Samir Abasov: “Səbail”ə xəyanət edə bilərdim”

Samir Abasov: “Səbail”ə xəyanət edə bilərdim”
"Zirə”nin yeni baş məşqçisi Samir Abasov bu gün jurnalistlər üçün brifinq keçirdi.
 
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşq edən "qatrallar”ın yeni çalışdırıcısı mətbuata da vaxt ayırdı.
 
- Artıq dünəndən məşqlərə başladıq. 3 futbolçumuz milli komandalarda olduğu üçün ümumi iclasımız baş tutmadı. Sadəcə, tanışlıq xarakterli görüş keçirdik. Məşqlərə başladıq, təəssüratlarımız da normaldır. Hiss olunur ki, futbolçular canla-başla hazırlaşırlar. Komandada əhval-ruhiyyə problemi var ki, onu da inşallah, 10-15 günlük fasilədə aradan qaldırmağa çalışacağıq. Kollektivdə legioner və yerli futbolçular var və çalışacağıq ki, ümumi dil tapaq.
 
- Ayxan Abbasovla danışaraq, halallıq alacağınızı demişdiniz. Danışığınız baş tutdu?
- Ayxan müəllimlə əlaqə saxlamağa çalışırıq. Klubdan mənə dedilər ki, burda deyil. Ən yaxın dostları ilə də maraqlanmışam. O gündən zəng edirik.
 
- Artıq Bakıya qayıdıb.
- Onunla mütləq danışacam.
 
- Müdafiənin mərkəzində Adil Nağıyevlə Sadiq Quliyev kimi gənc futbolçular çıxış edir. İlk iki turda onların təcrübəsizliyi özünü göstərdi. Bu və digər mövqeylərdə transferlər gözlənilir?
- Bəli, problemlər var. Həmin futbolçular zəif deyilər, amma güclənmək lazımdır. Artıq siz də bizi başa düşün: bütün çempionatlar başlayıb, avrokuboklarda qruplar bəllidir. Biz çöldə qalanları kluba gətirə bilmərik. Bu, həm komandaya, həm də işimizə ziyan olacaq. Çalışacağıq ki, ən yaxşı varianta baxaq. Qıraqda qalan legioneri götürüb, əziyyətini çəkmək istəmirik. Ola bilsin ki, qışda rəhbərliklə transferlərlə bağlı söhbət edib, danışacağıq.
 
- "Sumqayıt”da yerli futbolçularla işləmisiniz. "Zirə”də isə legionerlər də var. Komanda ilə necə dil tapacaqsız?
- Tapacağıq, burda problem yoxdur. Burada bir dil var: futbol dili. Çalışacağıq ki, tapaq. Özümüzdə də dil problemi yoxdur.
 
- "Zirə”nin legionerləri yerli futbolçulardan nə dərəcədə güclüdürlər?
- Bu barədə nəsə deyə bilmərəm. Çünki komanda artıq yığılıb. Mən belə bir komandanın olduğunu bilərək, bura gəlmişəm. Şikayətlənsəm, danışsam, düzgün çıxmaz. Əlimizdə olanlarla işləyəcəyik. İstəmirdinsə, niyə gəlirdin? Legionerlərin nazları ilə oynamaq fikrimiz yoxdur. Oynamayacaqlarsa, qapılarımız açıqdır, hər zaman göndərəcəyik.
 
- Qarşınıza hansı hədəflər qoyuldu?
-  Bura gəlməkdə səbəbim klub rəhbərliyi oldu. Ürəyəyatan, xoş və futboldan anlayışı olan klub rəhbərliyimiz var. Danışanda görürəm ki, düzgün və uzaqgörən fikirləri var. Bu dəqiqə desəm ki, hədəf budur, hədəf bu deyil - düzgün çıxmaz. Çünki qarşımıza şərtlər qoyulmayıb. Hər oyuna çıxıb, udmalıyıq. Avropa Liqasına vəsiqə qazanmaq şərt olmasa da, lazımlıdır.
 
- "Qəbələ” ilə müqavilə imzalayacağınız gözlənilsə də, "Zirə”yə gəldiniz. Hadisələr sizin üçün gözlənilməz oldu?
- Açığı, mənim "Qəbələ” rəhbərliyi ilə görüşüm olmayıb. Həqiqətən də bu, baş verməyib. Bu şayiələr mətbuatda dolaşırdı. Mən buna normal yanaşıram. Çünki kənarda qalan məşqçilərin adları klublarla hallanır. O dönəmdə mən işsiz idim, "Qəbələ” də baş məşqçisiz. Ən çox adı hallananlardan biri mən olsam da, klubla görüşümüz olmayıb. Çoxları deyirdi ki, işsiz qalmağım çox çəkməz. Görünən odur ki, düzünü dedilər, 2 ay keçdi və yeni işdəyəm.
 
- Xaricə gedə biləcəyinizi də demişdiniz. Ora yollanmağa sizə nə mane oldu?
- Bəli, demişdim. Reallıq var. Azərbaycanlı məşqçilər Avropada reytinqli deyillər. Klublar daha çox İspaniyadan, Xorvatiyadan və digər futbol ölkələrindən mütəxəssislər götürürlər. Sən nə qədər güclü və savadlı olsan da, durum belədir. Sənə orda qucaq açan yoxdur, özün ora getmək üçün yollar tapmalısan. Agentlərlə söhbət etmişəm, axtarırlar, işləyirlər. İnşallah, belə variant olsa, "Zirə” rəhbərliyi də problem yaratmaz. Amma buna zaman lazımdır.
 
- "Səbail”lə danışıqlar aparmışdınız. Maraqlıdır, onların büdcəsi "Zirə”dəkindən 2 dəfə çoxdur. Siz nə üçün belə bir seçim etdiniz?
- Mən büdcə məsələsini araşdırmamışdım. "Səbail”də çox yaxşı rəhbərlik var. Həmin dönəm qazan qaynamışdı. "Sumqayıt”da yorulmuşduq, dincəlmək istəyirdim. Yeni nəfəslə çalışmaq istəyirdim. Başım yorulmuşdu, tam formada çalışmamaqla "Səbail”ə xəyanət edə bilərdim. Ona görə də təklifi qəbul etmədik. Bu, sırf mənim seçimim oldu. "Səbail”lik nəsə yoxdu.
 
- "Zirə”də legionerlər də var. Onlarla işləmək çətindir, yoxsa yalnız yerli futbolçularla?
- Yerlilərlə rahatdər, çünki ümumi dildəsən. Legionerlər kənardan gəlir. Yerli futbolçuları isə kənarda tanıyırsan. Hamıya bələdik. Əcnəbi futbolçuları isə video vasitəsilə tanıyırıq. Onların agentindən məsləhət alırıq. Amma bura gələndən sonra legionerləri daha yaxından tanımaq olur. Nə qədər legionerlər olub ki, problemləri çıxıb. Həyat tərzləri və ya onlar bizi bəyənməyiblər. Əcnəbi oyunçularla işləmək çətindir.
 
- "Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsqə qazandı. Bu barədə fikirləriniz necədir?
- Mən demişdim ki, "Qarabağ” qrupa düşəcək, rahat qalib gələcək. "Qarabağ” formalaşmaqdadır, dirçəlişdədir. Yeni futbolçular var, uyğunlaşırlar. Azərbaycan komandasıdır, sevinirik, getdikcə daha yaxşı "Qarabağ” görəcəyik. (Futbolinfo)
 
Sport7.az
 

Xəbər lenti