Samir Əliyev: "Ola bilər ki, bundan əvvəl kimlərsə "maxinasiya" edib"

Samir Əliyev:
Yay fasiləsində xaricdə toplanış keçən komandalardan biri də "Səbail" oldu. Bu üzdən demək olar sıfırdan formalaşdırılan debütantın yeni mövsümə nə dərəcədə hazır olub-olmadığını öyrənmək üçün baş məşqçi Samir Əliyevlə danışdıq.

Əliyev Sport7.az-a müsahibəsində hazırlıqla bağlı bunları söylədi:

- Yay hazırlığını necə dəyərləndirirsiz?

- Çox yaxşı hazırlıq keçdik. Özümüzdən qat-qat güclü rəqiblərlə oynadıq. Düzdü, məğlub olduq, amma uşaqların hazırlığından, istəklərindən və məşqlərə münasibətindən razı qaldım. Bəzi xırda detalları çıxmaq şərtilə ciddi narazılığımız olmadı. Güclü rəqiblərlə görüşdə səhvlərimizi, nəyin üzərində işləmək lazım olduğunu gördük.

- Komanda yeni mövsümə neçə faiz hazırdı?

- Hazırlıq hədəflə götürülür. Bizim də böyük hədəflərimiz yoxdu. Komandanın durumu getdikcə düzələcək. Hələ ki, xeyli çatışmazlıqlar var. İndi neçə faiz, nə dərəcədə hazzır olduğu haqda nəsə deyə bilmərəm. Qarşılşamalardan asılı olacaq. O zaman nə dərəcədə hazır olduğunu görəcəyik. Çünki iki aydı yeni kollektiv formalaşır. Bildiyiniz kimi 0-dan komanda yığdıq. Uyğunlaşma baxımından çatışmazlıqlar var. Çünki yeni legionerlər hələ öyrəşməyib. Onların bir-birinə uyğunlaşması üçün vaxt tələb olunacaq. 

- Minimum hədəf nədi?

- Avroliqaya düşməkdən söhbət gedə bilməz. Yəqin ki, premyer-liqada qalmaq uğrunda mübarizə aparacağıq. Əsas odu yaxşı komanda formalaşdıraq. Hələ Avroliqa haqda düşünmürük. Buna nə büdcəmiz, nə də heyətimiz yetərlidi. Bunun üçün ən azı 1-2 il əvvəldən hazırlaşmalısan. Hədəfin olmalıdı. Tutalım Avroliqaya vəsiqə qazandıq, bəs sonra?

- 8 komandalı çempionat da sizi ümidləndirmir ki, şansınız ola bilər?

- İnanmıram olsun. Məqsədimiz premyer-liqada qalmaq uğrunda mübarizədi.

- Yeni transferlərin hazırlığından nə dərəcədə razı qaldız?

- Lap yeniləri də qoşulub. Bu yaxınlarda kimlər olduğunu biləcəksiz. Nəinki yenilər, 1-2 ay əvvəl gətirdiyim futbolçular belə uyğunlaşa bilmirlər. İstədiyimiz komandanı formalaşdırmaq üçün vaxt lazım olacaq. Amma bu o demək deyil ki, asan təslim olacağıq. İlk turlarda nələr olduğunu görəcəyik.

- Ümumilikdə neçə legioner olacaq?

- 5-6 legioner olacaq çox güman.

- Qapıçılardan biri iranlıdı...

- Hazırda 3 qapıçımız var. Emil Balayev, Elxan və iranlı. Elxanı "Mil-Muğan"dan dəvət etmişik. "Bakı"nın yetirməsidi. İranlı da gənc və perspektivlidi. Əslən Təbrizdəndi, yəni azərbaycanlıdı. Dilimizi də bilir, mən sizinlə necə danışıramsa o da mənimlə elə danışır.

- Onlardan hansı əsas heyət qapıçısı olacaq?

- Çox güman Balayev olacaq. Amma bu birilər də zəif deyil. Mübarizə gedəcək. Biz də bunun tərəfdarıyıq. Emil hiss etməsin ki, təkdi. 

- İddialara görə həmin iranlı qapıçı hərbi xidmətdən yayınmaq üçün bura gəlib və kimlərinsə əli ilə "Səbail"ə transfer olunub. Bununla bağlı nə düşünürsüz?

- Açığı kim nə deyirsə, öz fikridi. Onu bacarığına baxıb götürürük. Əsgərlikdən qaçır yoxsa nə edir bilmirəm. Ola bilər ki bundan əvvəl hansısa klublar, kimlərsə "maxinasiya" edib. Amma nə qədər ki, "Səbail"də varam belə şeyə imkan vermərəm. Kimdənsə pul, yaxud əsgərlikdən qaçdığına görə oyunçu götürək, belə söhbət yoxdu, heç olmayacaq. 1996 təvəllüdlüdü, azərbaycanlıdı. Onun burda qohumları var. Azərbaycan vətəndaşlığı alıb, yığmamıza da kömək edəcək. İnşallah, yığmaya dəvət alacaq. Çox perspektivlidi. Bu il limit 1996-cı illərə aid olduğu üçün bizə lazım idi. Heyətdə ən azı bir nəfər 1996 təvəllüdlü futbolçu oynamalıdı. 

- Transfer məsələləri qapanıb, yoxsa yeni futbolçular gözlənilir?

- Çox güman olacaq. Avqustun sonuna qədər vaxt var. Əlavə futbolçu lazım olacaqsa transfer edəcəyik. Xeyli futbolçumuz var. Yenə də baxacağıq.

- İlk oyuna hazırlıq necədi? Komandada həyəcan varmı?

- Hələ ki, həyəcan görmürəm. Məncə heç bir həyəcan yoxdu. Təlim-məşq tolanışında olduğu kimi hazırlaşırıq. Xüsusi nəsə yoxdu. Onsuz da qaçacaq yer olmadığını bilirik. Çünki bütün komandalarla oynamalıyıq.

- Komandanı yığmağa başlayanda bildirmişdiz ki, birinci divizionda "Səbail"də iştirak etmiş futbolçulardan kim qane etsə komanda ilə qalacaq. Belə futbolçular oldumu?

- Ordan 4 futbolçu saxladıq. Bunlar Emil Balayev, Elton Yaqublu, Orxan Qurbanlı və Təyyar Məmmədovdu. Gördüyümüzə, düşüncəmizə görə götürdük onları. Açığı, daha bir neçə futbolçu saxlamaq istəyirdik, amma danışıq apardığımız digər oyunçularla razılaşdıq deyə onlara ehtiyac olmadı. Həm də futbolçuların sayı 25 nəfəri keçib. 

- Əvəzedicilərə qatmaq olmazdı?

- Olardı, amma gənclərin də qarşısını kəsmək düzgün deyil. Yenə də bir neçə futbolçu var ki, nəzarətimizdədi. Hətta bəziləri ilə söhbət etmişəm ki, öz üzərlərində işləsinlər.

Sport7.az

Xəbər lenti