

- Qurbanov həm yığma, həm də "Qarabağ"ı çalışdırır. Artıq müəyyən müddət keçib. Sizcə bacarırmı?

- Məncə bunu Qurbandan soruşsaz daha yaxşı olar. Bacarır, gənc mütəxəssisdi, Avropa təcrübəsi var. Niyə bacarmasın ki? Neçə illərdi klubda işləyir, nəticələri var. Ona nə deyə bilərik ki? 8 komandalı çempionatdı. Əlinin altında olan futbolçuların da hamısını yığmaya cəlb edib. Kənarda qalan olmayıb ki? Hamıya da şans verdi. Nəzərdən qaçan oyunçu qalmadı. Elə ölkə var ki, əhalisinin sayı 1 milyarddı, amma futbolu yoxdu. Yaxud əksinə, məsələn İslandiyanı götürək. sayla deyil ki. Keyfiyyətlə, işləməklə, həyat təcrübəsi ilədi. 

- Uzun illər gənclər yığmasında çalışmısız. O dönəmdəki gəncləri indikilərlə müqayisə etsək, ortaya nə çıxar?

- U-21-in məşqlərini izləyirdik. Əvvəlki vaxtla indiki arasında şərait baxımından böyük fərq var. Əvvəl təlim-məşq toplanışları az olurdu, gənclər əsas heyətə az-az düşürdülər. İndi 21 yaşlılar məcburən əsas heyətdə oynayır. Hər komandadan heyətdə 3 futbolçu olursa bunu 8 kluba vursaq 24 edər. Əvvəl isə onların məşqlərinə baxıb götürürdük. Tək-tük hallarda bu yaşda futbolçular əsas heyətdə oynayardı. mənfi cəhət? Biz istərdik ki, bu futbolçular tez yetişsin. Həm də xarici klublarda oynasın, Azərbaycan çempionatında deyil. Düzdü indi U-21-ə Hollandiyadan futbolçu cəlb etmişik. Ancaq onlar, o səviyyədə deyillər axı. Birdən-birə nəticə əldə edə və bunu məşqçinin qarşısına tələb kimi qoya bilmərik. Gənclərimiz Azərbaycan çempionatında oynamaqla gedib Avropada yer tuta bilməz. Menecerlərimiz onları xaricə satmalıdılar. Niyə Araz xaricdə oynamasın? Bizdə elə yaxşı gənclər var ki...

- Rəşad Sadıqovun yığmadakı işini necə dəyərləndirirsiz?

- Əlbəttə çətindi (gülür). Gəlin açıq danışaq, bir tərəfdən oynayır, digər tərəfdən məşqçilik edir. İşində Qurban Qurbanova da kömək edir. İnanıram ki, onun vaxtı yoxdu. Özümüz də söhbət etmişik, onun üçün çox çətinlik var.  Oynamaq və məşqçilik başqadı. ikisi birlikdə çətinlik yaradır. Fikirləşin ki, saatyarım, 2 saat fiziki məşq edir, güc itirir. Sonra gəlib eyni müddətdə də ayaqüstə dayanıb məşq keçir. Beyin, əzələ yorulur. Sən istirahət etməlisən, qidalanmalısan? "Qarabağ"da bütün oyunlarda meydana çıxır, Avropada oyayır, sonra məşq keçir. 

- Bunun hansı fəsadları ola bilər?

- Nə qədər ki, işlər qaydasındadı, deyəcəyik ki, yaxşıdı. Pis olanda deyəcəyik "pisdi". İki işə çatdırmaq, çox çətindi. 

- Ona nə məsləhət görərdiz? Karyerasını bitirməlidimi?

- Futbolçu kimi çox bəyənirəm, U-19-da rəhbərliyim altında oynayıb. Münasibətimiz də yaxşıdı. Həm insan, həm də futbolçu kimi üstün cəhətləri çoxdu. Rəşad özü istəsə, məşqçi olacaq. Bu mənada dəstəkləyirəm. O ki, qaldı iki işi birdən yerinə yetirməyə... Şəxsi fikrimdi, ona məsləhət görərdim ki, birini seçsin. İki işdən yapışmaq... Bilirsiz, o biri işdən də qalırsan... Mən fikirləşdiyimi deyirəm. Ola bilər kiminsə xoşuna gələr, ya əksinə. Ancaq mən Rəşadı istəyib deyirəm. Ona hörmətim böyükdü. Amma ya oynasın, ya da məşqçilik estin. Fikrimi heç yerə yozmaq lazım deyil. Özü də yaxşı bilir ki, çətindi. Özü köklənməlidi, uşaqları hazırlamaq lazımdı. Əlbəttə, rəhbərlik elə istəyibsə, nə deyə bilərik. Can onun, iş onun.

