Səlahət Ağayev:

Səlahət Ağayev: "Mahmud Qurbanovun üstünə elə düşüblər ki..." - MÜSAHİBƏ

Apasport.az "İnter" klubunun qapıçısı Səlahət Ağayevdən müsahibə alıb. Həmin müsahibəni sizlərə təqdim edirik.

- Sabah ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində "Şahdağ”la qarşılaşacaqsınız. Oyuna hazırlıq necə gedir?
- Komanda hazırlaşsa da, mən bu görüşdə meydana çıxa bilməyəcəm. Çünki zədəmi təzəlikcə sağaltmışam.
 
- Zədəniz ciddi idi?
- Əzələmdə yırtıq əmələ gəlmişdi. İndi hər şey qaydasındadı, məşqlərə başlamışam.
 
- Rəqibin I divizion təmsilçisi olduğunu nəzərə alsaq, "İnter” kimi iddialı komanda üçün mərhələ keçmək çətin olmamalıdı...
- Yəqin ki, baş məşqçi gənclərə şans verəcək. Rəqibin necə oynayacağını bilmək olmur. Çünki tanış komanda deyil. İstənilən halda, qələbə qazanmalı, mərhələ adlamalıyıq.
 
- Kubokun bu mərhələsini formal da adlandırırlar. Çünki Premyer Liqa klublarının əksəriyyəti aşağı dəstə təmsilçisi ilə qarşılaşırlar...
- Bu fikirlə razı deyiləm. Ötən mövsümü nə tez unutduq? "Araz Naxçıvan” "Simurq”u mübarizədən kənarlaşdırmadı? Bu cür sürprizlər hər dəfə mümkündü.  
 
- Son günlərdə gündəmdən düşmürsünüz. Xüsusilə, Norveçlə görüşdə qapıda Kamran Ağayevə deyil, sizə yer verdiyi üçün millinin baş məşqçisi əvəzi Mahmud Qurbanov bir növ tənqid hədəfinə çevrilib. Bu yerdəyişmə niyə bu qədər qıcıq yaradıb?
- Mənim qapıda dayanmağım baş məşqçinin qərarı idi. Əsas millidə oynamağı hər bir futbolçu istər. Dediyiniz müzakirələrlə tanışam. İzləyirəm, nə danışdıqlarına baxıram. Məgər, mən erməniyəm?! Azərbaycanlıyam, ona görə də qapıda dayanmışam. Bir başqasını milliləşdirib şans versəydilər, bu qədər şişirdilməzdi, qıcıq yaratmazdı. Niyə belə müzakirələr aparırlar, bilmirəm. Kamran yaxşı qapıçıdı. Amma kim hazırdırsa, qapıda da o dayanır. Beynəlxalq oyun təcrübəsinə gəldikdə, guya hansı futbolçumuz İngiltərə çempionatında çıxış edir? Hamı yavaş-yavaş təcrübə toplayır. Aşağı yaşlı yığmalarda daim qapıda durmuşam. Son 4-5 ildə Berti Foqts milliyə dəvət edib. Artıq 24 yaşım var, nə vaxt qapıda dayanmalıyam? Biri deyir təcrübəsi azdır, nə bilim nə... Təcrübə harda qazanılır. Evdə oturum ki, təcrübəm azdı. Yenə deyirəm, kim formadadırsa, o da oynayır. Avropada da belədi, əvəzedilməz insan yoxdu.
 
- Son illərdə qapıda daim Kamran dayanırdı. Bəlkə Berti Foqtsun istefasından sonra Qurbanovun onu ehtiyata göndərməsi bu qədər müzakirələrə səbəb oldu?
- Baş məşqçi kənardan daha yaxşı görür. Millidə oynamaq üçün gərək klubda da daim çıxış edəsən. Bu gün mən, sabah başqası qapıya keçə bilər. Bu dəyişiklik bəzilərini çox narahat edir. Kənardan gətirib oynatdıqları bu qədər səs-küyə səbəb olmur. Komandanı mən uduzdurmamışam ki... Məgər, Xorvatiya ilə oyunda 6 topu mən buraxmışdım? Uduzuruq, heç olmasa, yerli uşaqlar oynasın. Bu müzakirələr həqiqətən də adamı çox əsəbiləşdirir.
 
- Bəlkə sizin qapıda durmağa hazır olmadığınızı düşünürlər?
- Nə bilim? Klubumda oynayıram. Bacardığım qədər komandama kömək edirəm. Bu gün Avropanın aparıcı klublarında da dəyişikliklər olur. Petr Çex kimi qapıçı indi ehtiyatdadı. Onda gərək Mourinyonu topa tutsunlar ki, niyə belə qərar vermisən.
 
- Robert Prosineçkinin millinin baş məşqçi postuna real namizəd olması haqda nə deyə bilərsiniz?
- Bu, AFFA rəhbərliyinin qərarıdı. Seçimi onlar edir. Bizim işimiz futbol oynamaqdı. Sadəcə, Mahmud Qurbanovun üstünə elə düşüblər ki... Düz deyir də, Berti Foqtsun vaxtında heç kim ağzını aça bilmirdi. Elə vaxt olub ki, heyətdə 7-8 milliləşdirilmiş futbolçu çıxış edib, amma danışan olmayıb. İndi Mahmudun üstünə düşüblər. Mahmud 3 günə komanda yaradacaqdı? Gərək özümüz özümüzə dəyər verək. Yoxsa hamı bizə yuxardıan aşağı baxacaq. Burda deyirlər, Mahmud düz etmisən, üzlərini çevirən kimi arxasınca danışırlar. Razıyam, hərənin öz baxışı var. Ancaq şəxsi qərəzliyi olanlar, özümlə danışsın. Mən özümə güvənirəm, başımı salıb işimlə məşğul oluram. Yenə deyirəm, düzgün eləmirlər.


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR