Samir Abasov: "Mətbuatın da bu məsələni şişirtməsi..."

Samir Abasov:
"Zirə"nin baş məşqçi postuna yeni təyin olunmuş Samir Abasov son oyunda baş verənlərdən danışıb.

O Sport7.az-a açıqlamasında həm texniki məğlubiyyət, həm də komandanın durumu haqda fikirlərini bildirib: "Dünəndən etibarən "Neftçi" ilə oyunun hazırlıqlarına başlamışıq. İki futbolçumuz, legionerlər, Dedovla Bilal zədəlidi, onların komandaya qoşulması gözlənilir. Bu da həkimin cavabından sonra bilinəcək. Durumdan xəbəriniz var. Son turda 1:1 oynadıq. Ancaq bir səhv texniki məğlubiyyətlə nəticələndi. Oyundan-oyuna fərq var və hazırlaşacağıq. Əfsuslar olsun, bu yoldaşlıq görüşləri deyil ki, rahat olaq. Əndişəmiz, narahatçılığımız ona görədi ki, bu çempionat matçıdı. Edə biləcəyimiz nəsə yoxdu. Ya səbr etməliyik, ya panika olmalıdı. Ona görə də panika etmək fikrimiz də yoxdu. İnanıram ki, səbrlə istəyimizə çatacağıq".

Samir bəy futbolçuları psixoloji gərginlikdən çıxarmaq üçün hansı addımlar atacağı ilə bağlı suala belə cavab verdi: "İşimiz-gücümüz ancaq bunlarla danışmaqdı. Əla, super oyun da oynamadıq ki, texniki məğlubiyyətin acısını çəkək. Oyunumuz da hələlik o səviyyədə deyildi. Amma ən azından xal qazanmışdıq. Futbolçuları da başa düşürəm, yeni komanda və baş məşqçi ilə çalışırlar. Nə qədər top olursan ol, bu 1-2 oyunla aradan qalxan deyil. Amma hazırkı məqamda, qış fasiləsinə qədər bəxt hesabına və düzgün oyunla nəsə etmək olar. Bunlar peşəkar futbolçulardı. Uşaqlar da başa düşürlər ki, olanları geri qaytarmaq mümkünsüzdü. Digər tərəfdən, onlar da "dünyanın sonudu, xalımızı əlimizdən aldılar" deyə, pis vəziyyətdə deyillər. Hər şeyi öz axarına qoyacağıq".

Bəs texniki səhvin məsuliyyətini kim öz üzərinə götürdü?: "Bundan əvvəl çalışdığım klubda da, indi də protokolu demək olar eyni adamlar yazır. Başqa klublarda da eyni qaydada yazılır. Müdaxilə söhbəti deyil, ümumiyyətlə bu haqda danışılası bir şey yoxdu. Komanda avrokuboklarda oynayıb, neçə ildi Premyer Liqadadı. Hə müəyyən səhvlər ola bilər. Amma sırf protokola bizim müdaxiləmizdən söhbət gedirsə, bu düzgün olmazdı. Yəni, sırf mexaniki səhv olmuşdu. Yəni, futbolçunun lisenziyası hakimlərin əlindədi. Sadəcə yazı gətirib texniki məğlubiyyətə çıxardı. Doğurdan da bunu anlamıram. Heç başa düşmək də istəmirəm. Kimlər ki, texniki məğlubiyyəti protokola yazıb, istər 4-ü hakim və ya digərləri olsun, onlar tərəfindən bağışlanmaz səhv kimi qəbul edirəm. Ən azı xəbərdarlıq edə bilərdilər, çünki onu görürdülər. Ancaq niyə demədiklərini bilmədim. Bəlkə onlara sərf edirdi. Üstəlik rəqib də bunu görmüşdü və köməklik edib mənə deyə bilərdilər. Niyə deməyiblər bilmirəm, bəlkə də görməyiblər. Hakimlər isə konkret onların səlahiyyətində olmadığını söylədi. Çünki faktiki futbolçu ehtiyat oyunçular skamyasında oturmuşdu. İlk hissə bitəndən sonra AFFA nümayəndəsi Namiq Məstanov dedi ki, o "futbolçunu kənara çəkin, problem ola bilər" nə bilim nə.  Yəni görürsüz ki, qələm əlimizdədi, hər şey qaydalar çərçivəsindədi, futbolçu limitini pozmamışıq. Amma gətirib texniki məğlubiyyət verirsiz. Daha nə edək, qayıdası deyil. Olan oldu. Bilirsiz necədi, oyundan əvvəl köməkçilərim komandaya gələn kimi siyahını götürürlər. Çünki limiti aşa bilərik. Sarı vərəqələri də qeyd edirlər. Mətbuat katibindən də rəqibin limitinə baxmasını, kimlərin oynayıb-oynamadığını tələb edirlər. Yenə də deyirəm, iş limitdə, vərəqələrdə deyildi, yazıda idi ki, bunun da ağır cəzasını gördük. Maşallah olsun, işlərində nə qədər məsuliyyətli olduqlarını göstərirlər. Arzum budu ki, sonrakı işlərinə də bunu göstərsinlər. Nəinki protokol, digər məsələlərdə də belə məsuliyyətli olmalarını gözləyirik".

Abasov məsələnin mətbuatda da çox şişirdildiyini söylədi: "Bilirsiz ki, məsələn mediada da nələr yazılıb və araşdırılıb. Amma məncə bunu başqaları araşdırmalı idi. Nələr üzə çıxıb, bu adamlar sakit qalıblar. Amma təkcə bu məsələdə maşallah olsun, oyun bitməmiş saytlar artıq protokolların şəkilərini yerləşdirmişdi. Cəmi bir sayt əməkdaşı bunu demişdi. Qalanları bunun yazı səhvi olduğunu qabartmadı. Fakt "CBC Sport"da da canlı yayınlanmışdı və uşağın ehtiyat oyunçular skamyasında oturduğu görünürdü. Futbolçunun lisenziyası da 4-cü hakim Əliyar Ağayevin əlində idi. Ancaq dərhal məsələ saytlarda işıqlandırıldı, ajiotaj yaradıldı. İnanıram ki, Azərbaycan futbolunda bundan sonra bütün baş verənlərə də belə ciddi yanaşacaqlar. Düzdü media informasiyanı yayımlamalıdı. Buna görə onları günahlandıra bilmərəm. Eyni zamanda anlayışla qəbul olunmasını da gözləyirdik. Çünki adam özü birinci dəfədi protokol yazdığını deyib. Bəlkə də medianın da bizi anlayışlı qəbul etməsi, gətirb texniki məğlubiyyətə çıxarmazdı. Amma mətbuatın bu məsələni şişirtməsi... Bəlkə qərarı çıxaranlar mediadan da çəkinirlər ki, cəza verməsələr tənqid olunacaqlar. Bu da mümkündü. Sonda cəzanı çəkən "Zirə" oldu. Deyirsiz protokol hakimin əlindədi. Amma limit yazılmayıbsa və lisenziya hakimin əlindədisə, ən az xəbərdarlıq edilir. Sanki gözləyirdilər ki, oyun başlasın, dərhal çatışmazlığı yaysınlar. İndi, nə fikirləşək? Başa düşürəm, legioner limitini pozsaydım, buna heç nə demək olmazdı. Məsələn Elxan Abdullayev limiti pozmuşdu, onları da anlayıram. Vallah, hamımız insanıq. Bəzən olur ki, jurnalist məqalədə "A" hərfinin əvəzinə "E" yazır. Fakt da budu ki, mənim köməkçim də məhz qələm səhvi edib. İnsanıq də, hamıda belə səhvlər olur. Nə isə, bunu uzatmaq fikrim də yoxdu. Olan oldu, "Neftçi" ilə oyuna hazırlaşırıq".

Mütəxəssis komandanı bu durumdan çıxarmaq üçün çalışdıqlarını söylədi: "Bunun bizə nə yaxşı, nə də pis tərəfdən təsiri olacaq. İndi elə vəziyyətdi ki, istənilən komandaya böyük hesabla uduza və ya onu məğlub edə bilərik. Hansı halda məğlub edə bilərik? Futbolçular çıxsınlar meydana, tapşırıqları düzgün yerinə yetirsinlər və qələbə qazansınlar. Hazırda belə deyim, futbolçular kompüterdə olduğu kimi "formatlanma" dönəmindədi. Hamısından yeni şeylər tələb olunur. Özünüz də görürüsüz böyük məşqçilər də gedib hansı vəziyyətlə üzləşirlər. Özümü sığortalamıram, sadəcə indiki durumu deyirəm. Bu bir-iki günə həll olunası məsələ deyil. Sizinlə razıyam, komandanı ümumi psixoloji vəziyyətdən çıxarmalıyam. İlk oyun "Səbail"ə qarşı idi. Bu rəqibin də çıxışını gördüz.  Mövsümün əvvəlindən bəri olan çıxış da komandada psixoloji gərginlik yaradıb. Son oyundakı heç-heçə komandanı özünə gətirə bilərdi. Ancaq bir texniki səhvə görə yaranan problem də psixoloji gərginliyin üstünə gəldi və futbolçular "yükləndi".

Baş məşqçi komandanın fizki hazırlığı ilə bağlı sualı da bu cür cavabladı: "Yox indi bu haqda danışmağım düzgün deyil. Ən azından məndən əvvəlki məşqçiyə qarşı etik normaları pozmuş olaram. Ona görə də danışmaram. Həm də ən azı futbolçuların bəziləri yığmanın düşərgəsindən qayıdıb. Hə, bəzi oyun üslubunda həddən artıq fiziki çalışma tələb olunur. Bəzilərində də rəqib yorulur. Hazırda komandanın oyununu düzəltməyə çalışıram. Yəni, oyun üslubunda köklü dəyişikliklər edəcəm. Yaxşı ya da pisdi demirəm, sadəcə, "Zirə"nin əvvəlki üslubu mənə uyğun gəlmir. Öz üslubumu aşılayıb, bunun bəhrəsini görməyə çalışacağam".

Sport7.az

Xəbər lenti