- 8 komandalı çempionatımızı bəyənirsiz?

- Mən də istərdim ki, komandamız çox olsun. İndi klublarda şərait yoxdu. Həm Premyer Liqada, həm Birinci divizionda klubların əksəriyyəti SOCAR tərəfindən maliyyələşdirilir. Amma biz istəməklə həyata keçərmi? Bir komanda ilə 4 dəfə oynamağın mənası yoxdu. 16 komanda olsun. Hər komanda rəqiblə  bir dəfə evdə və səfərdə qarşılaşsın. Bunun faydası daha çox olar. Bir yeməyi iki dəfə ardıcıl yeyə bilərsiz? Şərait yoxdu, uşaq azdı. Bu mənada 8 komanda ilə oynamağa məcburuq. hər şey şəraitdən asılıdı.

- Çempionatın tempi əvvəlki illərlə müqayisədə düşübmü?

- Mövsüm yeni başlayıb. Hələ nəsə demək olmur. Keçən il "Zirə" necə çıxış edirdi, indi necədi? "Sabah" 2 oyun qələbə qazanıb, 6 xalı var. Çempionatımız hələ qızışmayıb. Qarşıdakı günlərdə nəsə demək olar. hamımız istərdik ki, bizdə də İtaliya, Fransadakı İngiltərədəki kimi çempionat olsun. Biz peşəkarıqsa gündən-günə istəməliyik. Yaxşı komandalar ortaya çıxarmalıyıq. O zaman hamımız işlərimizdə "artırarıq". Bir-birimizdən asılı insanlarıq. Kömək etməliyik, əl tutmalıyıq ki, irəli gedək. 

- Məşqilər Komitəsinin qarşıdakı planları necədi? Nə yeniliklər gözlənilir?

- Vallah, təkliflərimiz çoxdu (gülür). Fikirlərimiz həmişə müsbət olub. Çalışmışıq ki, köməklik göstərək, klublarımızda irəliləyiş olsun. Həmişə, yığılıb iclas edirik. Milli komandalarımızın oyunlarında iştirak edirik, klubların Avropadakı çıxışlarını izləyirik. Tövsiyələrimizi çox vermişik. Sadəcə, tövsiyələrimizi həyata keçirmək üçün, yaxşı insanlar, savadlı məşqçilər, işinə can yandıranlar lazımdı. Hamımız maariflənməliyik. Eyni nöqtəyə vurmalıyıq. Bir olsaq, bütün istədiklərimiz həyata keçər. Bizim işimiz harda görünəcək? Yığma və klublarımız yaxşı çıxış edəndə. Pis oynayırlarsa, nəticə yoxdusa, bu o demək deyil ki, komitə işləmir. Çox tələsirik, bu isə bizi işimizdən ayırır. 6 ay işləyirik, deyirik ki, "niyə nəticə yoxdu?". Fikri həyata keçirmək üçün vaxt lazımdı.  hamımız bir-birimizin sözünü başa düşməliyik. Yoxsa, misal üçün Şakir bir söz deyəndə Vaqifin, o da nəsə danışanda Ağasəlimin xoşuna gəlmir. Bir-birimizə dəstək olmasaq nə klubların, nə də yığmaların işi düzgün gedəcək. Bayaq Tərlandan danışdıq. Nəyə görə deməyim? Belə olsa nəticə də əldə edərik və bir-birimizi uzaqdan görəndə qaçmarıq.

- Məşqçilər Komitəsində boş yerlər vardı. Onların doldurulması gözlənilir, yoxsa ehtiyac duyulmur?

- Bunu AFFA rəhbərliyi bilər. Özünüz bilirsiz ki, ora hər adamı götürmürlər. Məşqçilər Komitəsinə seçilmək istəyən yığmada və klublarda çalışmalıdı. Lisenziyası olmalıdı. Qaydalr belədi ki, ora layiqli adam seçilməlidi. Bunlara uyğun olsa, götürə bilərlər.

Sport7.az

Xəbər lenti