Samir Əliyev: "Lazım olanda "Qarabağ" rəqiblərini bir ayaqla məğlub edir"

Samir Əliyev:
Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Səbail" "Qarabağ"ın qonağı olacaq. 

Komandanın avrokuboklara getmək və ya çempionluq kimi məqsədləri olmasa da hər oyunda əzmkarlıq göstərməsi ilə fərqlənir ki, bu da rəqiblərin ehtiyatlı davranmasını şərtləndirir. Bəs güclü rəqibə qarşı necə hazırlaşıblar?

Baş məşqçi Samir Əliyev Sport7.az-a açıqlamasında bu suallarımızı cavablandırdı:


"Komandada salamatçılıqdı. Yalnız Yevgeni Koçuk oyunu buraxacaq. Yüngül zədəsi olduğu üçün oynatmağa risk etmirik. Hazırlıqlar da həmişəki kimidi. Güclü rəqibə qarşı oynayırıq. Heyətdə dəyişiklik ola bilər. Çünki komandada oynamayan futbolçular var. Yəqin ki, ən azı 3 dəyişiklik olacaq. Onlara şans verəcəyik. Oyun üslubu, sistem baxımından isə dəyişiklik olmayacaq. 

Əhval-ruhiyyə yaxşıdı. Ümumiyyətlə "Səbail"də həmişə belə olur. Çünki rəqiblərin bizdən güclü olduğunu başa düşürük. "Boşalma" ehtimalı yoxdu. Ələxsus da "Qarabağ"la oyunda. Hər futbolçu meydana çıxıb özünü göstərmək istəyir. Çünki Qurban Qurbanov həm də yığmanın baş məşqçisidi. Ən çox da yerlilər bacardıqlarını ortaya qoymağa çalışırlar. Məqsəd hər oyun vuruşmaqdı. Rəhbərlikdə hamı futboldan anlayan insanlardı. Bu il yaxşı təcrübə qazanmağa çalışırıq. Oyundan-oyuna futbolçular az da olsa "artırırlar".

Hər komandaya qarşı oynamaq mümkündü. Amma "Qarabağ"ın son vaxtlar öz oyununu oynamaması ilə bağlı fikirlərlə razı deyiləm. İstədiyi vaxt tempi artıra və azalda bilir. Son oyunlarına baxmışam. Doğurdan da qol vəziyyətləri çox olur. Sadəcə, sonuncu oyunda "Qarabağ"ın bəxti gətirmədi. Amma oyun baxımından problemləri yoxdu. Lazım olanda "Qarabağ" rəqiblərini bir ayaqla məğlub edir.

Sport7.az

Xəbər lenti