Samir Musayev: "Dadaşovda qeyri-adi istedad yoxdu"

Samir Musayev:
Qarşıdan yığmanın oyunları gəlir.
 
Hazırda gündəmdə olan məsələlərdən biri də baş məşqçi Qurban Qurbanovun son iki matçdan sonra heyətə kimləri dəvət edəcəyidi. İstər mətbuat, istərsə də azarkeşlər həmin heyətə hazırda Almaniyada çıxış edən Rüfət Dadaşovun da dəvət olunmasını istəyir. Bəs Rüfət komandamız üçün nə dərəcədə faydalı ola bilər? Ümumiyyətlə onun oyun üslubu yığmaya uyğun gəlirmi?
 
Bu suala veteran hücumçu Samir Musayevdən cavab aldıq. Samir bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Səhv etmirəmsə, U-21-in heyətində onun oyununu bir dəfə görmüşəm. Yığmaya faydası olar ya yox, əlbəttə bunu Qurban müəllim daha yaxşı bilər. Dadaşovun onun sisteminə uyğun gəlib-gəlmədiyini mən deyə bilmərəm. Rüfətə gəlincə, hansı komandaya baxır necə hücumçu sərf edir. Elə komandalar var ki, Dadaşovun üslubunu, eləsi də var ki, fərqli stil tələb edir. Bəlkə Dadaşov Qurban müəllimin oyun stilinə uyğun gəlmir deyə onu yığmaya çağırmır. Ən azından o Avropa məktəbi görmüş hücumçudu. Bəlkə də faydası dəyə bilər. Nəinki yığmamız, ümumiyyətlə, son vaxtlar Azərbaycan futbolu hücumçu baxımından qıtlıq çəkir. Bir vaxtlar klublarda nə qədər legioner oynasa da, çempionatın bombardirləri məhz yerli futbolçular olurdu. İndi bombardirlər siyahısında 5 futbolçu varsa, onlardan biri yerli olar, ya olmaz. Bu, Azərbaycanın problemidi. Klublar, akademiyalar bunun üzərində çox işləməlidi. Qurban müəllimin tapşırığı ilə gələcək üçün yaxşı hücumçular hazırlanmalıdı. Hazırda əlimizdə Rauf Əliyev, Ramil Şeydayev və Rüfət Dadaşov var. Kənradan baxanda, bunların arasında Dadaşovun daha çox xeyir verə biləcəyini düşünmək olar. Çünki Almaniyada oynayır. Rauf formasından uzaqdı, həm də onun oynadığı klub Almaniyadakı ilə eyni deyil. Ramil Şeydayevin oynadığı Rusiya çempionatı da bizimkindən fərqlidi. Şəxsi fikrimdi, bunların arasında daha çox Dadaşov əsas namizəddi. Amma onun xeyir verib verməyəcəyinə qarışa bilmərəm. Səmimi deyim, Dadaşovda qeyri-adi istedad yoxdu. Sadəcə, onun üstünlüyü Almaniya çempionatında çıxış etməsidi".

Musayev Qurban Qurbanovun Arazı hücumçu kimi oynatması ilə bağlı bunları söylədi: "Əlbəttə, Araz hücumçu kimi effekt verə bilər. Mahir Mədətov bir qədər gəncdi. Amma Arazın çox faydası dəyər. Bilirik ki, o cinah yarımmüdafiəçisi mövqeyində çıxış edir. Amma şəxsi fikrimdi, Araz az öncə sadaladığım hücumçulardan daha çox fayda verər. Mərkəz hücumçusu kimi də oynaya bilər".

Sport7.az

Xəbər lenti