"Səbail"in gənc qolçusu: "Oyuna girəcəyimi gözləmirdim"

Azərbaycan Premyer Liqasında mövsümün ən gənc qolçusu sayılan "Səbail"in futbolçusu Ədilxan Qarəhmədovun "Report"a müsahibəsi: 

- Aprelin 14-də 17 yaş 313 günlüyünüzdə ikən Premyer Liqanın XXIV turunda "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdiyiniz matçda fərqləndiniz. Həmin vaxt hansı hissləri keçirirdiniz? 

- İlk qolumu "Neftçi"yə vurduğum üçün çox xoşbəxt idim. Çempionatda ən gənc qol vuran oyunçu olmağıma daha da sevindim. Fərqləndikdən sonra heç özümə inanmırdım. Bu qolun sevincini necə yaşadığımı bilmədim. 

- Özünüz barədə məlumat verərdiniz: Harada doğulmusunuz, futbola neçə yaşınızda və harada başlamısınız?

- Zaqatalanın Üçüncü Tala kəndində anadan olmuşam. Futbola həmin vaxt rayonumuzda fəaliyyət göstərən "Simurq"da başlamışam. Komandada ilk məşqçim Elnar Məmmədov olub. 5 il onunla çalışmışam, üzərimdə əziyyəti böyük olub, ondan çox şey öyrənmişəm. "Simurq" dağılandan sonra isə 2-3 ay futbolsuz qaldım. Daha sonra Bakının "Vətən" futbol məktəbinə gəldim. Orada isə məşqçim Elnur Zeynalov idi. Ona da çox şey borcluyam. Nəhayət, 2017-ci ildən "Səbail"dəyəm. Bu klubun müxtəlif yaş qruplarından ibarət komandalarında çıxış etmişəm. 

- "Neftçi"yə qolu meydana daxil olduqdan 4 dəqiqə sonra - 81-ci dəqiqədə hesabda 0:1 geridə olduğunuz vaxt vurdunuz. Baş məşqçi Atandil Hacıyevin sizə belə bir önəmli qarşılaşmada şans verəcəyini gözləyirdiniz?

- Aftandil müəllim, həqiqətən də, gənc oyunçulara üstünlük verir. Mən onunla çalışdığım üçün sevinirəm. "Neftçi" ilə matçın gərgin keçəcəyini bilirdik. Belə olan halda, hesabda da geridə olduğumuz üçün oyuna girəcəyimi gözləmirdim. Amma məşqçilərin mənə güvənməsi özümü də çox məmnun etdi. Bu şansı dəyərləndirmək üçün əlimdən gələni etdim. Çalışacağam ki, daha da yaxşı olsun. 

- "Neftçi" ilə oyundakı nəticəyə görə və qol vurduğunuz üçün əlavə mükafat aldınız?

- Bəli, mükafat nəzərdə tutulub. Amma kimsə qol vurduğuna görə əlavə mükafat almır.
 
- Yəqin ki, əvvəllər də Maykl Essyenin oyununu izləmisiniz? Onunla eyni komandada oynamaq necə hissdir? 

- Əlbəttə, onun oyunlarına baxmışam. Həqiqətən də, möhtəşəm futbolçudur. Essyenin təcrübəsindən yararlanmağa çalışıram. Məşq zamanı mənə çox köməklik göstərir, təcrübəsini bölüşür. 

- "Səbail" hazırda 35 xalla üçüncü pillədə qərarlaşıb. Komandanın Avropa Liqasına vəsiqə şanslarını necə dəyərləndirirsiniz? 

- Hər bir komandanın istəyi avrokuboklarda oynamaqdır. Biz də Avropa Liqasında çıxış etmək üçün hər matça ciddi yanaşırıq. İnanıram ki, qarşıdakı 4 oyundan yaxşı nəticələrlə ayrılıb, Avropa xəyalını gerçəkləşdirəcəyik. 

- Karyeranızla bağlı növbəti hədəfləriniz nədən ibarətdir? 

- Hər kəsdə olduğu kimi mənim də öz arzularım var. Ən böyük arzum əsas millidə çıxış etmək və karyeramı Avropada davam etdirməkdir. 

- Avropada hansı klubda oynamaq istərdiniz. Azarkeşlik etdiyiniz xarici klub varmı?

- Məşhur komandalarda oynamaq istəyirəm. Bəyəndiyim klub isə "Yuventus"dur.

- Kumiriniz hansı futbolçudur? 

- Kumirim fransalı yarımmüdafiəçi Hatem Ben Arfadır.

- "Səbail"in əsas komandası iki oyunda texniki qələbə qazanıb. Amma "Səbail-2" yaş limitini pozduğu üçün iki texniki məğlubiyyətlə üzləşib. "Neftçi-2" ilə ilk belə oyunda baş məşqçi məhz sizi oyundan çıxarıb başqa bir futbolçunu daxil etmişdi...

- Özüm 2001-ci ildənəm. Həmin vaxt məni meydandan çıxaranda həmin təvəllüddə başqa bir oyunçu yox idi. "Qarabağ-2" ilə görüşdə də texniki məğlubiyyət almışıq. Həmin anda isə meydana iştirak ərizəsində olmayan futbolçu daxil olmuşdu.

- Növbəti tur "Sumqayıt"la qarşılaşacaqsınız. Qələbə və əsas heyətdə yer alma şansınızı necə dəyərləndirirsiniz? 

- "Sumqayıt"la oyunun ağır keçəcəyini bilirik. Matça çox ciddi hazırlaşırıq. Start heyəti isə baş məşqçimiz təyin edəcək. Mənə şans verilərsə, özümü ən yaxşı tərəfdən göstərməyə hazıram. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR